Ya bizim xidmətçi yazıçı vardı, ya sinfi düşmən. Düşməni güllələyir, dostu bütləşdirirdi.
8-12-2025, 10:38

İctimai şüurun dəyişməsi uzun bir sürəcdir. Toplum, adətən, bildiyindən başqa heç nə bilmək istəmir. Lakin bəzi hadisələr olur və ictimai şüur bir gecədə dəyişir. Biz, xalq olaraq belə bir hadisə yaşamışıq: 20 yanvar.
Bir gecədə xalqımız bütün zümrələri ilə yəcuc-məcucu tanıdı.
Lakin dəyişəsi çox şey var ki hələ sovet şüur orbitindən asılı qalıb. Məsələn: ədəbi, bədii, mədəni sayılan fikir...
Sovet şüuru ağ-qara idi, səni ya dost, ya düşmən bilirdi. Başqa heç nə.
Ya bizim xidmətçi yazıçı vardı, ya sinfi düşmən. Düşməni güllələyir, dostu bütləşdirirdi.
"Ağabəyim Ağa Cavanşir" romanımda Qarabağnamələrə söykənmiş bir parça var. Məhəmməd bəy Cavanşir əmiqızı Ağabəyim ağanı almaq üçün ustadı Molla Pənah Vaqifi elçi gödərir xan əmisinə - İbrahim xana. Atası yox idi, gümanı bu adama gəlmişdi. Vaqif də gedir, xanlığın zəifləməsini fürsət bilib xan qızını öz oğluna istəyir.
Bu parçanı paylaşdım. Bəzi qazaxlılar dərin etiraz etdilər. Çünkü qafalar sovet Vaqifini tanıyır və başqa heç nə bilmək istəmirlər. Vaqifin vəzir olduğu, dövlət adamı olduğu, bilgə və hiyləgər olduğu, rəqiblərini gedər gəlməzə yolladığı haqda anlayışları yoxdu. Tanısalar dövlət adamı Vaqifi şair Vaqifdən daha əlvan bir şəxsiyyət olduğunu bilərlər.
Yox! Kəsin olaraq tanımaq istəmirlər. Sovet Vaqifi onlara yetir.
Mirzə Cəlil də eyni. Gözünün üstdə qaşı var deyə bilməzsən. Hücumçu seli ilə üzə-üzə qalarsan. Çünkü onlara - sovetin öldürüb goruna and içdiyi Mirzə Cəlil lazımdı. Vəssalam. Əslini tanımaq sərf eləmir. Halbuki orjinalı daha maraqlıdır.
Nərimanov da bəlli. Sovet hökuməti 70 il qəhrəman etdi. İndi gerçək kimliyini zorla ortalığa çəkib çıxarılır.
Sanki istedadlı adamlar aydan arı, sudan duru olurlar. Elə deyil axı. İnsan qarışıq aləmdir. İnsan, öz qarışıq, çox vaxt da çirkin dünyasından özü belə baş aça bilmir.
Anlayan, özünü bilən... adamdır. Qalanı... Allah yaradıb da...
Azərbaycanda yəqin şüur inqilabı olacaq. Bəlkə də 20 yanvar kimi bir gecədə baş verəcək. Bəlkə uzanacaq.
Azərbaycan insanı bir gün Məhsəti Gəncəvini də tanıyacaq. 12-ci yüzildə Azərbaycan - Türk qadının gerçək kimliyini öyrənəcək. Və hünəri ilə də, məktəbləri ilə də, azadlığı ilə də, hər hoqqası ilə fəxr edəcək. Orta çağlarda, "qadın insandırmı?" deyə müzakirə edən Avropa xalqları ilə öz keçmişini müqayisə edə biləcək. İndi belə müzakirələr aça bilmir bizim toplum, çünkü bilgi gücü yetmir, özündən xəbəri yoxdur, özünü tanımır. Özünü tanıması yəcuc-məcucların xeyrinə deyil. Özünü tanımasıı yadellilərə təhlükədir.
Hələ ki, Şamaxının Saqilər adlı kəndinə etiraz edən, belə bir ad bizim mənəviyyata yaraşmır deyən bəsit insanların əlində əsir-yesirdi bu toplum. Adamın nə tarixdən, nə ədədbiyyatdan, nə mədəniyyətdən xəbəri var. Bilmir ki Şamaxı saqilərin, şairlərin, həcvbazların, hər cür məktəblərin məkanıdır. Şamaxıda ünlü, bütün Şərqə kadr yetişdirən rəqqasə məktəbləri olub. O məktəblərin yetirmələri isə hər cür məclisdə göbəyi açıq dans edirdilər. Hər cür məktəbi, hər cür zümrəsi, hər cür hoqqası olmayan məkandan o qədər ustad şair çıxa bilməz.
Nə isə... özümüzü tanımırıq. Tanış olduğumuz gün şüur devrimi olacaq... onda gülünc sloqanlar atmayacağıq...
Mehriban Vezir
TEREF

