MƏN RAMİZ MEHDİYEVİN ADAMIYAMMI?!
18-11-2025, 09:28

(“Qısa qeydlər” silsiləsindən)
Söz vaxtına çəkər deyirlər, 1998-ci ilin payızı idi. Azərbaycanda növbəti Prezident seçkiləri keçirilirdi. Prezidentliyə 4 namizəd var idi – fəaliyyətdə olan Prezident Heydər Əliyev, AMİP-in sədri Etibar Məmmədov, MAP-ın sədri Nizami Süleymanov və müstəqil namizəd Əşrəf Məmmədov. Düzü bu ağsaqqal adam yadımda dumanlı qalıb, adını da Şəkinin məşhur başçısı ilə adaş olduğu üçün xatırlayıram.
Yaxşı yadımdadır, Heydər Əliyev seçkilərə “Sabitlik inkişaf və rifahın əsasıdır”, Etibar Məmmədov “Etibarlı gələcək Etibarla gələcək”, Nizami Süleymanov “Biyan kökü Azərbaycanı xilas edəcək” şüarları ilə gedirdi. Əşrəf Məmmədov isə, Maxatma Qandi yolu seçmişdi, “Katlet və oturaq mitinqlər” təklif edirdi. Bir gün AzTV-də prezidentliyə namizədlərin debatı elan edildi. Elanda deyilirdi ki, jurnalistlər üçün giriş icazəli və məhdudiyyətsizdir.

Mən onda “Xalq Qəzeti”ndə siyasi icmalçı idim, təcili baş redaktor Mahal ismayıloğluna zəng etdim. Cavab vermədi, risk etdim, siyasi tədbirə icazəsiz getdim. Atamın bir kəlamı vardı, deyirdi Cəhənnəmə də bir ayaq tez gedərlər, orda da oddan-ocaqdan uzaq yerlər tutula bilər. Mən tədbirə iki ayaq tez getmişdim, deyəsən, növbədə 3-cü, ya 4-cü idim. Qərəz, mənə də sual növbəsi çatdı, tədbiri sonralar İcTV-nin rəhbəri olmuş İsmayıl Ömərov aparırdı.
Tədbirə prezidentliyə namizədlərdən üçü qatılmışdı, Heydər Əliyev debatda iştirak etmirdi. Məlum olduğu kimi, seçkiqabağı debatlarda iştirak namizədin hüququdur, vəzifəsi deyildir. Mənim də Etibar və Əşrəf Məmmədovlara suallarım yadımda deyildir, amma Nizami Süleymanova ünvanladığım, həmin zamanlar siyasi gündəm olmuş sualımı yaxşı xatırlayıram: “Nizami müəllim, siz deyirsiz ki. Azərbaycanı Biyan kökü ilə xilas edəcəksiz, buna gərə sizi məşhur rus siyasətçisi Vladimir Jirinovski ilə müqayisə edirlər”... Adam sualımı ağzımda qoydu, hayqırdı ki, “Jirinovski sənin atandır”...
Düzü, istədim adekvat cavab verim, tərbiyəsiz siyasətçini yaş yuyum, quru sərim. Yeri gəlmişkən, mən peşəkar jurnalistəm, hətta söyüş dilini həvəskar akademikdən yaxşı bilirəm. Amma yadıma düşdü ki, aparıcı İsmayıl Ömərovdur, mənim mikrafonumu kəsəcək, Nizami Süleymanova söz verəcək. Adam da mənim var-yoxumu yaş yuyub, quru sərəcək. Ona görə də dinmədim, sözü müsahibimə verdim. Namizəd mənim susmağımı gözləmirdi, odur ki, əvvəl özünü itirdi, fısıldadı, sonra mızıldadı ki, “Siz hamınız Ramiz Mehdiyevin adamlarısız”...
Səhəri gün Redaksiyada mənim tədbirimi müxtəlif cür qiymətləndirələr oldu. Yaxınlaşıb əlimi sıxanlar da oldu, mənimlə tənqid, hətta təhqir davasına çıxanlar da oldu. Təbii ki, mən də borclu qalmadım, burda ki, İsmayıl Ömərov yox idi. Amma Mahal İsmayıloğlu var idi, işə gələn kimi məni dəvət etdi, əlimi sıxıb təbrik etdi. “Ramiz Mehdiyev çox razı qalıb, sənə salam göndərir, deyir ki sən, bu qədər jurnalistin edə bilmədiyini tək etmisən”... Düzü, onda mən Ramiz Mehdiyevi dumanlı tanıyırdım. Amma bilirdim ki, külli-ixtiyar sahibidir, Azərbaycanda onun icazəsi olmadan bir yarpaq da düşmür...
Məlum olduğu kimi, indi Ramiz Mehdiyevə salam verənlər onun adamı hesab edilir. Kişi də mənə salam verib, Nizami Süleymanov da deyib ki, mən Ramiz Mehdiyevin adamıyam...
Dostlar siz necə bilirsiz, mən Ramiz Mehdiyevin adamıyammı?!
Qalib ARİF
ЕУКУА

