O gün Mehman meşəsi sanki Səmədin sevinc səsinə, “qağılı-quğulu” nəğməsinə qoşulmuşdu.
20-10-2025, 12:54

1946-cı ilin noyabr ayı idi. Şair Səməd Vurğun dostu Allahyar Cavanşirlə birlikdə Kür çayının sağ sahilində yerləşən Mehman meşəsinə ova getmişdi. Hava sakit, meşə dərin bir sükuta bürünmüşdü. Onlar çayın kənarı ilə, pöhrəli söyüdlərin arasından addımlayırdılar. Birdən iki qırqovul xoruzu havaya qalxdı. Səməd sərrast atəşlə hər ikisini vurdu. Quşlar çaya düşdü və axına qarışıb getməyə başladılar.
Reks və Heran adlı ov itləri dərhal suya atıldılar. Onların arxasınca baxan şair dərin bir kədər hiss etdi və dostuna üz tutub dedi:
— Ay Uzun, bax gör, itlər də suya qərq olacaq, quşlar da əlimizdən çıxacaq. Bəs biz nə edəcəyik?
Allahyar gülümsəyərək sakit səslə cavab verdi:
— Şair, narahat olma. İtlərimiz də sağ qayıdacaq, quşları da gətirəcəklər.
Bir az keçmişdi ki, Reks və Heran suyun içindən çıxıb, ağızlarında xoruzlarla sahilə tərəf üzməyə başladılar. Onları görən Səmədin üzünə işıq gəldi. O, tüfəngini sinəsinə basdı, sanki saz çalırmış kimi oynaya-oynaya mahnı oxumağa başladı. İtlərə yaxınlaşanda tüfəngini çiyninə atdı, hər iki quşu bir-bir əlinə aldı və “qağılı-quğulu, quğulu-qağılı” deyə mahnını təkrar edib oynadı.
Sonra gülə-gülə dostuna baxıb dedi:
— Ay Uzun! Düz iyirmi il cavanlaşdım! Bilirsən ki, xalq məni sevir, mən də onları sevirəm. Bu sevgi, bu hörmət asan qazanılmayıb. Çox iztirablar keçirmişəm, amma bu günkü sevinci heç nə ilə müqayisə edə bilmirəm. Sağlıq olsun, ay Uzun, sənin başın üçün bu hadisədən bir poema yazacağam. Sən də o poemanın qəhrəmanı olacaqsan!
O gün Mehman meşəsi sanki Səmədin sevinc səsinə, “qağılı-quğulu” nəğməsinə qoşulmuşdu.
Məcid Rəşadətoğlu.

