Çin startapından yeni süni intellekt modeli: "OpenAI" və "Anthropic"ə daha ucuz alternativ
Bu gün, 15:44

Pekində yerləşən "Z.ai" (Zhipu AI) startapının təqdim etdiyi "GLM-5.2" süni intellekt modeli yüksək performansı və aşağı istifadə xərci ilə qlobal texnologiya sektorunda diqqət çəkib.
Valyuta.az xəbər verir ki, model proqramlaşdırma və agent funksiyalarında ABŞ-ın aparıcı süni intellekt sistemləri ilə müqayisə oluna biləcək nəticələr göstərir. Mütəxəssislərin fikrincə, "GLM-5.2" "Anthropic" və "OpenAI" modellərinə yaxın performans təqdim etsə də, istifadəsi təxminən 6 dəfə daha ucuzdur.
Qısa müddətdə "OpenRouter" platformasında istifadə baxımından sürətlə yüksələn model bəzi göstəricilərdə "Anthropic" modellərini geridə qoyub.
"Artificial Analysis" reytinqində isə dünyanın ən güclü böyük dil modelləri arasında 5-ci, "Code Arena" proqramlaşdırma reytinqində isə 2-ci yerdə qərarlaşıb.
ABŞ Prezidentinin süni intellekt üzrə keçmiş müşaviri Devid Saks bildirib ki, artıq Çin mənşəli açıq çəkili model "OpenAI" və "Anthropic" səviyyəsinə çatıb.
Onun sözlərinə görə, ABŞ şirkətlərinin inkişafını ləngidəcək tənzimləmələr texnologiya sahəsində üstünlüyü zəiflədə bilər.
Ekspertlər hesab edirlər ki, "GLM-5.2" açıq mənbəli süni intellekt modellərinə marağın artdığını göstərir. Bunun əsas səbəblərindən biri qapalı süni intellekt xidmətlərinin istifadəsinin getdikcə daha bahalı olmasıdır.
Bununla belə, məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən ABŞ və Avropada, xüsusilə bankçılıq və kibertəhlükəsizlik kimi sahələrdə Çin mənşəli modellərin geniş tətbiqi hələ də ehtiyatla qarşılanır.
Qeyd edək ki, bu ilin əvvəlində "DeepSeek" modelinin təqdimatından sonra Çin mərkəzli böyük dil modellərinin qlobal bazar payı iki ay ərzində 3%-dən 13%-ə yüksəlmişdi. İndi isə analitiklər "GLM-5.2" modelini süni intellekt bazarında növbəti mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirirlər.

