İslam tarixi ilə bağlı yekun nəzər
Bu gün, 09:54

Gəldik çatdıq tarixi analizin son mərhələsinə. Lakin yekun nəzəriyyəni təqdim etməmişdən əvvəl bir neçə məqama aydınlıq gətirmək istərdim. Hardasa 10-a yaxın məqalə paylaşdıq və hər məqaləyə bildirilən iradlar elmi, tarixi deyil, daha çox emosional iradlar idi. Bütün iradları nəzərə alıb, ilk əvvəl məqalələrin oxucularda buraxdığı təəssüratın səbəbini aydınlaşdırmalıyıq
Son mövzularda bizim təqdim etdiyimiz araşdırma metodu bir neçə əsas məqamı əhatə edirdi. Birincisi, biz hadisələrin baş verdiyi zamana ən yaxın olan tarixi qaynaqlara müraciət etmişdik. İkincisi, biz o qaynaqlara müraciət etmişdik ki, orada yalan məlumatın olması ən az ehtimal olunsun (misal üçün, rəsmi dövlət sənədləri, məktublar və s.). Üçüncüsü, ümumi hadisələri təsvir edən həmin qaynaqların üzləşdirilməsini apardıq. Yəni eyni dövrdə yaşayan bir neçə tarixçinin baş verən hadisələrə münasibətini yoxladıq. Deyək ki, VII əsrdə baş verən kiçik buzlaşma hadisəsi haqqında 6–7 mənbənin nə dediyini aydınlaşdırmağa çalışdıq. Əgər bir mənbə hadisəni qeyd edir, digərləri etmirsə, deməli, bu hadisə qlobal olmamış, yalnız konkret coğrafiyada hansısa təsirə malik olmuşdur. Yox, əgər hadisəni dövrün bütün qaynaqları və tarixçiləri təsvir edirsə, deməli, hadisə ciddi bir xüsusiyyət daşıyıb.
İslam tarixinə tətbiq etdiyimiz metod məhz bu idi. Bu gün müasir tarixi araşdırma elmi bu metodologiya ilə tarixi faktları mifdən ayırmağa çalışır. Əməllicə, burada texnoloji imkanlar, arxeologiya və digər sahələr də aktiv iştirak edir.
İslam dininin əsas sənədləri hesab olunan məktublar və müqavilələrə yazı üslubu, dövrün orfoqrafiyası və digər incəliklərə əsasən linqvistik metod tətbiq etmişdik. Yəni araşdırmadan məlum oldu ki, bir çox İslam sənədlərinin yazı üslubu və müzakirə mövzuları VII əsrdə mövcud deyildi, onlar ancaq IX–XI əsrlərdə meydana çıxmışdı. Klassik ərəb dilinin xüsusi yazı üslubu əsrlər boyu inkişaf mərhələləri keçmişdi. Misal üçün, elə nöqtə və hərəkələrin əlavə olunması kimi. Təxminən 200–250 il ərzində bu əlavələr yekun variant halına gəlib çatıb. Ona görə də VII əsrə aid olduğu iddia olunan hər hansı bir sənəd əgər o dövrdə yazılıbsa, mütləq şəkildə həmin dövrün yazı və bədii dil formasında yazılmalı idi; 300 il sonra mövcud olan dil formasında yox.
İslam tarixinin rəsmi versiyasına VII əsrin tarixi qaynaqlarında qeyd olunan məlumatlar əsasında üzləşdirmə metodu tətbiq etmişik. İslam tarixi, rəsmi mənbələrdə qeyd olunduğu kimi, VII əsrin qaynaqlarında əks olunmayıb. Əgər hadisələrin təsvirində sadəcə teoloji fərqliliklər olsaydı, o zaman bu, böyük problem hesab olunmazdı. Lakin ciddi problem ondadır ki, İslam mənbələri dinin 100 il ərzində bütün işğal olunmuş ərazilərə yayıldığını iddia edir. Buna baxmayaraq, VII əsrdə və bütün işğal dövründə heç bir qeyri-müsəlman tarixçi "İslam" adlı bir dindən bəhs etmir, ümumiyyətlə, "müsəlman" anlayışı və Quranla tanış deyillər.
