Xalq Qəhrəmanı Bala Məşədinin anım günüdür.
6-11-2025, 08:04

Bala Məşədi 1905–1906-cı illərdə Gəncədə baş vermiş erməni-türk qarşıdurması zamanı gizli fəaliyyət göstərmiş "Difai" təşkilatının fəal üzvlərindən biri olub, təşkilata maddi dəstək göstərməklə yanaşı, özü gizli şəkildə bəzi əməliyyatlarda iştirak edib. Gəncə ağsaqqallarının söylədiyinə görə, bir gün Bala Məşədi məlumat alır ki, "Poqos" adlı bir nəfər erməni Xankəndində ermənilərin topladığı pulu Tiflis şəhərinə-qubernatora rüşvət kimi aparır ki, Xankəndinin erməniləşdirilməsini rəsmiləşdirsinlər. Bunu eşidən Bala Məşədi təkbaşına Gəncə şəhərinin yaxınlığında (indiki Nizami Gəncəvinin məqbərəsi ətrafında) həmin erməninin qarşısını kəsərək, onu güllə ilə ö*ldürür. Sonra onun rüşvət kimi apardığı pulları götürüb, üzərinə də bir qədər pul əlavə edir və silah almaq üçün qaçaq Dəli Alıya verir. Sonralar Gəncə şəhərində təşkil olunmuş dəstə məhz, bu silahlarla silahlandırılır. Həmin dəstə o zaman ermənilərin Gəncəyə basqınının qarşısını alır və "Hacı Məlik" düzündə 2 000-ə yaxın erməni öldürülür.
Ötən əsrin əvvəllərində Türkiyədə quraqlıq və aclıq olan zaman Bala Məşədi öz təsərrüfatından bir neçə vaqon buğda-taxıl Türkiyətə göndərib. Mustafa Kamal Atatürk Bala Məşədinin bu hərəkətinə görə, ona təşəkkür məktubu ünvanlayıb. Lakin Sovet Hakimiyyəti qurulan zaman onun qohumları ehtiyat edərək Bala Məşədinin Atatürklə çəkdirdiyi şəkillərini, sənədlərini yandırırlar. O dövrün Gəncə ziyalıları barədə kitabla əlaqədar material toplanan zaman arxivdən Bala Məşədi, Fətəli xan Xoyski, Əhməd Cavad, Pişnamazzadə qardaşları, Sarı Ələkbər, Dəli Alı, Mirzə Abbas Abbaszadə və digər şəxslərin bir yerdə çəkdirdikləri şəkli tapılıb.
Azərbaycanda ilk Demokratik Respublika qurularkən Bala Məşədi könüllü olaraq evlərindən birini istifadə etmək üçün Müsavat hökumətinə hədiyyə verib.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra isə başlanan repressiyalara Bala Məşədi və ailələri də məruz qalırlar. Var-dövlətləri hökumət və digər qüvvələr tərəfindən talan edilir və müsadirə olunur. Sovet hakimiyyəti qurularkən bir-çoxları Bala Məşədi və qardaşı Hacı Əli Qasımova Türkiyəyə köçməyi təklif edirlər. Lakin Bala Məşədi və qardaşı Hacı Əli Qasımov ailəsini, Vətənini buraxıb heç yerə getməyəcəklərini bildirir. 1934-cü ildə Bala Məşədini ailəsi ilə birlikdə Qazaxıstana sürgün edirlər. 1937-ci ildə isə Bala Məşədi sürgündən geri qayıdır, lakin qısa bir müddətdən sonra yenidən qardaşı Hacı Əli Qasımov ilə birlikdə həbs edilərək, 1937-ci il oktyabr ayının 29-da Bala Məşədini 67 yaşında, qardaşı Hacı Əlini isə 81 yaşında Nargin adasında güllələyirlər.
Anar Tağıyev
TEREF

