8 oktyabr 1967-ci il

17-10-2025, 08:08           
8 oktyabr 1967-ci il
Boliviyada partizan müharibəsinin təşkilinə çalışan Ernesto Çe Gevara hökumət qüvvələri tərəfindən əsir alındı və ertəsi gün güllələndi.
Dörd il Kubada sənaye naziri vəzifəsini tutan Çe Gevara 1965-ci ildə Kubanı tərk edərək hökumət əleyhinə partizan müharibəsinin getdiyi Konqoya yollandı. Amma bu üsyan elə həmin il yatırıldı.
Bir müddət Tanzaniyada qalan Çe sonra Çexoslovakiyaya getdi. Buradakı qapalı sanatoriyada (bərabərlik təbliğ olunan kommunizmdə sıravi ölümlülərin buraxılmadığı, yalnız hökumət adamları üçün nəzərdə tutulan çoxsaylı və müxtəlif profilli belə müəssisələr vardı) həmişə əziyyət çəkdiyi astmadan müalicə aldı. İyulda Çexoslovakiyanı tərk edərək dolayı yollarla Kubaya, oradan da noyabrda “yeni inqilab ocağı” yaratmaq üçün Boliviyaya getdi.
Amma Çe Boliviyada da uğur qazana bilmədi. Yerli kommunistlər belə silahlı üsyan ideyasına bədbin yanaşırdılar. Əhalinin partizanlara münasibəti mənfi idi, hökumət qüvvələrinə xəbər ötürürdülər. Buna görə də Çe öz ətrafına az-çox sanballı qüvvə toplaya bilmədi. Onun dəstəsinin sayı heç 100 nəfərə çatmırdı, xeyli hissəsi də özü ilə gətirdiyi kubalılar idi.
Sentyabrda partizanların iki qrupu məhv edildi, o cümlədən məşhur Hayde Tamara, Hoakin öldürüldülər. Boliviya hökuməti Çeni ələ keçirmək üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən də kömək istəmişdi.
Oktyabrın 7-də hökumət Çe Gevaranın yerini müəyyənləşdirdi, 8-də isə qısa döyüşdən sonra yaralı halda əsir aldı. Komandante La Higuera kəndindəki məktəbdə bir gecə saxlanıldı. Ertəsi gün isə onun məhkəməsiz güllələnməsi barədə göstəriş gəldi. Hökmü Çe Gevaranın dəstəsi ilə döyüşdə üç dostunu itirən əsgər icra etdi.
Onun basdırıldığı yer 30 il naməlum qaldı. 1995-ci ildə Boliviya ordusunun generalı Mario Varqas Çenin dəfn olunduğu yeri təxmini nişan verdi və iki illik axtarışlardan sonra məzar tapıdı. Burada bir neçə nəfər dəfn olunmuşdu, amma Çe Gevaranın cəsədini müəyyənləşdirmək asan idi. Çünki barmaq izlərinin identifikasiyası məqsədi ilə edamdan sonra əlləri kəsilmişdi.
1997-ci il oktyabrın 16-da Çe Gevaranın və daha altı kubalının cəsədi Kubaya aparılaraq xüsusi tikilən mavzoleydə dəfn olundu.
P. S. təkpartiyalı rejimin qurulmasında və siyasi repressiyalarda fəal iştirak edən Çenin azadlıq ikonası çevrilməsi çağdaş dövrün ən böyük ədalətsizliklərindən biridir.
"Tarixçi" whatsapp kanalı
https://whatsapp.com/channel/0029Vb6KJAEL2ATpevBzD90l
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru