MAKİAVELİ və onun “HÖKMDAR” əsəri
Bu gün, 17:14

(“Qısa qeydlər” silsiləsindən)
Bilənlər bilir, bilməyənlər üçün deyim ki, orta əsrlərin böyük italyan siyasətçisi və diplomatı Nikola Makiavelinin məşhur “Hökmdar” əsəri var. Kitab XVI əsrin əvvəllərində yazılıb, amma elə bil ki, XX əsrdə qələmə alınıb. Bu gün də hakimiyyəti ələ keçirmək və əldə saxlamaq haqqında ən mükəmməl “dərs kitabı” sayılır. Deyilənə görə, indi də əbədi hakimiyyət arzusunda olan hökmdarların "stolüstü" kitabıdır. Karl Marks da bu əsəri “şedevr” adlandırır.
Makiaveli deyir ki, hakimiyyətə siyasi yolla, yəni xalqın dəstəyi ilə və hərbi yolla - silahın gücü ilə gəlirlər. Amma hakimiyyət şirin şeydir və onu ələ keçirmək istəyənlər çox olur, ona görə də, siyasətçi silahlı olsa və silahı nə qədər güclü olsa, şansları da bir o qədər çox olur. Makiaveli şərti olaraq, xalqı camaata (popolo) və zadəganlara (grandi) ayırır. Camaatın dəstəyi ilə hakimiyyətə gəlmək üçün zadəganları ələ almaq əsasdır, bunun üçün xalqa çoxlu vədlər vermək və mövcud hökmdarı söymək, biabır etmək lazımdır. Burda bütün yollar və imkanlar keçərlidir, “xalq hər şeyi bilməlidir” şüarına üstünlük verilməlidir. Hakimiyyətə gələn hökmdar haqqında isə, camaat yalnız onun istədiyini bilsə, zadəganlar onu tərifləsə, kifayətdir. Bu zaman “adam nə qədər az bilsə, başı da bir o qədər az ağrıyar” misalı keçərlidir.
Amma xalq yalnız hakimiyyətə gəlmək üçün deyil, onu qorumaq və uzun müddət əldə saxlamaq üşün əsas vasitədir. Siyasətçini hakimiyyətə gətirməklıə xalqın missiyası nəinki qurtarmır. əksinə başlayır. Xalq xəzinəni doldurmaq və ordunu əsgərlə təmin etmək üçün gecə-gündüz dayanmadan işləməlidir. Hökmdar da xalqın qayğısına qalmalıdır ki, ac qalmasın və küçələrə çıxmasın. Amm xalqa verilən “buterborod”un yağı daim azaldılmalır ki, xalq toxluq edib qudurmasın, hökmdarın üzünə ağ olmasın. Makiaveli hökmdarın Allahın elçisi olması fikrini qətiyyətlə rədd edir və deyir ki, hökmdar xalğın elçisidir, “xalqı başa düşmək, anlamaq üçün hökmdar, hökmdarı başa düşmək üçün xalq olmaq lazımdır”...
Həmin kitabında Makiaveli hökmdarları şirə və tülküyə bənzədir, deyir hökmdar şir kimi amansız, tülkü kimi hiyləgər olmalıdır. Hökmdarın şir və tülkü maskaları daim əlində qalmalıdır, yerindən və şəraitindən asılı olaraq, birini çıxarıb o birini taxmalıdır. Yeni hökmdar xalqın dəstəyi ilə hakimiyyəti ələ keçirən kimi, ilk növbədə, əvvəlki hökmdarın qohumlarını, övladlarını məhv etməlidir ki, ölkədə hakimiyyətə iddialı adam qalmasın. Sonra, hökmdar zadəganları - xalqın içində olan işıqlı, iddialı adamları bir-bir dənləməlidir, onları xalqdan təcrid etməlidir ki, gələcəkdə hakimiyyət üçün problem yaratmasınlar, xalqı yoldan çıxartmasınlar. Bu adamları sayından asılı olmayaraq, zindanlaraa doldurmaq da olar. Amma birdəfəlik məhv etmək daha yaxşıdır, adam yoxdursa, problem də yoxdur.
Və son olaraq. Şir dəstəsində (prayd deyilir) başa keçən aslan da belə edir, dərhal əvvəlki aslanın balalarını yeyir, nəslini kəsib məhv edir. Deyirəm, hakimiyyəti ələ keçirən siyasətçi də əsl şirdir, şirdən nəyi əskikdir?!
Qalib ARİF

