İnsan getdikcə statistik göstəriciyə çevrilir.

Bu gün, 08:44           
İnsan getdikcə statistik göstəriciyə çevrilir.
Bəşəriyyət texnologiyada irəlilədikcə xoşbəxtlik də onunla birlikdə artmalı idi. Amma son otuz ilin inkişaf qrafikinə baxanda görürük ki, texnologiya yüksəldikcə insanın daxili sakitliyi və məmnunluğu eyni sürətlə yüksəlmir. Bir çoxumuz üçün bu qrafik 90-cı illərdə zirvəyə çatır, sonra isə yavaş-yavaş enməyə başlayır.
90-cı illər həqiqətən də insanın texnologiya ilə təbiət, sürətlə sakitlik, fərdiyyətlə cəmiyyət arasında son dəfə tarazlıq tapa bildiyi dövr idi. O illərdə internet həyatımızı idarə etmirdi, telefonlar diqqətimizi oğurlamırdı, insanlar bir-birini "onlayn" yox, küçədə axtarırdı. Xoşbəxtlik istehlak olunan məhsul deyildi; yaşanan hiss idi...
Bu, "keçmiş həmişə gözəl görünür" romantikası deyil. Maraqlıdır ki, illər keçdikcə 90-cı illərə olan həsrət azalmaq əvəzinə daha da güclənir, sonrakı onilliklər üçün isə eyni hiss yaranmır. 90-cı illərin musiqisi, filmləri, kitabları bu gün də insanı təsirləndirirsə, bunun səbəbi təkcə nostalji ola bilməz. O əsərlərin böyük hissəsi alqoritmlər üçün deyil, insanlar üçün hazırlanırdı. Onlar diqqəti oğurlamaq yox, hiss yaratmaq istəyirdi.
Bugünkü rəqəmsal dünya isə hissdən çox reaksiyanın arxasınca qaçır. Baxış sayı, bəyənmə, paylaşım, izlənmə...
İnsan getdikcə statistik göstəriciyə çevrilir. Heç bir inkişaf bizi yenidən həmin dövrə qaytara bilməz. Biz daha sürətli internet qura bilərik, daha ağıllı süni intellekt yarada bilərik, Marsa uça bilərik. Amma bir yay axşamı məhəllədə gün batana qədər oynayan uşaqların hissini yenidən icad edə bilmərik. Bəlkə də hər nəsil özünün "qızıl dövrünü" yaşayır. Amma bəzi dövrlər var ki, onlar təkcə bir nəslin yox, bütöv sivilizasiyanın zirvəsi olur. Bəlkə də 90-cı illər məhz belə bir zirvə idi. 90- ların ən çox nəyi üçün darıxırsınız. Şərhlərdə bölüşək.
Gunel Musa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru