NƏDƏN BAYQUŞ SEVİLMİR?
9-01-2026, 00:01

Bayquş heç vaxt yalan danışmaz.
Buna görə də xurafatda bu, bədbinlik hesab olunur. Bir bayquş Süleyman peyğəmbərin (ə) yanına gəlib ona salam verdi. Süleyman peyğəmbər (ə) də salama cavab verdi.
Sonra aralarında belə bir söhbət oldu:
“Ey bayquş, niyə yerdən çıxanları yemirsən?” “Çünki Adəm yerdən çıxan bir şeyə görə Cənnətdən qovuldu.”
“Bəs niyə su içmirsən?”
“Çünki Nuhun (ə) qövmü suda boğuldu.”
“Niyə yaşayış yerlərini tərk edib xarabalıqlarda yaşayırsan?”
“Xarabalıqlar Allahın mirasıdır və mən Allahın mirasında yaşayıram.”
“Xarabalıqda oturanda nə deyirsən?”
“Deyirəm: “Burada yaşayanlar haradadır?”
“Bəs binaların üzərindən keçəndə nə deyirsən?”
“Deyirəm: “Çoxlu çətinliklər qarşısında olarkən, rahat yatan bu insanların vay halına”.”
“Niyə gündüz çıxmırsan?” “İnsanların özlərinə və bir-birlərinə etdikləri çoxlu haqsızlıqlara, pisliklərə görə...”
“Oxuyanda nə deyirsən?”
“Deyirəm: “Ey qafil, axirət səyahətin üçün tədarük hazırla!” Və “Sübhane Halikun-Nur” (Nurun Yaradanına şan olsun) oxuyuram.”
Bu söhbətdən sonra Süleyman (əleyhissalam) dedi:
“Quşlar arasında bəşəriyyətə bu qədər gözəl nəsihət verən və bundan daha şəfqətli olan quş yoxdur. Nə qəribədir ki, cahillər bundan nifrət edir və onu pis hesab edirlər.”
Есмира Шукурова
TEREF

