Qərbi Avropada Rusiya ekosistemi: Almaniya və Fransada propaqanda, kilsə və diaspora üzərindən təsir !-ci hissə
12-12-2025, 17:59

(c) Romero Kreder Ana
(Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb.)
Giriş
Qərbi Avropada Rusiya propaqandasına ən sistemli məruz qalan iki ölkə Almaniya və Fransadır. Ölkələrin xarakterik özəlliklərinə və Moskvanın təsir elçilərinin dəyişkənliyinə-effektivliyinə görə müəyyən fərqliliklər göstərsə də, Kreml propaqandası bu iki ölkədə bənzər mexanizmlərdən istifadə edir. Almaniya və Fransanın iqtisadi və siyasi gücü, Avropa İttifaqı daxilindəki qərar mexanizminə təsiri, NATO-dakı mövqeyi onları Rusiya propaqandasının əsas hədəfləri halına gətirir.
Almaniyanın tarixi keçmişi, Rusiya ilə müharibə-soyuq müharibə-normallaşma-hibrid müharibə dairəsində cərəyan edən münasibətləri, xüsusilə Şərqi Almaniyadakı Rusiya təsir gücü, ölkə daxilində siyasi qütbləşmə, milliyyətçilik və radikalizm cərəyanlarının artması, miqrasiya problemləri, enerji məsələləri kimi bir çox mühüm faktor Kreml propaqandasının məhsuldarlığını təmin edir. (İCTT, 2024a)
Fransanın isə siyasi-hərbi gücü ilə yanaşı Qollist ənənəyə söykənən “strateji muxtariyyət” iddiası, uzun illərdir davam edən antiamerikanizm meylləri, miqrasiya və sosial ədalətsizlik mövzuları ilə bağlı narazılıqlar, “sarı jiletlliər” kimi nümayişlər Kreml narrativləri üçün əlverişli baza yaradır (Geopolitics, 2024 a).
halk tv
Bu məqalədə KHAR Center Almaniya və Fransada Kreml propaqanda mexanizminin necə qurulduğunu və hansı yerli zəifliklərdən qidalandığını təhlil edir.
Analizin sualı: Qərbi Avropanın aparıcı iki ölkəsi Almaniya və Fransaya Kreml propaqandası hansı boşluqlardan sızır və hansı səbəblərdən gücünü qoruyur?
ALMANİYA: RUSİYA PROPAQANDASININ STRATEJİ HƏDƏFİ
Rusiyanın Almaniyadakı propaqanda ekosistemi bir-birini qidalandıran bir çox komponentdən ibarətdir və bir neçə əsas mexanizmə söykənir.
Enerji bağı və mənfəət qrupları.
Almaniya uzun illər enerji tədarükündə Rusiyadan asılı vəziyyətdə olub. Rusiyanın Ukrayna işğalına başladığı 2014-cü ilə qədər Almaniya Avropa İttifaqındakı Kreml mənafelərinin əsas müdafiəçisi, enerji və iqtisadiyyat sahəsində strateji tərəfdaşı idi (Mankoff, 2020a). Krımın işğalından sonra alman cəmiyyəti daxilində Rusiya ilə isti münasibətlərə sərt reaksiyalar artsa da, enerji münasibətləri pozulmadı. O dövrün iqtisadiyyat naziri Siqmar Qabriel Krımın işğalından sonra Almaniyanın təbii qaz anbarlarını “Qazprom”a satdı, Merkel isə həm Trump, həm də Bayden iqtidarlarının təzyiqlərinə baxmayaraq “Nord Stream 2” boru xətti layihəsinin ləğv olunmasını rədd etdi (Stelzenmüller, 2022a). Enerji əlaqələri sayəsində qurulmuş siyasi və iqtisadi bağlar Almaniya və Aİ səviyyəsində güclü bir şəbəkə yaratdı; bu şəbəkə enerji və iqtisadi sahələrin çox-çox kənarlarında belə əhəmiyyətli təsir kanalı kimi çıxış edir (Bros, Mitrova, Kirsten, 2017). Bunun nümunələrindən biri də Rusiya-Ukrayna gərginliyinə dair Almaniyanın (Fransa ilə birlikdə) öncüllük etdiyi Minsk protokolları və Normandiya prosesi idi. Almaniya xüsusilə Şərqi Avropa ölkələrinin bu danışıqların faydasızlığına dair tənqidlərini nəzərə almadan gərginliyin azalacağını iddia etdi, ancaq əslində Kremlin yanıltma və aldatma taktikasının təşəbbüskarı oldu (Stelzenmüller, 2022b).
Almaniyada Rusiya enerjisinə bağlı mənfəət qrupları — enerji şirkətləri, sənaye assosiasiyaları və Şərqi Almaniya biznes dairələri — sayəsində uzun müddət “ucuz rus qazını enerji təhlükəsizliyinin əsası” kimi dəyərləndirən tezislər qərarvermə mexanizmlərində və ictimai rəydə güclü olub. Bu aktyorlar arasında keçmiş baş nazir Gerhard Şröder və onun ətrafı, “Uniper”, “Wintershall” kimi şirkətlər xüsusi rol oynayıb (Mankoff, 2020b).
2022-ci ildən sonra Almaniyanın Rusiyadan enerji asılılığının azalmasına baxmayaraq siyasi və iqtisadi müzakirələrdə bu lobbi qruplarının Kreml narrativlərini təkrarlayan çıxışları davam edir. Son tədqiqatlara əsasən, Almaniyanın Rusiya qazından sürətli imtinasına rəğmən, enerji aktorları hələ də “enerji əməkdaşlığına qayıdış” və “iqtisadi rasionallıq” narrativlərini təbliğ edərək Rusiya propaqandasının Almaniyanın daxili rezonans mühitini qidalandırırlar (Finanzmarktüelt, fevral 2025, İngenieur, mart 2025)
Sistem əleyhdarı qüvvələr, radikal hərəkatlar və “nümayəndələr”
Rusiya propaqandası Almaniyada əsas gücünü buradakı sistem əleyhdarı siyasi qüvvələrdən və radikal sağçı hərəkatlardan alır. Müasir Almaniyanın bütün radikal sağ təşkilatları — o cümlədən neonasist Alman Milli Demokratik Partiyası (NPD) — Rusiyaya dostca yanaşır. Bu, alman radikal sağının müharibədən sonrakı “sovetpərəst neytralizm” ənənəsinin mirasıdır. Ancaq Kreml propaqandasının həm əsas hədəfi, həm də əsas ötürücüsü olan qüvvələrin başında AfD (Almaniya üçün Alternativ) gəlir. AfD qurulduğu 2013-cü ildən etibarən açıq şəkildə Kreml tərəfdarı mövqeyini formalaşdırıb və Rusiyanın Almaniya siyasətinə təsir mexanizminin əsas aparatlarından birinə çevrilib. Rusiyanın Krımı işğalı və Donbasdakı separatçılıq dövrü AfD-nin güclü dəstəyinin müşayiəti ilə keçib (Shekovtsov, 2023).
