Xalq adından danışıb ailə maraqlarını böyütmək? - Razi Nurullayevlə bağlı ciddi suallar

6-01-2026, 16:09           
Xalq adından danışıb ailə maraqlarını böyütmək? -
Milli Məclisin tribunası xalqın problemlərinin səsləndirildiyi, regionların real vəziyyətinin ifadə olunduğu ali platforma kimi qəbul edilir. Lakin son dövrlər bu tribunanın bəzi deputatlar üçün daha çox pafoslu çıxışlar və ictimai imic formalaşdırmaq vasitəsinə çevrildiyi də açıq müşahidə olunur. İmişli rayonunu təmsil edən deputat Razi Nurullayev ətrafında yayılan məlumatlar bu ziddiyyətli mənzərənin ən bariz nümunələrindən biri kimi cəmiyyətin diqqətini cəlb edir.

Mediada və sosial şəbəkələrdə yayılan, eyni zamanda təqdim olunan video materiallarda səsləndirilən iddialar göstərir ki, deputatın Milli Məclisdə etdiyi emosional və pafoslu çıxışlarla real fəaliyyət istiqaməti arasında ciddi uyğunsuzluq mövcuddur. Tribunadan xalqın problemlərindən danışıldığı halda, arxa planda tamam fərqli maraqların güdüldüyü iddia olunur.

Video Telegram kanalımızda!

İddiaların mərkəzində İmişli rayonunun Nurulu kəndi dayanır. Bildirilir ki, kənd ərazisində bazar tikintisi məqsədilə geniş torpaq sahəsi zəbt edilib. Həmin ərazinin deputatın köməkçisinin atasının adına sənədləşdirildiyi qeyd olunur. Psixoloji durumu ilə bağlı əlilliyi olan bir şəxsin adına bu cür strateji və geniş torpaq sahəsinin rəsmiləşdirilməsi cəmiyyətdə ciddi suallar doğurur və prosesin formal xarakter daşıdığı ehtimalını gücləndirir.
Daha narahatedici məqam isə ondan ibarətdir ki, sözügedən ərazidə “Qırmızı kitaba” düşmüş yılğın ağacları məhv edilib. Üstəlik, bu torpaq sahəsinin kənd sakinlərinin uzun illərdir heyvanlarını otardığı örüş sahəsi olduğu bildirilir. Kəndin ümumi istifadəsində olan bu ərazinin hasarlanaraq kommersiya məqsədilə istifadəyə verilməsi yerli əhali arasında haqlı narazılıq yaradıb və sosial gərginliyi artırıb.

Məsələ ictimailəşdikdən sonra aidiyyəti dövlət qurumlarının məlumatlandırıldığı, nəticədə bələdiyyə tərəfindən verilmiş sənədlərin və torpaqla bağlı hüquqi əsasların məhkəmə qərarı ilə ləğv edildiyi bildirilir. Lakin bütün bunlara baxmayaraq, iddialara görə, Nurulu kəndində aparılan tikinti işləri faktiki olaraq dayandırılmayıb. Təqdim olunan video materiallarda da məhkəmə qərarına baxmayaraq tikintinin davam etdiyi açıq şəkildə görünür.

"DogruXeber.tv"nin araşdırmasında bu hal artıq təkcə torpaq və ekoloji qanun pozuntusu deyil, eyni zamanda məhkəmə qərarlarının icrasına açıq etinasızlıq kimi qiymətləndirilir.

Digər ciddi iddialar deputatın biznes fəaliyyəti ilə bağlıdır. Azərbaycan qanunvericiliyinə əsasən, deputatların biznes fəaliyyəti ilə məşğul olması qadağandır. Lakin yayılan məlumatlar göstərir ki, Razi Nurullayev bu qadağanı ailə üzvləri üzərindən dolayısı yollarla aşmağa çalışır. İddialara görə, deputatın həyat yoldaşı Könül Nurullayeva müxtəlif biznes sahələrində fəal iştirak edir, Bakının bir neçə ərazisində villa tipli mülklərlə, eləcə də Qarabağda aparılan tikinti layihələrində müəyyən paylarla əlaqələndirilir. Bu faktlar deputatın rəsmi statusu ilə ailəsinin iqtisadi fəaliyyəti arasında ciddi ziddiyyət yaradır.

Məsələnin daha da dərinləşən tərəfi deputatın qardaşı Hasil Nurullayevin də eyni biznes şəbəkəsində pay sahibi olması ilə bağlı iddialardır. Bu isə artıq tək-tük və təsadüfi hallar yox, ailəvi şəkildə formalaşmış və siyasi nüfuz hesabına qorunan biznes modelindən xəbər verir. Belə bir mənzərə cəmiyyətdə vəzifədən şəxsi maraqlar üçün istifadə olunduğu barədə ciddi şübhələr yaradır.

Videomateriallarda səsləndirilən daha bir iddiaya görə isə deputatın qardaşı Hasil Nurullayevin Sankt-Peterburqda yaşayan oğlunun Dubayda toy mərasimi keçirməsi planlaşdırılır. Qeyd olunur ki, bu iddia cəmiyyət arasında geniş müzakirələrə səbəb olub və sosial-iqtisadi problemlərlə üzləşən bir rayonu təmsil edən deputatın ailə çevrəsindəki dəbdəbəli həyat tərzi ilə bağlı sualları daha da artırıb. Burada əsas məsələ toyun harada keçirilməsi deyil, bu dəbdəbəli həyat tərzinin hansı maliyyə mənbələri hesabına mümkün olmasıdır.

Ortaya çıxan bütün bu iddialar Razi Nurullayevin ictimaiyyətə təqdim etdiyi “xalqın səsi” obrazı ilə arxa planda baş verən proseslər arasında ciddi uçurum olduğunu göstərir. Nurulu kəndində örüş sahələrinin zəbt edilməsi, ekoloji pozuntular, məhkəmə qərarlarının icra olunmaması, ailə üzvləri üzərindən qurulan biznes əlaqələri və dəbdəbəli həyat tərzi bir-birini tamamlayan faktlar kimi görünür. Pafoslu çıxışlarla ictimai rəy formalaşdırmaq mümkündür, lakin faktlar gec-tez öz sözünü deyir.

"DogruXeber.tv" hesab edir ki, bu baxımdan İmişli rayonunu təmsil edən deputatın fəaliyyəti ictimaiyyət və aidiyyəti qurumlar tərəfindən ciddi, şəffaf və obyektiv araşdırılmalıdır. Çünki siyasət vitrin deyil, məsuliyyətdir və bu məsuliyyət yalnız sözlə yox, əməllə ölçülür.
DogruXeber.tv
TEREF olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]