Artıq "Ləzzət"-ində ləzzəti qaçıb... ŞİKAYƏT
Bu gün, 10:17

Sosial şəbəkələrdə Kama Həsənzadə adlı istifadəçi Bakının "İnşaatçılar" metrosu yaxınlığında yerləşən "Ləzzət" şirniyyat mağazasındakı xoşagəlməz xidmət keyfiyyəti və satıcı kobudluğundan şikayət edib.
32gun.az xəbər verir ki, Şikayətçinin sözlərinə görə, o, azyaşlı övladı üçün hər növdən cəmi 1 ədəd olmaqla "Cudo" şirniyyatı almaq istəsə də, satıcı xanım narazı şəkildə kodların fərqli olduğunu və 1 ədəd məhsulu tərəzidə çəkməyin qeyri-mümkün olduğunu bildirib. Müştəri məhsulun sayını artırdıqdan sonra satıcının fərqli kodları olan həmin şirniyyatları birtərəfli qaydada birlikdə çəkməsi və bunun səbəbini soruşduqda müştəriyə kobud, narazı səs tonu ilə “Görmürsünüz, ədədlə çəkmək olmur?” deyə cavab verməsi ciddi narazılıq doğurub.
Məsələnin maddiyyatda olmadığını, sadəcə azyaşlı uşağın yeyəcəyi qədər məhsul almaq istədiyini vurğulayan Kama Həsənzadə satıcının müştəriyə qarşı münasibətini kəskin tənqid edib:
"Məni narahat edən əsas məqam satıcının davranışı və müştəriyə qarşı münasibəti oldu. Müştəri istəsə 1 ədəd, istəsə 10 ədəd məhsul ala bilər. Heç kimin müştəriyə yuxarıdan baxmağa, sifət etməyə və kobud danışmağa haqqı yoxdur."
Uzun illərdir ailəlikcə həmin mağazanın daimi müştərisi olduqlarını bildirən vətəndaş, bu hadisədən sonra bir daha "Ləzzət" mağazasına getməyəcəyini qeyd edərək, rəhbərliyin xidmət keyfiyyətinin getdikcə zəifləməsi ilə bağlı tədbir görəcəyinə ümid etdiyini bildirib.

32gun.az xatırladır ki, "Ləzzət" brendi altında fəaliyyət göstərən populyar şirniyyat və kulinariya mağazaları şəbəkəsi "Ləzzət Şirkətlər Qrupu"-na (Ləzzət Group) məxsusdur və birbaşa bu holdinqə bağlıdır.

"Ləzzət Şirkətlər Qrupu"nun təsisçisi və rəhbəri tanınmış sahibkar və iş adamı Teymur Yaqub oğlu Rzayevdir.

