Şərq mentaliteti qadınlara bəzi qadağalar gətirdiyi kimi, kişilərə də bəzi qadağalar qoyur.
5-03-2026, 12:08

Millət vəkili Fazil Mustafa boşanmaların sayının artması ilə bağlı bir-iki kəlmə söz deyib, şəxsi travmalarına “günah keçisi” axtaran məlum sürü tökülüb üstünə.
Dərdə bax ki, Şərq mentaliteti qadınlara bəzi qadağalar gətirdiyi kimi, kişilərə də bəzi qadağalar qoyur. Məsələn, deyir ki, qadın nə qədər nanəciblik etsə də kişi danışmamalıdır, ayıbdır, qadını müzakirə etmək kişiyə yaraşmaz.
Ona görə də Şərqdə heç kim sosioloq olmaq istəmir, bilir ki, arvadlardan danışsa, şalvarını əynindən çıxaracaqlar, kişilərdən danışsa, bağırsaqlarını dolayacaqlar ayağına.
Boşanmaların sayının artması konkret sekulyarizmin sosiologiyasıyla bağlı məsələdir və bizim özünə sosioloq deyən əfəndimizin buyurduğu kimi boşananları cərimələməklə, qulaqlarına qurğuşun əridib tökməklə filanla düzələsi iş deyil.
Bu işin uzmanı olan Eva İlluz xanımın “Sevgi nədən əzab verir” kitabı var. İki ildir bu kitabın adını bar-bar bağırıram.
Eva xanım araşdırıb yazır ki, sekulyarizm insanlara seçim azadlığı deyə bir haqq tanıdı. Bütün sahələrdə olduğu kimi cinslərarası münasibətlərdə də bu haqq mərkəzi dəyər rolunu oynamağa başladı.
“Görəsən, düz adamımı seçdim?”, “Bundan yaxşısını tapa bilmərəmmi?”, “Bəlkə, daha yaxşısı var?” kimi seçim imkanı yaradan suallar sevgi, ailə münasibətlərinə də daxil oldu.
Bununla da klassik sevgi əzabları, ənənəvi ailə sədaqəti filan kimi dəyərlər vızqırtdı.
Bizim kimi sekulyarizm yoluna yeni-yeni qədəm qoyan cəmiyyətlərdə insanların seçim azadlığından ən rahat yararlana bildikləri yer haradır? Şəxsi həyatları. Daha doğrusu, bir-birilərinin həyatları.
Onlar da bundan gen-bol yararlanırlar.
Nəzərə alanda ki, biz həm də seçim azadlığı kimi sekulyar dəyərlərin görməmişiyik, hələ yaxşı qalmışıq, bu ölsün!
Problemin bizə məxsus olan tərəfi budur ki, Peykanlıda əksər qızların, qadınların ailə qurana qədər seçim azadlığından istifadə etmələri təhlükəlidir. Ona görə də məcbur ərə gedib boşanırlar ki, özlərinin bu seçim haqqlarından rahat yararlana bilsinlər.
Bitdi məsələ!
Игидай Дадашов
TEREF