AfD liderləri Rusiya ilə açıq əlaqələrini heç vaxt gizləmədikləri kimi Almaniyadakı rus dünyasını da aktiv şəkildə təşviq edir; xüsusi şəbəkələr, rus dilində proqramlar və rus-alman seçicilərə müraciət edən siyasət mövqeləri vasitəsilə rus elementini daxil edir. AFD-nin seçki bəyannamələrində, təkliflərində, Bundestaq çıxışlarında da Kreml yönümlü xətt açıqca görünür. (Bensmann, 2023a)
Rusiyanın Almaniya narrativlərini yayan radikal sağçı qrupların ikinci ayağını AfD ətrafındakı təşkilatlar, QHT-lər, partiyanın üzvü olan siyasətçilər və Rusiyanın mənfəət qrupları ilə əlaqəli digər qruplar təşkil edir. Bunlar arasında Yuri Korner mərkəzli “Analytical Media Eurasian Studies” (AMES), AFD və Rusiya kəşfiyyatı ilə əlaqələrinin olduğu bildirilən “Alman Avrasiya Araşdırmları Mərkəzi” (GCES) kimi avrasiyaçı təşkilatlar da, Rusiya propaqandalarını yayan Manuel Oksenrayter, Markus Fronmayer, Heinrix Qrot ve Valdemar Herdt kimi şəxslər də var. (Laruelle, 2019 a)
Kremlin Almaniya radikal sağı ilə əlaqələrinin digər qolunda isə iki ölkədə də mövcud olan radikal sağ alt mədəniyyətlərə aid elementlər var - “White Rex” kimi qrupların da daxil olduğu nasist dairələr, Rusiya Gecə Qurdları (Night Wolves) kimi biker qruplar və s (Laruelle, 2019 b). Bu kateqoriyada mediada “Reus” qrupu kimi tanınan Vətənsevərlər Birliyinin (Patriotische Union) Rusiya ilə ideoloji yaxınlığını da vurğulamaq lazım gəlir. 2022-ci ildə anti-terror əməliyyatı ilə ifşa edilən qrupun hazırda həbsdə olan lideri Henrix Reuss və digər aktivistlərin Rusiya ilə yaxın əlaqələr üçün dəfələrlə təşəbbüs göstərdiyinə dair faktlar mövcuddur. Həmin məlumatlar Rusiya dövlət strukturlarının qrupun əməli planlarını birbaşa yönləndirdiyini təsdiqləməsə də, Rusiyanın davranışlarının “Reus” qrupunun radikallaşması və çevriliş planları üçün ilhamverici olduğu şübhəsizdir (ICCT, 2024b).
Almaniyada sol-radikal və anti-imperialist dairələr də Rusiyaya ideoloji simpatiya ilə yanaşır. Die Linke daxilindəki bəzi fraksiyalar və kiçik anti-imperialist təşkilatlardan ibarət olan bu qüvvələr Ukrayna müharibəsini Qərb blokunun “geosiyasi təxtibatı” kimi dəyərləndirərək Moskvanın narrativlərini təkrarlayırlar. Bu qruplar siyasi təsirdən daha çox Rusiya propaqandasına informasiya mühitində dəstək rolu oynayırlar (Stepanovs, 2024).
Almaniyada COVID-19 məhdudiyyətlərinə qarşı ortaya çıxmış, konspirasiyaya meylli qrupları, radikal sağ elementləri və sistemə etiraz edən müxtəlif aktorları birləşdirən “Querdenker hərəkatı” kimi fərqli qruplar da Kreml narrativlərinin başlıca daşıyıcıları arasındadır (Deutschlandfunk, 2022).
Kreml tərəfindən maliyyələşən əməliyyatlar - rəsmi media qurumları, onların güzgü saytları, sosial şəbəkələr, alternativ platformalar…
Kremlin rəsmi propaqanda aləti RT-nin Almaniya versiyası olan “RT Deutsch” sayt olaraq 2014-cü ildə - Rusiyanın Krımı işğal etdiyi il fəaliyyətə başlayıb. 2020-cı ildə RT DE adını alıb. Eyni il “Sputnik də” “Voice of Russia”nın Alman versiyasının yerinə keçib, 2020-ci ildə isə adı “SNA News” olaraq dəyişdirilib (Stöber, 2022).
Rusiya propaqanda mediasının Almaniya siyasətinə ilk açıq müdaxilə kampaniyası isə 2017-ci ilin Bundestaq seçkilərində #Wahlbetrug (seçki saxtakarlığı) həştəqi ilə yaradılan “Twitter” fırtınası şəklində üzə çıxıb. COVID pandemiyası zamanı RT DE, “Sputnik” və Berlində yerləşən Rusiya video xəbər agentliyi “Ruptly” alman hökumətinin siyasətinə qarşı çıxan qrupların ruporu rolunu oynayıb (ICCT, 2024c).
Avropa İttifaqının sanksiyalarından sonra Rusiya media orqanlarının Almaniyadakı fəaliyyəti rəsmən dayandırlıb. Ancaq ISD müəyyən edib ki, 20 RT DE güzgü domeni və 11 alt domen hələ də Kremlin tərəfdarı olan aktorlar tərəfindən onlayn yayılır. Bloklanmamış domenlərin əksəriyyəti son zamanlarda qeydiyyatdan keçib ki, bu da sanksiyalarda boşluqların mövcud olduğunu göstərir. Üstəlik, Almaniyanın dördüncü böyük ISS-i heç bir domeni bloklamayıb. Araşdırma göstərir ki, sanksiyalar RT DE trafikini azaltsa da, güzgü saytlar 3 il əvvəlkinə bənzər və hətta daha çox ziyarətçi cəlb etməyə davam edir (İSD Global, fevral 2025).
“Telegram”, X, “Yandex” və s. kimi sosial platformalar da Rusiyanın Almaniyada aktiv istifadə etdiyi mexanizmlər arasındadır. Digər tərəfdən, Rusiya propaqanda məzmunlarının sanksiya divarlarını aşmasında Almaniya mərkəzli bəzi “alternativ media” orqanları da mühüm rol oynayır. Ekspertlər 2022-ci ildə Almaniyadakı 20 populyar alternativ media orqanının Rusiya ilə əlaqəsini ortaya çıxarıblar. Bu sırada “Tichys Einblick”, “Reitschuster”, “Achse des Guten” kimi saytlar mühüm yer tutur. Bu platformalar sayəsində Rusiya propaqandası xarici mesaj kimi deyil, “yerli narazılıqların əks-sədası” kimi görünür (Beseler və Toepfl, 2024).
Rusiya propaqanda mexanizmi bu kanallardan istifadə edərək siyasi prosesləri bütün təbəqələrin, amma əsasən də ən alt sosial qrupların emosiyalarına istiqamətləndirir. Buna misal olaraq bütün dünyada Rusiya propaqanda nümunələrindən biri kimi bilinən “Lisa Case” hadisəsini göstərmək mümkündür. 2016-cı ildə Liza adlı qızın miqrantlar tərəfindən guya zorlanması barədə yalan xəbər Almaniyada geniş rezonans doğurdu. Xəbərlərdə 13 yaşlı qızın məktəbə getmədiyi, ailəsinin polisə xəbər verdiyi, 30 saat sonra üzündə yaralarla tapılan Lizanın ərəb və afrikalıya bənzər adamlar tərəfindən qaçırılaraq təcavüzə uğradığı bildirilirdi.Bu xəbər qısa müddətdə bütün Rusiya və Almaniya alternativ kanallarında yayıldı, Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanı ittiham etdi (NTV De, 2016a). Ancaq alman polisi çox qısa müddət ərzində telefon izləri ilə qızın yalan danışdığını sübuta yetirdi, qız da yalan söylədiyini boynuna aldı. Buna baxmayaraq bu yalanın təsiri özünü uzun müddət göstərdi, hökumətə qarşı nümayişlərə səbəb oldu və Almaniyanın qaçqınlarla bağlı siyasətinin əks-arqumenti olaraq bir müddət gündəlikdən çıxmadı (NTV De, 2016b).
Rusiya Almaniyaya qarşı ən sistemli təsir alətlərindən biri kimi kiber əməliyyatlardan da aktiv şəkildə istifadə edir. 2015-ci ildə Bundestaqa edilən genişmiqyaslı haker hücumu (APT28) parlamentin daxili şəbəkələrini iflic etmiş və minlərlə sənədin oğurlanması ilə nəticələnmişdi (DW, 2015).
Rusdilli qruplar, sosial “müttəfiqlər”...
Almaniyanın rus dünyası üç əsas qrupdan ibarətdir.
Russlanddeutsche – Sovet İttifaqında doğulmuş , sonra Almaniyaya köçmüş etnik almanlar;
Almaniyada yaşayan Rusiya vətəndaşları;
Əvvəlki rus mühacirlərin törəmələri olan Almaniya vətəndaşları.
Rusdilli internet istifadəçiləri almanları “zəif”, “qərarvermə qabiliyyətsiz” və “Üçüncü Reyxin cinayətlərinə görə özlərini günahlandıran” kimi təqdim edirlər. Eyni zamanda, bu “zəif almanlar”a dəstək olaraq özlərini “alman mədəniyyətinin müdafiəçiləri” kimi təqdim edirlər. Siyasi baxımdan, bu müdafiə çox vaxt AfD-yə dəstək şəklində zühur edir (Sablina, 2019).
Sosial müttəfiqlik isə daha çox Almaniyanın şərqində özünü göstərir. Rusiya ilə mental yaxınlıq bu bölgəni Kreml propaqandası üçün münbit mühitə çevirir. Hətta Ukrayna müharibəsindən sonra Berlin ilə Moskva arasındakı əlaqələrin dramatik şəkildə pisləşməsinə və almanların Rusiyaya simpatiyasının azalmasına baxmayaraq Şərqi Almaniya Moskvaya daha çox maraq göstərməyə, Ukraynaya hərbi yardımlara daha az dəstək verməyə başlayıb. Məsələn, 2023-cü ildə Ukraynaya “Taurus” raketlərinin verilməsinə qarşı Qərbi Almaniyada 47% çıxarkən Şərqi Almaniyada bu rəqəm 70” olub. Şərqi almanlar Rusiyaya qarşı daha çox anlayış, daha az tənqid mövqeyindədi (Khorolskaya, 2025).
FRANSA: KREMLİN BİZNES VƏ YUMŞAQ GÜC LABORATORİYASI
Rusiya propaqanda mexanizmi Fransada bir çox elementi əhatə edir - iqtisadi və diplomatik kanallar vasitəsilə siyasi elitaya çıxış, radikal sağ və sol-populist qüvvələrlə ideoloji yaxınlıq, rəsmi və qeyri-rəsmi media platformaları, kiber əməliyyatlar və yumşaq güc infrastrukturunun (pravoslav kilsəsi, mədəniyyət mərkəzləri, biznes dairələri) üzərində qurulmuş uzunmüddətli təsir kimi.
Ticarət, enerji və lobbi
Fransanın Rusiya qazından asılılığı Almaniya qədər yüksək olmasa da, ticarət və enerji sahələrində Moskva uzun müddət Paris üçün mühüm tərəfdaş olub.Xüsusilə “TotalEnergies” şirkətinin “Yamal LNG” və “Arctic LNG 2” kimi layihələrdə iştirakı, müharibədən sonra bu layihələrdən tam çıxmaması Fransa biznes elitasında “Rusiya ilə körpüləri tam yandırmamaq” xəttini uzun müddət canlı saxlayıb (Mann, 2022).
Fransa Rusiyanın biznes və siyasət lobbiçiliyinin ən güclü olduğu ölkələrdən biridir. Bu lobbiçilər Fransada “praqmatik” rusiyaçılıq xəttini yaratmanın və Kreml narrativlərinin əsas daşıyıcılarıdır. Eyni zamanda bu sistem Rusiyada fəaliyyət göstərən iri fransız biznesi ilə Kremlin dərin əlaqələrinə söykənir. Həmin iri sənaye qruplarının bir çoxunun baş icraçı direktorları Kremlin ən yaxın dairələri ilə sıx bağlıdır və Rusiya maraqlarına uyğun dünyagörüşü formalaşdırmada vasitəçi rolunu oynayıblar (CSİS, 2022a).
Fransadakı ən məşhur Rusiya biznes lobbi təşkilatlarından biri 2004-cü ildə yaradılan və uzun müddət Aleksandr Trubetskoyun rəhbərlik etdiyi Fransa-Rusiya Dialoqudur (Le Dialoque Franco-Russe). Bir çox mühüm şirkət və radikal sağa aid çox sayda fransız siyasətçinin də daxil olduğu bu struktur Fransada Rusiya kəşfiyyatının əsas təsir ocaqlarından biri kimi tanınır (Laurelle, 2018 a). 2022-ci ildən sonra dərnəyin aktiv fəaliyyəti azalsa da, tam dayanmayıb. Avropa Parlamentinin üzvü Tyerri Marianinin həmsədri olduğu dərnək bu ilin sonunda Rusiyaya səfər təşkil edəcəyini açıqladı (İntelligence, yanvar 2025). Ancaq Avropa İttifaqının növbəti sanksiya paketinin qüvvəyə minməsindən sonra bu səfəri ləğv etdi.
