"Nvidia" süni intellekt startapları üçün gəlir bölgüsü modelini təqdim edib
Bu gün, 17:34

Dünyanın aparıcı süni intellekt çip istehsalçılarından olan "Nvidia" yeni yaradılan şirkətlərin qabaqcıl hesablama resurslarına çıxışını asanlaşdırmaq məqsədilə gəlir bölgüsü modelini istifadəyə verib.
Valyuta.az xəbər verir ki, yeni modelə əsasən, şirkət süni intellekt tətbiqləri hazırlayan startaplara və tərtibatçılara ilkin hesablama kreditləri təqdim edəcək.
Bunun müqabilində isə "Nvidia" həmin şirkətlərin gələcək satışlarından müəyyən pay əldə edəcək.
Şirkət eyni zamanda süni intellekt məlumat mərkəzləri operatorları ilə bulud xidmətləri təminatçıları arasında əməkdaşlığı təşkil edəcək.
"Nvidia"nın maliyyə direktoru Kolet Kress bildirib ki, bu yanaşma tərəflər arasında inteqrasiyanı sadələşdirəcək və şirkət üçün istifadəyə əsaslanan davamlı gəlir mənbəyi formalaşdıracaq.
Onun sözlərinə görə, yeni təşəbbüsün əsas məqsədi iri həcmli süni intellekt infrastrukturu qurmaq üçün kifayət qədər maliyyə imkanlarına malik olmayan tədqiqatçılar və erkən mərhələdə fəaliyyət göstərən startaplara dəstək verməkdir.
"DSX AI factories" platforması çərçivəsində startaplar "Firmus Technologies" kimi bulud xidmətləri təminatçılarının hesablama resurslarından daha operativ və çevik şəkildə istifadə edə biləcəklər.
Kolet Kress qeyd edib ki, bu model süni intellekt modelləri hazırlayan şirkətlər, inferens xidmətləri göstərən platformalar, agent texnologiyaları üzərində çalışan tərtibatçılar və süni intellekti geniş miqyasda tətbiq edən müəssisələr üçün tam texnoloji infrastrukturdan daha qısa müddətdə yararlanmağa imkan verəcək.
Bu isə məlumat mərkəzinin seçilməsi, enerji təminatı, tikinti və avadanlıqların quraşdırılması kimi vaxt aparan mərhələlərdən yayınmağa şərait yaradacaq.

