Xruşovun Qarabağı istəyən Mikoyana - Cavabı.

15-01-2026, 09:04           
Xruşovun Qarabağı istəyən Mikoyana - Cavabı.
Ən yeni tarix. Maraqlı faktlar.
Nikita Xruşovun siyasi fəaliyyətinə nəzər salarkən belə qənaətə gəlmək olar ki, o öz hakimiyyəti dövründə Azərbaycana qarşı həmişə ədalətli mövqe nümayiş etdirib.
Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı təkliflərini Xruşov qətiyyətlə rədd edib.
Anastas Mikoyanla yaxın dostluq münasibətlərinə baxmayaraq, Xruşov bu məsələdə tarixi gerçəkliklərə üstünlük verərək ədalətsizliyə yol verməyib.
Nəhayət, 1964-cü ilin yanvar ayında Nikita Xruşov Qarabağ məsələsi ilə bağlı Mikoyanın layiqli cavabını verib:
“Mən bu gün hazıram ki, Dağlıq Qarabağda yaşayan erməniləri Ermənistana bir sutka ərzində köçürmək üçün ora on iki min hərbi yük maşını göndərim”.
Bununla da Xruşov Dağlıq Qarabağın Ermənistanın tabeliyinə verilməsi məsələsinə münasibətini tam ortaya qoyub.
Bununla yanaşı, Nikita Xruşov öz hakimiyyəti dövründə Azərbaycanın sosial iqtisadi inkişafı üçün SSRİ büdcəsindən səxavətlə vəsait ayırıb.
Bu baxımdan 1960-cı ilin aprel ayında sovet Azərbaycanının 40 illiyi münasibətilə Nikita Xruşovun Azərbaycana səfəri maraqlı hadisələrlə yadda qalıb.
SSRİ rəhbərinin Bakıya səfəri zamanı respublika üçün əhəmiyyətli olan bir sıra məsələlər də öz həllini tapıb.
Nikita Xruşov Bakıya qatarla gəlib.
Qarşılanma mərasimindən sonra vağzal ətrafındakı kiçik həyət evlərinə nəzər yetirən ali qonaq Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovdan soruşub:
- Paytaxt girişindəki bu kiçik və yöndəmsiz daxmalar nədir?
Xruşovun qəfil sualı Axundovu çaşdırsa da, o, suala dərhal cavab tapıb:
- Nikita Sergeyeviç, bu daxmalarda sakinlər əsasən ev heyvanları saxlayırlar.
Xruşşov başını bulayaraq gülümsəyib:
- Sizin heyvanlarınız, deyəsən, çox savadlıdır. Daxmaların hamısının üstündə antenlər var.

Nikita Xruşovun respublika stadionunda alovlu çıxışı alqışlarla qarşılanıb.
Stadionda SSRİ rəhbərinə Azərbaycanın milli baş geyimi, papaq hədiyyə olunub. Xruşov dərhal şlyapasını çıxardaraq papağı başına qoyub, şlyapasıyla isə görüşə toplaşanları salamlayıb. Məhz bu görüşdə tarixi bir foto yaranıb: iki papaqlı Xruşov...
Həmin görüşdə sıravi bir milis əməkdaşının hərəkəti də Xruşovun diqqətindən yayınmayıb.
Toplaşanlar arasından bir qadın Xruşova məktub vermək istəyəndə milis əməkdaşı kobud şəkildə onun qarşısını almaq istəyib. Bunu görən Xruşov çox kəskin və sərt şəkildə milis əməkdaşına iradını bildirib və məktubu qadından alıb.
Xruşovun Azərbaycana səfəri ilə Bakı Metropoliteninin tikintisinin yeni mərhələsi başlanıb.
Məlum olduğu kimi, Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının baş planının ilkin variantlarında metropolitenin tikintisi qərara alınıb.
Qərarın icrası uzun illər yalnız sənəd üzərində qalıb. Təbii ki, 1941-45-ci illər müharibəsi illərində də bu haqda düşünülməyib. Nəhayət, 1951-ci ildə çox kiçik templə metronun tikintisinə başlanılıb.
Ancaq qısa bir müddətdən sonra, 1953-cü ildə vəsaitin çatışmazlığı ucbatından tikinti işləri dayandırılıb.
Məhz Xruşovun Bakı səfəri zamanı bu məsələ öz həllini tapıb, tikinti işləri davam etdirilməyə başlayıb.
Xruşovun Azərbaycana səfəri zamanı dənizdə neftçıxarma sahəsində olan bir çox problemlər də həllini tapıb.
Sovet rəhbəri Neft Daşlarında olarkən bu şəhəri möcüzə adlandırıb. Məhz onun göstərişi ilə Neft Daşlarında yeni binalar inşa edilməyə başlanıb, burada işləyənlərin ərzaq və məişət əşyaları ilə yüksək təminatı öz müsbət həllini tapıb, yeni texnikalar və texniki avadanlıqlara təchizat məsələləri kimi problemlər həll olunub.
Xruşovun Bakı səfəri zamanı onu respublika rəhbərliyi ilə yanaşı, tanınmış mədəniyyət, incəsənət və elm xadimləri də müşayiət edib. Müşaiyət edənlər arasında ən maraqlı fiqur isə Azərbaycan KP MK-nın ikinci katibi Vladimir Semiçastnı olub.
O, 1959-1961-ci illərdə bu vəzifədə çalışıb. Bu həmin siyasətçidir ki, Nikita Xruşov onu 1961-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə gətirmişdi.
Və bu həmin DTK sədridir ki, 1964-cü ildə Xruşovun hakimiyyətdən devrilməsində əsas icraçılardan biri olub.
Çox yəqin ki, Xruşov bunları əvvəlcədən bilsəydi, Vladimir Semiçastnı ilə bağlı lazımi qərarları elə Bakıda verərdi.
İlham Cəmiloğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]