Mənə olunan iradlardan biri revizionist tarixçilərin dediklərini təkrarlamağım və guya bu nəzəriyyənin puça çıxmasına baxmayaraq, qəsdən onu əsas gətirməyim olub. Mən xüsusi olaraq revizionistlər barədə ayrıca mövzu yazaraq İslam tarixinə tətbiq olunan ən sərt metodu və onların İslam tarixinə olan baxışlarını izah etmişəm. Mən heç bir araşdırmaçının və ya tənqidçinin fikrini nə təsdiq etmişəm, nə də inkar etmişəm. Araşdırmalarımız sizə sadəcə mövcud olan alternativ nəzəriyyələri təqdim edir.
Bu gün İslam dünyasında yalnız bir rəsmi tarix var və o, mütləq həqiqət kimi təqdim olunur. Bu tarixi danışanlar və sitat gətirənlər elə danışırlar ki, sanki İslamın rəsmi versiyası mütləq həqiqətdir və bundan başqa versiya yoxdur. Biz bu yanlışlığı sizə göstərərək izah etmişik ki, əslində İslamın tarixi ilə bağlı mövcud olan versiya təkcə sizin inandığınız versiya deyil. Ona müqabil olan yetəri qədər versiya və nəzəriyyələr var. Həmin nəzəriyyələr həm tarixi fakt, həm arxeoloji tapıntılar, həm ədəbi stil, həm də tarixi araşdırma metoduna görə İslamın rəsmi versiyasından qat-qat daha samballıdır. Çünki İslam mənbələri heç bir elmi metoda uyğun gəlmir.
Ona görə də İslamın rəsmi tarixi elmi fakt deyil, sadəcə bədii yaradıcılıq nümunəsi kimi qəbul oluna bilər. Yəni İslam mənbələrinə əsaslanıb biz VII və ya VIII əsrin tarixi üçün fakt təqdim edə bilmərik. Əgər bu mənbələri tarixi fakt kimi qəbul etsək, onda gərək Zevs, Qor, Apollon və sair yunan və misir tanrılarını da qəbul edək. Ən azı onların mövcud olması ilə bağlı arxeoloji dəlillər (məbədlər, heykəllər) var.
Vacib olan daha bir məqam odur ki, İslam tarixi ilə bağlı iki kəskin fikir var ki, onların heç biri elmi cəhətdən doğru hesab edilə bilməz. Birincisi odur ki, İslam tarixi elmi və tarixi sübutlarla möhkəmlənib. Bu iddia elmi baxımdan tamamilə boşdur. İslam tarixinin erkən dönəmi bizə konkret bir tarixi fakt təqdim edə bilmir. Bütün İslam qaynaqları şifahi dildə əsrlər boyunca sonrakı nəsillərə ötürülmüşdür və bu mənbələri qeydə alan müəlliflər nəinki hadisələri görməmiş, hətta görənləri belə görməmişdilər. İslam tarixi elmi cəhətdən xalq nağılları, dastanlar, atalar sözləri, miflər və buna bənzər bədii janrlara daha yaxındır, nəinki elmi faktlara.
İkinci nəzər isə ondan ibarətdir ki, ümumiyyətlə, İslam adlı dinin heç bir bünövrəsi olmamış və bu din Əbdülməlik ibn Mərvan tərəfindən icad olunmuşdur. Guya Məhəmməd adlı bir peyğəmbər, 4 xəlifə və minlərlə səhabə bir neçə şəxs tərəfindən uydurulub və tarixə daxil edilib. Onlar İslam tarixini elə təsvir edirlər ki, sanki bu dini hansısa yazıçı bir əsər kimi oturub yazıb və insanlar da təsadüfən ona inanıblar. Əlbəttə, bu iddia absurddur və elmi dairələrdə ciddiyə alınmır.
Yekun nəzər olaraq elmə daha yaxın versiya ondan ibarətdir ki, İslamın erkən dövrü haqqında biz dəqiq heç nə bilmirik. Bizim bildiyimiz odur ki, VII əsrdə İslam deyilən din haqqında (indiki variantda) heç kəs bir şey bilmirdi. Lakin İslam mənbələrinə olan detallı təsvirləri nəzərə alsaq, deyə bilərik ki, İslam adlanan hərəkat lokal olaraq mövcud olmuşdur. Onun ilkin versiyası bu gün mövcud olan dindən fərqli olub. Ola bilər ki, bu din ilk vaxtlar "İslam" adlandırılmayıb və bu söz sonralar termin kimi ərəblərin dilində öz əksini tapıb. Məhəmmədin özü Quran kitabını (indiki cildlənmiş variantda) görmədiyi kimi, ola bilər İslam termini ya lokal olaraq istifadə olunub, ya da o zamanlar dinin adlandırılması tamam fərqli sözlərlə ifadə olunub.
