Vahid imtahandan Vahid kimi çıxdı.

25-10-2025, 11:54           
Vahid imtahandan Vahid kimi çıxdı.
Bir gün Əliağa Vahid, Səməd Vurğungilə gedir. Görür ki, Abdulla Şaiq də ordadır. Vahidi görən kimi Səməd sevinir:
- Nə yaxşı gəlmisən, mən səni görəndə həmişə böyük Füzuli yadıma düşür. Mənə elə gəlir ki, o da sənin kimi xoşsifət, ürəyi məhəbbət dolu bir şair olub.
Abdulla Şaiq də söhbətə qoşulur:
- Ay Səməd, Vahidin Füzuli yadigarı olduğunu mən də təsdiq edirəm. Amma gərək onu bir imtahana çəkəm.
Daha sonra Füzulidən bir beyt deyir:
"Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,
Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım."
Səməd üzünü Vahidə tutur:
- Hə, Füzuli yadigarı, müəllimimiz Füzulinin bu sözlərinə nə əlavə eləyə bilərsən?
Vahid səmimi gülüşlə:
- İcazə verin Füzulinin bu beytini təxmis edim:
Diyari-eşqə sultanəm, bəlalar çox çəkib başım,
Cəlali-şövkətim qəmdir, hücumi-dərd fərraşım,
Ömürlərdir axar kuyində yarın qanlı göz yaşım,
“Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,
Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım”.
Səməd Abdulla Şaiqa müraciətlə:
- Şaiq əfəndi, Füzulinin şagirdi imtahandan necə çıxdı?
Şaiq gülümsəyərək deyir:
- Vahid imtahandan Vahid kimi çıxdı.
Mənbə: Şair Mir Kamil Ağazadənin VƏTƏN ədəbi məclisinə hədiyyə etdiyi "Azərbaycan yazıçılarının həyatından dəqiqələr" kitabı
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru