Əzizə Cəfərzadə 104

29-12-2025, 09:58           
Əzizə Cəfərzadə 104
Danışan foto 1987-ci il 15 oktayabr. Yazıçı Əzizə Cəfərzadə Suriyanın Hələb şəhərində dəfn olunan İmadəddin Nəsiminin məzarına Şamaxıdan gətirdiyi torpağı səpir. Foto yazıçının oğulluğu Turan İbrahimova məxsusdur. Ondan sonra Nəsiminin məzarını kimlər ziyarət edib deyə bilmərəm...
Bu bizik?!
Sabah dünyanı ədəbiyyatımıza gətirən yazıçı-ədəbiyyatşünas və ictimai xadim, hamının sevimlisi Əzizə xanım Cəfərzadənin doğum günüdür. Əslən Şamaxının Sarıtorpaq məhəlləsindən olan Əzizə xanım Bakıda anadan olub.
Biz onun əsərləri ilə oxuyub böyüdük, özümüzü tanımağa çalışdıq. Onun sovet dövründə yazdığı əsərlər milli kimliyimiz yoluna, azərbaycançılıq yolunda bir işıq, bir mayak oldu. Millət daha sonra onu qanlı 20 yanvar hadisəsindən sonra “Azərbaycan Anası”sı kimi tanıdı və sevdi.
Əzizə xanım sözün bütün mənalarında ömrünü Azərbaycan ədəbiyyatına, azərbaycan insanına həsr edən az saylı ziyalı qadın yazıçılarımızdandır. Əslində, o, təkcə yazıçı deyildi.. Onun vətəndaş mövqeyi, onun millətçiliyi, onun xalq təəssübkeşliyi ona böyük Vətən Daşı oldğunu deməyimizə əsas verir.
Zaman keçdi, O, Vətən Daşı olduğunu vəsiyyətinə uyğun olaraq Məzar Daşına bu sözlərlə köçürtdü: “Sizə vəsiyyətim–dilimizi, qeyrətimizi, vətənimizi qoruyun”.
Əzizə Cəfərzadə bir zamanlar xahiş-minnətlə aldığımız "Aləmdə səsim var mənim" "Vətənə qayıt" "Yad et məni "Bakı-1501" "Cəlaliyyə" "Sabir" "Zərrintac-Tahirə" "Bəla"və s. əsərlərin müəllifidir. Bu əsərlər hamının stolüstü kitabı idi, əldən ələ gəzirdi, vərəqləri oxumaqdan çırılsa da yenə də yalvar -yaxarla alıb oxuyarduq.
Ammabirdən birə "20 yanvar" hadisələrində Şəhidlərin dəfn olunan günü onun siması bütövlükdə bu dərdlərin əlində yumağa dönmüş Azərbaycan anasının ağlar simasına çevrildi.Elə budər də onun ölümünü tezləşdirdi....
Əzizə xanım 2003-cü ilin 4 sentyabrında 82 yaşında vəfat etdi və Hacıqabul rayonunun Tağılı kəndində torpağa tapşırıldı.
Düşünürəm ki, bir halda ki, onu əsərlərindən tanıyırsız, şəxsi həyatı ilə də bilgiləriniz olmalıdır ki, natamamlıq olmasın.
1. Həyat yoldaşı ilə aviasiya klubunda tanış olan Əzizə xanım 1941-ci ildə ailə qurur. Cütlüyün bir qızı dünyaya gəlir.
2. Müharibə dövründə dünyaya gələn qız övladını qəfil itirib. O vaxtlar keçmiş Sovetski küçəsində yerləşən Pedaqoji məktəbdə hospitalda işləyirmiş. Qızı balacaymış. Onu qonşu uşaqlarından kimsə Sovetskidən bir tin aşağıdan Yuxarı Dağlıq küçəsindəki evlərindən hospitala əmizdirməyə apararkən yolda uşaq əldən sürüşüb yıxılıb və ya hər ikisi yıxılıb, qızı başından zədə alıb və bir müddət sonra vəfat edib.
3. Represiyya illərində əski əlifba ilə yazılan kitablar yandırılmağa başlamışdı. Həmin illər Əzizə Cəfərzadə evlərində bu əlifba ilə olan kitabları kisəyə yığaraq çay kənarında basdırırmış.
4. Övlad itkisindən bir xeyli əsər yazan Əzizə Cəfərzadə ömür boyu bu itkini çiyinlərində daşıyır. O, kiçik yaşda olan qardaşı oğlu Turanı və Kəmaləni öz övladlı kimi böyüdür. Turanın onun övladı olmasını rəsmiləşdirir, Kəmaləni isə rəsmiləşdirə bilmir.
5. Onun haqqında daha bir maraqlı fakt: 1945-ci ildə tələbə olan Əzizə Cəfərzadənin əlində ərəb əlifbasındakı türk ədəbiyyatına aid kitabı görüb onu universitetdən xaric edirlər.
İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılır. O, Anna Axmatova kimi salon lirikasını tərənnüm etməkdə günahlandırılır.
6. 26 yaşında teatr texnikumuna müdir təyin olunur. Bir dəfə dərs vaxtı Əzizə Cəfərzadə Çar İmperiyasının Azərbaycanı necə işğal etməsindən danışır. Onun sovetlərə uyğun olmayan dərslərini qeydə almaq üçün partanın altına səsyazan cihaz qoyurlarmış. Tələbələr isə elə edirlərmiş ki, səsyazan işləməsin.
7.1979-cu ildə Hacıqabulun Tağılı kəndində məktəb tikdirir. Bunun üçün Moskvada çap olunan kitablarının bütün qonararını xərcləyir. Tikintinin sonuna az qalmış qiymətli mirvari boyunbağısını da satır, əldə etdiyi gəliri tikintiyə xərcləyir.
Baba Allahnəzərov
TEREF














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]