"Ey şahin, mən sənə özümün heç bir şeyimi vermədim. Sadəcə kim olduğunu anlamana kömək etdim"
10-10-2025, 11:04

Bir kəndin yaxınlığından keçən müəllimin maşını xarab olur. O, kəndə gedib kömək almağı düşünür.
Kəndə girərkən, bir qoca kişinin çarpayıda oturduğunu və ətrafında toyuqların dən yediyini görür. Amma o toyuqların arasında qəribə bir şey diqqətini çəkir. Görür ki, balaca bir şahin balası da toyuqlar kimi yerdən dən dimdikləyir.
Təəccüblənir və qocaya yaxınlaşıb soruşur:
“Bir şahinin balası necə ola bilər ki, toyuq kimi davranıb yerə düşən dənləri dimdikləsin?”.
Qoca cavab verir:
“Bu balaca şahini dağların yaxınlığında yaralı halda tapanda cəmi bir günlük idi. Evə gətirdim, yaralarını sardım və toyuqlarımın arasına qoydum. Gözünü ilk açanda ətrafında cücə gördü və özünü də cücə sandı. Elə onlardan öyrəndi dən dimdikləməyi”.
Müəllim qocadan Şahin balasını istəyir:
“Xahiş edirəm, onu mənə verin, ya hədiyyə olaraq, ya da pul qarşılığında. Onun üzərində işləmək istəyirəm".
Qoca kişi balaca şahini ona hədiyyə edir. Müəllim maşınını təmir etdirib evinə dönür və təcrübəsinə başlayır.
Hər gün şahini damın üstünə çıxarır. Amma şahin hər dəfə qanadlarını yığır, başını aşağı salır və toyuq kimi yerə düşürdü. O hər gün onu qarşısındakı masaya qoyub deyirdi:
“Sən bir şahinsən, toyuq deyilsən. Gerçək kim olduğunu dərk et”.
Maraqlıdır ki, o bunu urdu, pəncab, sindhi, saraiki, puştu kimi bildiyi bütün dillərdə deyirdi:
“Sən bir şahinsən, toyuq deyilsən. Öz gerçək kimliyini anlamağa çalış".
Bu proses bir neçə gün davam edir.
Nəhayət, bir gün müdrik adam şahini ən hündür dağın zirvəsinə aparır. Yenə də deyir:
“Özünü tanı. Sən bir şahinsən".
Sonra onu uçurumdan aşağı atır. Şahin qorxudan qanadlarını bərk-bərk sıxır, başını aşağı salır və gözlərini yumur. Amma bir neçə saniyə sonra gözlərini açır və görür ki, yer hələ çox uzaqdadır.
İnstinktiv olaraq qanadlarını çırpır. Sanki üzməyi bilməyən biri çaya atılanda əl-qol atar kimi. Qısa müddət sonra havada özünü tarazlayır. Çünki uçmaq qabiliyyəti artıq Tanrı tərəfindən onun içinə yerləşdirilmişdi.
Bir neçə dəqiqə sonra yüksəlməyə başlayır. Daha yuxarı qalxdıqca sevincindən hayqırır. Az keçmədən müəllimin üzərində uçmağa başlayır və onu uçuran şəxsə dərin bir minnətdarlıq hiss ilə baxır.
Müəllim bu haldan çox məmnun olur:
“Ey şahin, mən sənə özümün heç bir şeyimi vermədim. Sadəcə kim olduğunu anlamana kömək etdim. Böyük qabiliyyətlər onsuz da sənin içində idi, sadəcə sən bunun fərqində deyildin".
Bu, insanlarda da belədir. İnanın, sizin içinizdə elə bir güc, elə bir enerji var ki, bunun fərqində deyilsiniz. Yaşadığınız hər anı özünüzü kəşf etməyə çalışın. Xırda hisslərlə yaşamayın. Onsuz da uca Tanrı hər şeyi görür. Siz siz olun, içindəki istedadı, gizli bacarıqları dərk edərək üzə çıxarın. Bacarıqlı olmaq o qədər də böyük məsələ deyil. Əsas olan odur ki, bacarığını necə istifadə edirsən.
Bir pritçanın əsasında hazırlanıb.
Teleqram
TEREF