Bir çox böyük şirkəti bir araya gətirən Fransa-Rusiya Ticarət və Sənaye Palatası və 2012-ci ildə onun nəzdində akademik platforma olaraq yaradılan Fransa-Rusiya Monitorinq Evi də uzun müddət bu lobbiçilik-propaqanda fəaliyyətinin əsas elementlərindən olub. “Droite Populaire” (“Xalq hüququ”) ilə “Front National” (“Milli cəbhə”) arasında mövqe tutan Puşkin Çevrəsi, “Total”ın Rusiyadakı keçmiş direktoru Mişel Lebedev tərəfindən idarə olunan “Müəssisələrarası Qarşılıqlı Yardımlaşma Assosiasiyası” (AREP) isə nisbətən qeyri-rəsmi lobbiçilik qurumları arasındadır (Laurelle, 2018 b).
Vladimir Yakunin və Konstantin Malofeyev kimi Kremlə yaxın oliqarxlar tərəfindən idarə olunan pravoslav yardım fondları və digər təşkilatlar uzun illər Rusiyanın Fransadakı gücünün digər mühüm ayağını təşkil edib. Bu iki Putin olqarxı əllərindəki böyük imkanlardan yararlanaraq Fransada Kreml narrativlərinin əsas aparıcıları rolunu oynayıblar. Yakunin daha çox Fransa-Rusiya münasibətlərinin rəsmi seqmentini hədəfləyib: Fransa–Rusiya Dialoquna və iri fransız şirkətləri ilə əlaqələrə fokuslanıb. Malofeyev isə demək olar ki, tamamilə ifrat sağ mühitində çalışıb; Avropa və Rusiya ifrat sağını bir-biri ilə və monarxist dairələrlə bağlamaq üçün görüşləri mütəmadi maliyyələşdirib (CSİS, 2022 b).
Şəbəkənin fəaliyyətində 2022-ci ildən sonra müəyyən çətinliklər yaransa da, fiziki mövcudiyyətləri və narrativ yaymaqdaki rolları yox olmayıb. Təhlillər Yakuninin Avropada yaratdığı və maliyyələşdirdiyi “Dialogue of Civilizations (DoC) / DOC-RI” və onunla əlaqəli təşkilatların Fransa da daxil olmaqla bütün Avropada siyasi təmaslar və propaqanda istehsalı yoluyla Kremlpərəst fəaliyyətlərinə davam etdiyini göstərir (Brussels Watch, oktyabr 2025). Yakunin Kanada və ABŞ sanksiyalarına məruz qalsa da, Aİ daxilində sanksiya ilə qarşılaşmayıb, oğlu Andrey isə İngiltərə vətəndaşı olduğu üçün ona heç bir sanksiya tətbiq edilməyib - bu da onların Avropa daxilində fəaliyyətlərini rahat davam etməyə imkanı verir (The İnsider, avqust 2025).
Konstantin Malofeyev Avropa İttifaqı sanksiyalarına daxil edilən isimlər arasındadır, bu səbəbdən Fransadakı fiziki fəaliyyəti məhdudlaşıb. Ancaq onun nəzarətində olan “Çargrad”, “Katehon”, “Double-Headed Eagle” və digərləri kimi propaqanda vasitələri ara aktorlar vasitəsilə Avropadakı radikal sağ dairələrlə əlaqələrini davam etdirir (Rondeaux, aprel 2025).
