Yaddaşlardakı Xalq yazıçımız İsmayıl Şıxlı ...
27-02-2026, 09:23

Xalq yazıçımız İsmayıl Şıxlı İkinci Dünya müharibəsində cəbhədə döyüşəndə günlərlə ac qalmışdı. Onu ölümdən evinə çörək yemək üçün getdiyi rus qadın xilas etmişdi. Evin sahibəsi kiçik daxmadakı kitablarla maraqlanan azərbaycanlı əsgərin müəllim olduğunu biləndə “Mən də müəlliməm oğlum”, - deyib, onun qulluğunda durmuşdu. Onlar sonralar ana və oğul kimi illərlə məktublaşmışdılar.
Yazıçı müharibədə rus əsgərlərinin alman qadınlarını kütləvi zorlamasına da şahidlik etmişdi. O, bunları qələmə alsa da, senzura səbəbindən “Cəbhə gündəlikləri” adlı memuarına salmayıb.
İsmayıl Şıxlı ön cəbhədə olanda kimsə ailə üzvlərinə onun müharibədə h*əlak olduğunu, hətta m*eyitini gözləri ilə gördüyünü demişdi. Yazıçının ailə üzvləri bununla əlaqədar kiçik yas mərasimi təşkil etmişdilər, hətta ehsan da vermişdilər.
Bakıda təhsil alan yazıçını atasının guya bəy olduğunu, səhvən Türkiyədə yaşadığını bilib, dəfələrlə sorğu-sual etmişdilər. Bu sorğular, dindirmələr gecələr saat 3-4-ə qədər çəkirdi. Yazıçı sonralar bilib ki, onun barəsindəki donosları öz otaq yoldaşı yazırmış.
Onun elçiliyini Səməd Vurğun, Osman Sarıvəlli ilə birlikdə etmişdi. Qaynatası Məmməd Şıxlı elçiləri acıqlı qarşılamışdı. Sonralar Səməd Vurğun Məmməd Şıxlının kürəkəni İsmayılla yanaşı gəzməsinə eyham vuraraq, “Ay Məmməd, qapına elçiliyə gəldik, az qaldın evdən qovasan, Badisəba xanım olmasaydı, qabağımıza çay da qoymayacaqdın, amma indi kürəkəninlə yanaşı gəzirsən”, - zarafat etmişdi.
İsmayıl Şıxlının Bakıda ev almasına Səməd Vurğun köməklik etmişdi. Lakin Səməd Vurğunun “Baksovet”də mənzil üçün tapşırıq verdiyi erməni Sərkis İsmayıl Şıxlını aldatmışdı.
Anar Tağıyev
TEREF

