Üç məktəb dostunun qurduğu startap milyard dollarlıq şirkətə çevrildi
Bu gün, 11:34

Süni intellekt sahəsində son illərin ən sürətli yüksələn şirkətlərindən biri olan "Mercor"un arxasında universitet tələbəsi olarkən startap quran üç gənc sahibkar dayanır.
Valyuta.az xəbər verir ki, Brendan Fudi (Brendan Foody), Adarş Hiremat (Adarsh Hiremath) və Surya Midha (Surya Midha) məktəb illərində eyni debat komandasının üzvləri olublar.
Bu gün isə onların qurduğu şirkət 10 milyard dollar dəyərində qiymətləndirilir."Mercor" 2023-cü ildə yaradılıb. Şirkətin əsas fəaliyyəti süni intellekt sahəsində çalışan şirkətləri müxtəlif sahələr üzrə peşəkar mütəxəssislərlə əlaqələndirməkdir. Platforma hüquqşünaslar, proqramçılar, həkimlər, maliyyə ekspertləri və digər ixtisas sahiblərini AI şirkətləri ilə bir araya gətirərək süni intellekt modellərinin daha effektiv şəkildə öyrədilməsinə kömək edir.
Şirkətin qurucuları ABŞ-ın Kaliforniya ştatında yerləşən "Bellarmine College Preparatory" məktəbində təhsil alıblar. Onlar məktəbin debat komandasında birlikdə çıxış edib və müxtəlif yarışlarda iştirak ediblər. Məhz bu illərdə formalaşan dostluq sonradan biznes tərəfdaşlığına çevrilib."Mercor"un yaradıldığı dövrdə Adarş Hiremat Harvard Universitetində, Brendan Fudi və Surya Midha isə Georgetown Universitetində təhsil alırdılar. Lakin şirkətin sürətlə böyüməsi onların həyatını dəyişib. Hər üç qurucu təhsillərini yarımçıq qoyaraq bütün diqqətlərini startapın inkişafına yönəldiblər.
Maraqlıdır ki, "Mercor" ilkin mərhələdə bu günkü biznes modeli ilə fəaliyyət göstərmirdi. Şirkət əvvəlcə Hindistandakı proqramçıları ABŞ şirkətləri ilə əlaqələndirməyi hədəfləyirdi. Sonradan süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda platforma istiqamətini dəyişərək AI modellərinin hazırlanması və təlimi üçün ekspertlərin seçilməsinə fokuslanıb.
Bu strategiya şirkətin sürətli inkişafına səbəb olub. "Mercor" qısa müddətdə texnologiya sektorunun diqqətini cəlb edib və "OpenAI", "Anthropic" kimi aparıcı süni intellekt şirkətləri ilə işləməyə başlayıb.
2025-ci ilin əvvəlində "Mercor"un bazar dəyəri təxminən 2 milyard dollar olaraq qiymətləndirilirdi. Həmin ilin sonlarında şirkət 350 milyon dollarlıq yeni investisiya cəlb etdikdən sonra qiymətləndirmə 10 milyard dollara yüksəlib.
Bu nəticə "Mercor"un üç qurucusunu dünyanın ən gənc self-made milyarderləri sırasına daxil edib. Məktəb debat komandasından başlayan dostluq cəmi iki il ərzində dünyanın ən sürətlə böyüyən AI startaplarından birinə çevrilib.

