Dimitrios İtsios, Almaniyanın Yunanıstana təcavüzünün ilk günündə göstərdiyi müqavimətlə əfsanəyə çevrilmiş serjant.
18-10-2025, 11:54

Dimitrios İtsios 1906-cı ildə Osmanlı imperiyasının tərkibində olan Makedoniyanın Ano Poroya kəndində anadan olub. Uşaqlıq illəri Birinci Dünya müharibəsinə təsadüf edib — o zaman İtsiosun kəndi bolqarlar tərəfindən işğal olunub. Müharibə bitəndə bölgədə qısa müddətli bir sülh dövrü yaranmışdı. Məhz həmin dövrdə Dimitrios həmkəndlisi ilə evlənmiş və iki övlad sahibi olmuşdu.
Lakin 1930-cu illərin sonuna yaxın Avropa üzərinə yenidən müharibə kölgəsi çökdü. Bolqarıstanın hücum edəcəyindən ehtiyat edən yunanlar ölkənin şimal sərhədləri boyunca dağlıq ərazidə bir sıra istehkamlar tikdilər. Bu istehkamlar sonradan Metaksas xətti adlandırıldı.
Metaksas xəttinin inşası 1936-cı ildə başlandı. Amma Almaniya 1939-cu ilin sentyabrında Polşaya hücum edib İkinci Dünya müharibəsinə başlayanda bu hələ tam başa çatmamışdı. Təxminən iki il sonra, 1941-ci ilin aprelin 6-da nasistlər Yunanıstana hücum etdikdə belə, xətt yenə də natamam vəziyyətdə idi.
Üstəlik, yunanlar artıq İtaliya ilə döyüşürdülər — çünki italiyanlar 1940-cı ilin oktyabrında ölkəyə soxulmuşdular. Bu isə o demək idi ki, Yunan ordusunun əsas hissəsi Albaniya sərhədlərində cəmlənmişdi və şimal hissə, demək olar ki, müdafiəsiz qalmışdı. Halbuki nasistlər məhz Bolqarıstan istiqamətindən — Metaksas xəttinə və Dimitrios İtsiosun doğulduğu Ano Poroya kəndinə doğru irəliləyirdilər.
Həmin vaxt Dimitrios İtsios Metaksas xəttindəki 9 uzunmüddətli atəş nöqtəsinin (UAN) birində beş nəfərlik heyətə komandanlıq edirdi. Serjant rütbəsində olan İtsiosun vəzifəsi sərhəddəki yunan qüvvələrinin geri çəkilməsi üçün pulemyot atəşi ilə almanları ləngitmək idi.
Almanlar UAN-ların bəzilərini tez, bəzilərini isə şiddətli döyüşdən sonra ələ keçirdilər. Amma İtsiosun komandir olduğu P8 UAN müqavimət göstərməyə davam edirdi. Burada 38 min güllə vardı və serjant onların hamısını düşmənə atmaq fikrində idi.
Döyüşün necə bitəcəyini anlayan İtsios heyət üzvlərinin özlərini qurban verməsini istəmirdi. O, əsgərlərinə istehkamı tərk etməyi əmr etdi və bildirdi ki, özü sursat tükənənədək döyüşü davam etdirəcək. Üç əsgər istehkamdan çıxdı, lakin serjantın iki həmkəndlisi yanında qalaraq vuruşmağa qərar verdilər.
Axşama qədər bütün sursatı sərf edən İtsioas və iki silahdaşı ətrafa səpələnmiş gilizlər üzündən UAN-ın qapısını çətinliklə açıb çölə çıxdılar. Yunan iddialarına görə bu üç nəfər 232 alman öldürüblər. Müqayisə üçün: almanlar Yuqoslaviyanı işğal edəndə ölü olaraq cəmi 151 nəfər itki vermişdilər. P8 UAN-ın müqaviməti almanların müharibənin ilk günü ilə bağlı planlarını pozmuşdu.
İtsioas və yoldaşlarını nasist general (və gələcək feldmarşal) Ferdinand Şernerin hüzuruna gətirdilər. Şerner ona dedi: “Bilirsənmi, sənin üzündən mən bir podpolkovnik və 232 əsgər itirdim?” İtsios isə cavab verdi: Təəssüf edirəm, general, amma mən öz Vətənimi müdafiə edirdim”.
Şernerin yanındakı başqa bir zabitlə İtsios arasında belə bir dialoq keçdi:
- Təbrik edirəm, serjant, göstərdiyin igidliklə sən bu dağlarda öz əcdadlarının qədim tarixini diriltdin.
- Mən sadəcə borcumu yerinə yetirdim.
- Sən öz borcunu yerinə yetirdin, indi mənim növbəmdir. Sən bizə 200-dən çox adam itkisinə başa gəldin.
Bundan sonra İtsios və iki əsgər öz döyüş postlarının - P8 istehkamının yanına aparıldılar. Hərbi ehtiram göstərildikdən sonra güllələndilər. Bu, almanların Yunanıstanda törətdikləri ilk hərbi cnayət idi.
Yadigar Sadigli
TEREF