Siyasi müttəfiqlər və nümayəndələr - Rusiyanın Fransadakı radikalizmlə dostluğu
Rusiyanın Avropadakı təsir və əlaqələrini genişləndirməsində Fransa siyasəti hər zaman əsas rol oynayıb. Daha yaxın dövrdə Rusiya mediasının təbliğatını pisləsə də, Krımın işğalı, Donbasdakı separatçılıq, Navalnının zəhərlənməsi kimi məsələlərdə Qərb ilə ortaq mövqedən çıxış edib Moskvaya qarşı sanksiyaları dəstəkləsə də, Paris 2022-ci ilə qədər Rusiyanı təcrid edilməli deyil, dialoqa cəlb olunmalı legitim tərəfdaş saymağa davam edirdi (CSİS, 2022 c).
2017-ci il seçkilərində Rusiya tərəfdarı olmayan yeganə namizəd olmasına və Moskva tərəfindən seçki manipulyasiyasına uğramasına baxmayaraq, Emmanuel Makron prezident olduqdan sonra Rusiya ilə əlaqələri istiləşdirmə xətti seçdi. Makron illərlə düşünürdü ki, Putinlə birbaşa dialoq yoluyla Rusiya ilə bağlı problemləri həll edə biləcək və hətta Ukraynaya tam miqyaslı hücumun başlamasından aylar sonra belə, az qala hər gün Putinlə danışaraq müharibəni durduracağına inanırdı. Ancaq 2022-ci ilin ortalarından etibarən bu ümidlərinin əsassızlığını anladı. Makron ikinci prezidentlik dövrünə Qoll-Mitteran xəttinin davamçısı olaraq deyil, Ukraynanın ən güclü müdafiəçisi olaraq başladı (Geopolitics, 2024 b).
Milli Cəbhənin şinelindən çıxan Milli Birləşmə (RN) Partiyası Fransa siyasi səhnəsində Moskvanın ən bilinən tərəfdarıdır. Partiyanın qurucusu Jan-Mari Le Penin Vladimir Jirinovski, Sergey Baburin, Eduard Limonov, Aleksandr Duqin kimi radikal rus millətçiləri ilə qurduğu əlaqələr və formalaşdırdığı rusiyapərəst xətt qızı Marin le Pen tərəfindən də davam etdirildi. Paris-Berlin-Moskva arasında “irəliləmiş strateji ittifaq” çağırışı edən Le Pen Rusiyanın ən yaxın dostlarından və Rusiya propaqandasının ən sevimlilərindəndir. Milli Birlik Partiyasının bir çox üzvünün Rusiya ilə əlaqələri də ictimaiyyət üçün sirr deyil (CSİS, 2022ç).
Rusiya isə RN-ə hər cür hüquqi çərçivəni rahatlıqla aşan dəstək veir. RN 2014-cü ildə Rusiyadan 6 milyon avro kredit alıb və bunun müqabilində Kremlin antiqlobalizm, antiliberalizm, anti-LQBTQ+, antiimmiqrasiya və “müsəlman dünyasına qarşı müqavimət” narrativlərini açıq şəkildə dəstəkləyib (İCCT, 2024ç). RN hər nə qədər 2022-ci ildən sonra Rusiyanın Ukraynaya hücum etdiyini qəbul etsə və işğalı qınamaq məcburiyyətində qalsa da, müşahidələr bunun seçki qayğılarından qaynaqlanan davranış olduğunu və RN-in Kreml yönümlü bağlarını və simpatiyasımnı gizləyərək fundamental dəyişiklik etmədiyinə inanır. RN Fransa hərbi qüvvələrinin Ukrayna ərazisinə yerləşdirilməsinin və Kiyevə Rusiya ərazisini vura biləcək raketllər satılmasının əleyhinədir (Geopolitics, 2024 c).
