Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA

Bu gün, 12:26           
Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Azərbaycanda bir sıra şəhər və rayon icra hakimiyyəti başçıları artıq 65 yaş həddinə çatsa da, onların vəzifədə qalması cəmiyyətdə müzakirələrə səbəb olur. Qanunvericilikdə dövlət qulluğu və pensiya yaşı ilə bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulsa da, bu qaydaların icra hakimiyyəti başçılarına necə tətbiq olunduğu sual doğurur.

Bəs 65 yaşdan sonra icra başçılarının vəzifədə qalması nə dərəcədə əsaslıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Azərbaycanda yaş həddi məsələsində bəzən fərqli yanaşmalar müşahidə olunur:

“Bu problem təkcə icra hakimiyyəti başçılarına aid deyil. Digər dövlət və ictimai qurumlarda da oxşar hallara rast gəlinir. Məsələn, bəzi hallarda müəllimlərin fəaliyyət müddəti uzadılır və onların 70 yaşına qədər işləməsinə şərait yaradılır. Bu yanaşma istər-istəməz digər sahələrə, o cümlədən icra hakimiyyətlərinə də təsir göstərir.

Hesab edirəm ki, bu məsələdə vahid prinsip tətbiq olunmalıdır. Əgər yaş həddi ilə bağlı məhdudiyyətlər mövcuddursa, həmin qaydalar hər kəsə eyni şəkildə şamil edilməlidir. Ayrı-seçkiliyə yol verilməsi doğru deyil. Əgər yaş həddi tətbiq edilirsə, 65 yaşa çatan hər bir vəzifəli şəxs tutduğu postla vidalaşmalı olduğunu bilməlidir”.

C.Abbaslı təəssüflə qeyd edir ki, ölkədə uzun illər yüksək yaşda olan şəxslərin mühüm vəzifələrdə qalması halları qeydə alınıb.

“Məsələn, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev 80 yaşdan yuxarı olmasına baxmayaraq rəhbər vəzifədə fəaliyyət göstərirdi. Bu cür nümunələr digər məmurlarda da vəzifədən ayrılmamaq meylini gücləndirir.

Hazırda icra hakimiyyətlərinin fəaliyyətinə nəzər saldıqda görürük ki, ölkədəki icra başçılarının əhəmiyyətli hissəsinin yaşı 65-i keçib. Bununla belə, hələlik bu məsələ ilə bağlı yeni və konkret qərar qəbul edilməyib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru