100 il əvvəl İranda Pəhləvi sülaləsinin əsası qoyuldu.
16-12-2025, 12:18

15 dekabr 1925-ci il. Rza xan and içərək İran taxtına oturur və İranın yeni şahı olur. O, üç gün əvvəl Müəssislər Məclisi tərəfindən şah elan edilmişdi.
Kazak briqadasının komandiri olan Rza xan 1921-ci ilin fevralında Tehranı tutaraq hərbi çevriliş etdi. Ziyaəddin Təbatəbai baş nazir, özü də hərbi nazir oldu. 1923-cü ilin oktyabrında isə Təbatəbaini uzaqlaşdırıb baş nazir vəzifəsini özü tutdu. Vəziyyətin yaxşı şəkil almadığını görən, üstəlik, müalicəyə ehtiyacı olan sonuncu Qacar hökmddarı Əhməd şah Avropaya getdi və daha ölkəsinə dönmədi.
Məclis 1925-ci il oktyabrın 31-də Qacar xanədanına son verilməsi barədə qərar qəbul etdi. Rza xan əvvəlcə Türkiyədə olduğu kim təkadam respublikası yaratmaq istəyirdi. Amma ruhanilərin, eləcə də ingilislərin etirazları üzündən taxta çıxmalı oldu və Pəhləvi sülaləsinin əsasını qoydu.
Rza şahın hərbi nazir, baş nazir və nəhayət, şah olmasında ingilislərin də ciddi dəstəyi vardı. Qacarların son dövründə mərkəzi hakimiyyət tamamilə çökmüşdü. Şahın hökmü Tehrandan kənara çıxmırdı. London belə bir vəziyyətdə İranın bolşevik Rusiyasının nəzarətinə keçəcəyindən qorxurdu və güclü mərkəzi hakimiyyətin formalaşmasında maraqlı idi.
Rza şah həqiqətən də güclü hakimiyyət yaratdı. Eyni zamanda, ingilislərin də marioneti olmadı. Məsələn, hələ 1901-ci ildə imzalanan və İran neftindən gələn gəlirin bölüşdürülməsini əks etdirən d`Arsi konsessiyasına yenidən baxılmasını tələb etdi, 1933-cü ildə yeni neft müqavilə imzalandı və nəticədə neft satışından İranın payına düşən faiz xeyli artdı.
Şah Atatürk islahatlarını kopyalayan bir sıra islahatlar həyata keçirdi, İranı modernləşdirməyə çalışdı. 1935-ci ildə Millətlər Cəmiyyətinə müraciət edərək ölkəsinin Persiya deyil, İran adlandırılmasını istədi (antik Yunanıstandan gələn ənənəyə əsasən Avropa və digər Qərb ölkələrində Persiya deyirdilər, Şərqdə isə həmişə İran olub).
Rza şahın getdikcə müstəqilləşən xarici siyasəti, nasist Almaniyası ilə isti münasibətlər qurması Londonda getdikcə artan narazılığa səbəb oldu. 1941-ci ilin avqustunda SSRİ ilə birlikdə İranı işğal edən ingilislər Rza şahı devirdilər və Mavrikiyə sürgün etdilər. Bir qədər sonra Cənubi Afrikaya getməsinə icazə verdilər.
Müttəfiqlər İranda Qacar sülaləsinin bərpası, hətta respublika elan edilməsi barədə düşündülər. Lakin sonda Rza şahın oğlu Məhəmməd Rzanın taxta çıxmasına razı oldular.
Keçmiş şahənşah isə 1944-cü il iyulun 26-da 66 yaşında Yohannesburqda öldü. Cəsədi 1950-ci ildə İrana gətirildi.
İranın sonuncu hökmdar sülaləsi 53 ildən bir qədər çox hakimiyyətdə oldu və 1979-cu ilin fevralında İslam inqilabı nəticəsində devrildi.
"Tarixçi" whatsapp kanalı
https://whatsapp.com/channel/0029Vb6KJAEL2ATpevBzD90l
"Tarixçi" teleqram kanalı
https://t.me/yadigarsadigli
TEREF

