4 mart azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin vəfat etdiyi gündür.

4-03-2026, 12:27           
4 mart azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin vəfat etdiyi gündür.
4 mart azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin vəfat etdiyi gündür.
Allah rəhmət etsin inşallah.
Ağa Musa Hacı Nağı oğlu Nağıyev saman satanın oğlu idi. 1849-ci ildə anadan olub. Sonralar varlanan Musa Nağıyev var-dövlətdə Hacı Zeynalabdin Tağıyevdən geri qalmırdı. Hətta ondan zəngin idi. Axır vaxtlarda Tağıyevin tanxası beş-altı milyon, o da əmlak və əşyadan ibarət olduğu halda, Musa Nağıyevin var dövləti 10 milyonlarla qızıl pula çatmışdı.
Milyonçu Ağa Musa "əfsanəvi" bir şəxsiyyətə dönmüşdü. "Cəmiyyəti xeyriyyə" üçün şəhərin mərkəzində əzəmətli "İsmailiyyə" binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realni məktəbin inşasını öhdəsinə alıb yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəməsinə, şəhər kənarında keçmiş Semaşko, indiki Ağa Musa Nağıyev xəstəxanasını tikdirməyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə və digər çoxlu xeyriyyə işləri görməyinə baxmayaraq camaat tərəfindən xəsis adıyla damğalanmaşdı.
Ağa Musa bəhayi məzhəbini qəbul etmişdi. Onun şərəfinə əzəmətli əfsanəvi "İsmailiyyə binası"nın əsas fasadında, lap yuxarıda Şeyx Bəhanın qranitdən böyük bir heykəlini qoydurmuşdu. Onun altında, girdə pəncərələrin birində isə vaxtsız vəfat etmiş oğlu Ağa İsmayılın kresloda oturmuş halda mərmərdən yonulmuş heykəli dururdu.
Ağa Musa Biləcəridə çox kasıb ailədə doğulmuşdu. Atası qeyd edilən kimi saman satmaqla məşğul idi. Qardaşı isə ömrünün sonuna qədər hamamçı olmuşdu. Hal-hazırda Ağa Musa Nağıyevin Biləcəri kəndindəki evində onun qardaşının nəvə və nəticələri yaşayır. Hacı Mürsəlin oğlu Hənifə oğlu Xasməmməd oğlu Ənnağı oğlu Xasməmməd oğlu Fərid.
Ağa Musa cavanlıqda dalında palan biri üç qəpiyə, beş qəpiyə ona-buna şələ daşıyarmış. Zəhmət-əmək hesabına pul yığıb əvvəl Balaxanıda neft təbəqələri dayazda yerləşən, quyu qazdırmaq nisbətən asan olan yerdə balaca sahə aldı. Gecə gündüz quyu qazanların yanından çəkilmir, heç kimi bekar qalmağa, hədər vaxt itirməyə qoymurdu. Adətən xoş dillə onları işləməyə vadar edirdi. Yeri gələndə acıqlanarmış. Hər iki halda da fəhlələrə "atam-atam" deyə müraciət edirmiş.
"Atam-atam çox sağol! Yaxşı işlə xoşum gəlsin səndən!"
"Atam-atam başıva dönüm!"
"Atam-atam, belə eləsən məni müflis edərsən"
"Atam-atam deyəsən məqsədin mənim boynuma torba salıb dilənçi etməkdir!"
Ağa Musa Nağıyevin fəhlələrə müraciətləri.
Özüdə fəhlələrlə bərabər ağır işlərdə işləyirdi. Nəhayət tale üzünə gülür, quyu fontan vurur, şələçi Musa dönüb olur Ağa Musa, milyonçu Ağa Musa Nağıyev. Özüdə get-gedə bacarıqlı bir iqtisadçı olur. Sərvət artdıqca, tamah, həvəs, ehtiras da artır, gecə-gündüz işləyir, iş artdıqca isə qüvvə, arzu da böyüyür. 1893-cü ildə qonşu Sabunçuda, Ramanada mədən salır. O zamanlar ən zəngin hesab edilən Bibiheybət dərəsində, Naftalan körfəzi sahilində mədən ələ keçirir. Qazılan quyuların hamısı güclü fontan vurur. İnsan tamahının hüdudu yoxdur. Çox keçir ki, Ağa Musa Suraxanıda da mədən salır. Qaraşəhərdə xüsusi neftayırma zavodu tikdirir. Öz mədənlərində alınan neftdən başqa həm də kənar neftxudalar üçün neft təmizlətdirib haqqını alır. Mexaniki emalatxana düzəltdirir. Hər yerdən qara neft qızıla çevrilib bulaq kimi sandıqlarına axır.
XIX əsrin lap sonlarında Ağa Musa "Neftçıxarma firması" yaradır. Şəhərdə çoxlu mülk tikdirir və alır, yüzə qədər əzəmətli bina və neçə-neçə gəmi sahibi olur.
O, uzun müddət Bayır şəhərdə, Qasım bəy məscidinin arxasında Zərgərlər küçəsi ilə Gimnazist (Lev Tolstoy) küçəsinin tinində, ikimərtəbəli, səkili binada yaşayırdı. Evin tinindəki daş fənərə "səng fənər" deyirdilər. Daş fənərə qırmızı, yaşıl, abı, firuzəyi şüşələr salmışdılar. Axşamlar fənər əlvan işıqlarla yanırdı. Uşaqlar toplaşıb "səng fənər"ə heyran-heyran, maraqla tamaşa edərdilər.
Ağa Musa təmtərağı, dəbdəbəni sevməzdi, şan-şöhrətdən məst olmazdı, artıq xərcdən, israfçılıqdan qaçardı. Məddahlığı səmimilikdən mahir psixoloq kimi ayırardı. Tərifi milçək vızıltısı hesab edirdi. Ağa Musa həmin evdə axıradək qalmadı, sonralar Hacı Zeynalabdin Tağıyevin təkidi ilə xanəndə Seyid Mirbabayevdən aldığı dəniz qırağında, Bağ küçəsindəki əzəmətli mülkə kirayənişin köçdü. Təbiətdə, cəmiyyətdə, eləcə də insanların özündə bəzən daban-dabana bir-birinə zidd cəhətlər, xüsuiyyətlər olur. Xəsislikdə ad çıxarmış Ağa Musa bəzən elə səxavət göstərirdi ki, hamı heyrətlənirdi.
İsaq Qaraxanov adlı bir dəlləl hər həftə gəlib Ağa Musanın saqqalını qırxar, başını düzəldərdi. Dəllək bir dəfə yerə döşənmiş xalını göstərib, deyir ki, xozeyin, dövlətli adamsan, bu xalını bağışla mənə. Ağa Musadan görünməyən səxavət, işlər müdirinə tapşırır ki, bir belə xalı alıb, ustaya versin.
İbtidai təhsilini kənd mollaxanasında aldıqdan sonra 25 yaşınadək kənddə atasına kömək edir. 25 yaşına çatanda atası ölür. Öləndə atasının 300 manat borcu qalır. Ruhdan düşməyən Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açır. Beləliklə cibində bir qəpik olmadan 500 manat borcla müstəqil fəaliyyətə başlayır. İki ildən sonra borcunu qaytarır və parça alveri ilə məşğul olur. 5 ildən sonra 2 000 manat qənaət toplayır. Topladığı pula Qara şəhərdə əl ilə işləyən kiçik bir kerosin zavodu alır. Sonra neftli torpaq sahələri alaraq neft istehsalına başlayır. Xüsusilə Bibiheybətin mədənlərində bir-birinin dalınca vuran neft fontanları başqaları kimi onu da milyonçu edir. 1908-ci ildə onun şirkəti rekord miqdarda — 12 328 300 pud xam neft istehsal edir. Bu Azərbaycanın neft şirkətləri arasında ən yüksək göstəricidir.
Musa Nağıyev orta yaşlarında olarkən
O, müsəlman arvadını boşayıb, adlı bir gürcü qadınla evlənir. Müsəlman arvadından olan İsmayıl adlı oğlu vərəm xəstəliyinə tutulur və ölür. İstiqlaliyyət küçəsində tikdirdiyi bina da İsmayılın xatirəsinə "İsmailiyyə" adlandırılır. 1914-cü ilin maliyyə hesabına görə Ağa Musa Nağıyevin qızılla yetmiş milyon manata yaxın tanxası varmış. Mirasın ümumi dəyəri bundan qat-qat çox imiş.
Ağa Musa Nağıyev 1919-cu ilin mart ayında vəfat etmişdir.
Əli İbrahimov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru