Mir Şahin, mövqeləri qarışdırmaq arqument deyil
17-01-2026, 15:14

Mir Şahin “dırnaqarası ‘Elbəylərə’ dırnaqsız…” adlı statusunda “İran mənim dostum deyil” deyir və bu ifadəni mənə qarşı ittiham kimi təqdim edir. Burada ciddi məntiq səhvi var və onu aydınlaşdırmaq lazımdır.
Əvvəla, İran mənim də dostum deyil. Mən azərbaycanlıyam, Azərbaycan vətəndaşıyam və mənim üçün əsas və dəyişməz meyar Azərbaycan dövlətinin və xalqının maraqlarıdır. Bu mövqe nə yeni, nə də situativdir — illərdir açıq şəkildə müdafiə etdiyim xətdir.
İkincisi, Mir Şahinin məni Qənimət Zahidlə eyniləşdirməsi ya mövzudan xəbərsizliyin, ya da qəsdən manipulyasiyanın göstəricisidir. Mən Qənimət Zahidi dəfələrlə tənqid etmişəm — Azərbaycanda talış separatizmini müdafiə etdiyinə, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadəyə açıq dəstək verdiyinə görə. Eyni səbəblərlə AXCP-ni və onun lideri Əli Kərimlini dəfələrlə qınamışam.
Bəli, Əli Kərimlinin həbsinə də etiraz etmişəm. Çünki siyasi mövqeyə qarşı olmaq hüquqsuz həbsi dəstəkləmək demək deyil. Bu, ziddiyyət yox, prinsipdir. Normal siyasi düşüncə də məhz buradan başlayır.
Üçüncüsü, mənim mövqeyimi Sevinc Osmanqızının mövqeyi ilə eyniləşdirmək absurddur. Sevinc Osmanqızı Azərbaycan xalqını Bakıda və Sumqayıtda ermənilərə qarşı poqromlarda ittiham edib. Mən bunu açıq şəkildə tənqid etmişəm və mövqeyim hamıya bəllidir.
Dördüncüsü, “Sahar Azeri” məsələsi. Mir Şahin iddia edir ki, guya mən bu kanala qarşı mövqe bildirməmişəm. Bu, faktlara ziddir. Mən təxminən 40 ildir İran molla rejiminin ideologiyasını tənqid edirəm. 22 dekabr 2025-ci il tarixli statusumda da “Sahar Azeri” kanalının adını açıq şəkildə çəkərək onun təbliğat xarakterini izah etmişəm. Bu status arxivdə durur.
Beşincisi, “boş-boğazlıq” ittihamı. Boş-boğaz adam hər gün analitik yazı yaza bilməz. Son günlərdə İranla bağlı yazılarımın yalnız adlarına baxmaq kifayətdir:
“İran çöksə, Bakı üçün fəlakətmi, strateji fürsətmi?”
“Qərb İran haqqında nə deyirdi, indi nə deyir?”
“İran federallaşırsa, Türk Dünyası nə qazanır, nə itirir?”
“Peşikian, Rza Pəhləvi, SEPAH üçlüyü: İranda Yuqoslaviya variantı”
“Nadir şahdan bu günə: İran–Türkiyə–Səudiyyə Ərəbistanı üçbucağı”
Əgər bu yazılarda ciddi siyasi səhv varsa, buyur, konkret arqumentlə tənqid et. Ümumi, mücərrəd ittihamlar polemika deyil.
Altıncısı və ən vacibi: Türkiyədən sonra dünyada türklərin ən çox yaşadığı ölkə İrandır. Biz Venesueladakı prosesləri izləyiriksə, İrandakı hadisələri “daxili işdir” deyib kənara qoymaq məntiqsizdir. Əksinə, bu prosesləri anbaan izləməli, bütün ssenarilərə hazır olmalıyıq. Bu, populizm yox, dövlətçilik refleksidir.
Yekunda bir daha açıq və sənin təbirinə uyğyn şəkildə "dırnaqsız" deyirəm: mövqeni arqumentlə müdafiə edə bilməyəndə, dili kobudlaşdırmaq çıxış yolu deyil. Lətərani və vulqar ifadələr düşüncənin gücünü yox, onun tükəndiyini göstərir. Sözü sərtləşdirməklə fikir dərinləşmir, sadəcə səviyyə enir.
Sən elə zənn edirsən ki, bu cür ifadələrlə bədii təfəkkürün zirvəsində qanad çalırsan. Əslində isə intellektual tənbəllik ucbatından sözün estetik məsuliyyətindən imtina edirsən.
Əsas prinsipimi bir daha vurğulayıram: biz istənilən situasiyada filanpərəst yox, Azərbaycanpərst mövqedə dayanmalıyıq. Mənim bütün yazılarımın meyarı da məhz budur...
Elbeyi Hesenli
TEREF Mirşahin bəyində mövqeyini dərc etməyə hazırdır!
TEREF

