“Biz çox yol getdik… indi dincəlmək vaxtıdır…”
27-10-2025, 09:14

Rixard Ştrauss (1864-1949) simfonik əsərləri, operaları ilə tanınan Alman Romantik Dövrü bəstəkarı, görkəmli orkestr dirijoru idi.
1935-ci ildə bəstəkar Qarmiş-Partenkirxenə yerləşərək burada yaradacılığının ən gözəl dövrünü yaşayır. O, məşhur “Alp simfoniyası”nı məhz burada yazır.
Gedib Qarmişin kənarında Ştrausun o illərdə yaşayıb yaratdığı villasını tapdım. Amma günümüzdə villa satılmış, artıq özəl mülkdür. Bu səbəbdən də bizi içəri buyur etmədilər. Kənardan bu ehtişamlı özəl mülkü seyr edib, bir-iki şəkil çəkdim…
Qarmişin mərkəzinə dönüşdə Alp dağlarının təkrarsız təmiz havasını ciyərlərimə çəkərək düşündüm ki, Rixard Ştraus bu cənnətdə hələ az bəstələyib, az yaradıb. Çünki Alp dağlarının havasında oksigen qədər də notlar uçuşur, məncə. Tanrı da görkəmli bəstəkardan heç nəyi əsirgəməyib.
Qafqaz dağlarında “Edelweis” əsgərlərinin atdıqları güllələrin səsi Qarmişin sükutunda əks-səda vermişdir, şqbhəsiz…Bəlkə də Ştraus bunu hiss edirdi və elə buna görə son illərində “Im Abendrot”da bu misraları yazır:
“Biz çox yol getdik… indi dincəlmək vaxtıdır…”
Ştraus üçün dağlar ruhun yüksəlişi,
Nasistlər üçün isə gücün nümayişi idi.
Bu iki baxış arasındakı fərq, bəlkə də XX əsrin Almaniya tarixinin ən dərin təzadı və ironiyasından biridir.
İbrahim Nebioğlu
TEREF


