"Kəssə hər kim tökülən qan izini," və ya Didye Droqba yolu...
14-10-2025, 16:28

"Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü"
Mən H.Cavidin bu sözlərini Pakistan -Əfqanıstan müharibəsini dayandırılmasının vacibliyi üçün bir daha qeyd etdim.
Baxın: Qardaş Pakistanın Nobel mükafatını alan iki alimi var . Biri dünyanın ən gənc Nobel Sülh mükafatçısı, pakistanlı hüquq müdafiəçisi Məlalə Yusifze, ikincisi isə elm üzrə Nobel mükafatı alan ilk müsəlman alim Məhəməd Əbdus Salamdır.

Amma nə olsun ?!
Bu iki şəxsin indiyə kimi Pakistanın müharibə dövrlərində və onun dayandırılmasında heç bir rolu olmayıb. ümumiyyətlə Nobel mükafatı almış şəxslərin heç birinin hər hansı müharibəni dayandırmaq gücündə olduğunu eşitməmişəm.

"Fil Dişi sahili"ndən olan afrikalı futbolçu Didye Droqba dünya futbolunda demək olar ki, bütün mükafatların sahibidir. Bununla bərabər onun adı dünya tarixinə təkcə futbolçu kimi yox, həm də ölkəsində gedən vətəndaş mühariəsinin qarşısını bircə çıxışı ilə alan şəxs kimi düşüb. O, Nobel mükafatçısı deyil !
2006-cı il Dünya Çempionatının seçmə mərhələsində qalib gələn "Fil Dişi Sahili" Dünya Kuboku vizası alır. Matçın sonunda soyunub-geyinmə otağında mikrofonu əlinə alan Didye diz çökərək yalvarışlı tarixi çıxışı ilə ölkəsində 2002-ci ildən bəri davam edən vətəndaş müharibəsinə son qoymaq üçün mühüm addım atır.
“Xanımlar və cənablar, Fil Dişi Sahilinin şimalındakılar, cənubdakılar, mərkəzdəkilər, qərbdəkilər...Biz bu gün göstərdik ki, bütün Fil Dişi tək bir məqsəd üçün birgə yaşaya və oynaya bilərlər. Biz söz vermişdik ki, bayramlar bizləri birləşdirəcək. Diz çöküb yalvarırıq... Bağışlayın! Afrikada bu qədər sərvəti olan bir ölkəni müharibəyə sürükləmək olmaz. Zəhmət olmasa silahlarınızı yerə qoyun. Seçimlərə keçin”.
Bu çıxışı ilə vətəndaş müharibəsini dayandırması onun “Time” jurnalı tərəfindən "Dünyanın ən nüfuzlu 100 insanı" seçilməsinə səbəb olub. 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən "Xoşməramlı səfir" adına layiq görülüb. 2009-cu ildə yaratdığı “Didier Droqba” fondu isə hələ də Afrikada xəstəxanaların tikintisi və uşaqların təhsili üçün vəsait toplamağa davam edir.
Lakin bu yaxınlarda Fil Dişi Sahili Futbol Federasiyasının prezidentiliyinə namizəd olan Didye Droqba cəmi 21 səs toplayaraq seçilmir. Bu Droqbanı çox məyus edir...
Droqba heç Nobelə namizəd də olmur. Lakin əsas bu deyil. Əsas odur ki, məhz Didye Droqba çıxışının nəticəsində ölkəsi bütövləşir, qan tökülmür.
"Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü"
H.Cavid bu sözləri ilə min dəfə haqlıdır.
Baba Allahnəzərov