Hər necə olubsa, bura qədər gəldiyimiz nəticədən bir şeyi başa düşürük ki, İslamın rəsmi tarixini tam həqiqət kimi qəbul etmək üçün kifayət qədər elmi əsaslandırma yoxdur. Eyni zamanda, İslamın kökünün olmadığını demək üçün bütün İslam mənbələrini birdəfəlik kənara atmalıyıq ki, bu da elmi yanaşma yox, qərəzli, emosional və birtərəfli baxış olar. Bura qədər yazdığım bütün məqalələrin əsas mövzusu bir neçə əsas məsələni ortaya qoyur:
İslam heç də müsəlmanların təqdim etdiyi kimi unikal bir hadisə olmamışdı. O, mövcud olan minlərlə dindən biridir və digərləri kimi elmi-tarixi faktlara yox, mif və ya bədii əsərlərin malik olduğu eyni tipli qaynaqlara söykənir.
İslam dediyimiz din müsəlmanların iddia etdiyi kimi vakuumda, yəni boşluqda meydana gəlməmişdir. Əksinə, o, öz əsasını artıq möhkəmlənmiş, mövcud olan xristianlıq, yəhudilik və zərdüştlük dinlərindən götürmüşdür. Ərəbistanda mövcud olan və Bizans xristianlığına qarşı çıxan müxtəlif cərəyanlar İslamın sonradan müstəqil din kimi formalaşmasına zəmin yaratmışdı.
"İslamın tarixi yoxdur" demək sadəcə gülüncdür. İslamın erkən tarixi bizə qaranlıq qalsa da, IX–XI əsrlərdə məhz İslam mədəniyyəti sayəsində bu tarix yazıya çevrildi. Hal-hazırda həmin mənbələr bu gün mövcud olan İslamın əsas fundamental qaynaqları hesab olunur.
İslam tarixinin elmi araşdırmalara tab gətirməməsi onun sonrakı tarixinin uydurma olmasına və yaxud tarixçilərin ancaq yalan danışmasına dəlil deyil. Yəni kimsə durub desə ki, İslam tarixi başdan-ayağa uydurma və yalandır, bu adamın dedikləri ciddi qəbul olunmayacaq. Çünki IX–XI əsrlərdə bu gün mövcud olan elmi metodika yox idi. Tarix necə var elə yox, necə olmalıdır elə yazılırdı. Qədim əfsanələrin hər biri əslində hansısa həqiqi bir hadisənin mifləşdirilməsidir. Misal üçün, bəlkə də, Zevs deyə bir yunan sərkərdəsi və ya kralı olub, lakin tarix onu tanrı kimi təqdim edib. O zamanlar əsl həqiqət heç kəsə maraqlı deyildi; hamıya maraqlı olan dövrün mifik tələbatının ödənilməsi idi. Makedoniyalı İsgəndər, Çingiz xan və digərləri haqqında onların bakirə qızdan doğulduğu qeyd olunub. Hamı bilirdi ki, bu həqiqət deyil, lakin kütlə tarixi belə eşitmək istəyirdi deyə belə yazılırdı.
İslam tarixi də bu məqamlardan istisna deyil. IX–XI əsrlərdə Məhəmmədin obrazı, müsəlmanların ilkin dövrləri olduğu kimi deyil, insanların eşitmək istədiyi kimi qeydə alınmışdır. Bu, tarix elminin təkamül prosesi idi. İslamın və ümumiyyətlə, istənilən uzunömürlü hərəkatın tarixində bu tip tarixi təkamüllə qarşılaşırıq.
Yeganə fərq ondadır ki, biz bunu normal qəbul edir və keçmişin öyrənilməsi üçün istifadə etdiyimiz halda, siz, əziz müsəlmanlar, bunu doqmatikləşdirirsiniz və adi tarixi təkamülü belə nəzərə almadan onu müqəddəsləşdirməyə çalışırsınız.
Növbəti mövzularımız İslam mənbələri arasında ən etibarlı hesab olunan qaynaqların ümumi və xüsusi araşdırılmasına, tədqiqatına həsr oluncaq. Biz yuxarıda qeyd etdiklərimizi və tarixi təkamülün izlərini elə sizin öz qaynaqlarınızdan sizə göstərməyə çalışacağıq. Biz əvvəlcə müsəlmanlar arasında az əhəmiyyətli olan mənbələrdən başlayıb müqəddəs hesab olunan Qurana qədər gedəcəyik. Düşünürəm ki, sizin üçün də maraqlı olacaq.
Elman Yusifoglu
TEREF