Rusiyanın Fransadakı ikinci siyasi müttəfiqi isə 2022-ci il seçkiləri ərəfəsində populist Erik Zemur ətrafında yaranmış “Reconquête” (“Yenidən fəth”) partiyasıdır. Ksenofob, irqçi və islamofob narrativlərə, həmçinin Böyük Əvəzlənmə (Great Replacement) nəzəriyyəsinə sahib olan bu partiyanın mövqeyi və Zemurun sivilizasiya haqqındakı dünyagörüşü onu Kreml tərəfindən təşviq edilən “mühafizəkar inqilab” ideyalarına ideoloji baxımdan ən yaxın fiqura çevirib. Rusiya səfiri 2015-ci ildə hələ siyasətə daxil olmayan Zemuru Fransa siyasi həyatının ən yaxşı analitiki və işləmək üçün qiymətli resurs hesab etdiyini bildirib (İCCT, 2024d).
Fransanın ənənəvi mərkəz sağ partiyası Respublikaçılar (Les Républicains) daxilində də Rusiya dəstəkçiləri kifayət qədərdir. Bunlardan ən məşhurları partiyanın 2017-ci ildə prezidentliyə namizəd göstərdiyi, qollist mövqeyi ilə seçilən Fransua Fiyon, onun xarici siyasət müşavirləri və keçmiş prezident Nikola Sarkozidir (OpenSocietyFoundation, 2018a).
Daha “suverençi” rusiyapərəst alt qrupa “Mouvement Pour la France”dan Filipp de Vilye və “Debout la République”dən Nikolas Düpon-Anyen daxildir. Onların Rusiya ilə birbaşa şəxsi əlaqələri daha zəifdir. Kiçik Xristian-Demokrat Partiyası da prusiyapırıst mövqeləri ilə seçilən bir neçə fiquru özündə birləşdirir (CSİS, 2022d).
Rusiyanın Fransadakı propaqanda arxitekturasına Milli Birləşmədən (RN) daha sağda, RN-dən ayrılmış və ya onunla həmişə ziddiyyətdə olmuş, Rusiyaya güclü dəstək göstərən saysız-hesabsız kiçik hərəkatlar və şəxslər də (Buşe, Soral, Le Gallo, Camus və s) var. (İCCT, 2024e) Nəhayət, Kreml narrativləri ilə dünyagörüşləri üst-üstə düşən başqa bir sağ qrup da kəşfiyyat xidmətlərinin “konspirasiyaçılar” adlandırdığı, medianın ultra sarılar kimi də təqdim etdiyi yeni hərəkatdır. Bu hərəkat 2018-də “Sarı jiletlilər” nümayişləri zamanı müşahidə olunmağa başladı: əvvəlcə çox siyasiləşməmiş populist hərəkat idi, lakin tədricən radikallaşaraq ifrat sağ tərəfindən uduldu. “Sarı jiletlilər” kampaniyasında əsas rol oynayan və əvvəlcə tanınmayan influenserlərin çoxu Kreml propaqandasının sistematik gücü ilə dəstəkləndi. Sosial böhran bitdikdən sonra hərəkatın liderləri pandemiya dövründə yenidən fəallaşdı: əvvəl COVID-19 skeptisizmini, sonra isə Rusiyanın Ukraynaya tammiqyaslı hücumu zamanı Kreml narrativlərini mənimsədilər (İCCT, 2024f).
Fransada Kreml mesajlarının başqa bir daşıyıcısı nöqtəsi radikal sol-populist qüvvələrdir. Bu qüvvələrin təmsilçisi olan “La France Insoumise” (LFI) Fransada Amerika əleyhdarı xəttin və radikal solun ənənələrinin mirasçısıdır. Mövcud Rusiya siyasəti sosializmdən çox uzaq olsa da LFI və xüsusilə də onun lideri Jan-Luk Melanşon Moskvaya heyranlıq duymağa davam edir, bunun səbəbi də ABŞ siyasətinə və liberal demokratiyaya nifrətdir. Melanşon 2022-ci ildən sonra Ukraynanın işğalını nəhayət qınasa da, şifahi sözdən o tərəfə keçmədi, əksinə LFI lideri 2024-cü ildə Putinin ölkəsinin mənafeyinə uyğun şəkildə davrandığını söylədi və həm Napaloonu, həm Hitleri məğlub edən ölkəyə kimsənin qalib gələ bilməyəcəyini dedi (Geopolitics, 2024 ç).
/kharcenter.com/
ardı var

