"The Daily Mail": HƏMAS terrorçuları beşulduzlu oteldə qalırlar

Dünən, 07:32           
"The Daily Mail": HƏMAS terrorçuları beşulduzlu oteldə qalırlar
Qəzzada sülh planı çərçivəsində azad olunan HƏMAS terrorçuları Qərb turistlərinin olduğu beşulduzlu oteldə qalırlar. Bunu "The Daily Mail" qəzeti üzə çıxarıb. Belə ki, qəzet 150-dən çox yüksək təhlükəli ekstremisti izləyib, onların Qahirədə dəbdəbəli oteldə qaldıqlarını aşkarlayıb.

ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS-ın üzvləri də daxil 2 minədək fələstinlini İsrail sülh planı çərçivəsində azad edib. ABŞ prezidenti Donald Trampın 20-bəndlik planına HƏMAS-ın tərksilahı da daxildir.

Adam oğurluğu ilə məşğul olan bölmə komandiri
İsrail həbsxanalarından buraxılan 154 nəfər hazırda "Marriott"un Misir paytaxtında beşulduzlu "Renaissance Cairo Mirage City Hotel"ində qalırmış.

"The Daily Mail" yazır ki, jurnalistləri gizli adlarla oteldə yer götürərək cihadçılarla bir məkanda qalıblar. Onların arasında İŞİD-in bir üzvünün, HƏMAS-ın xüsusi qüvvələr komandirinin də olduğu bildirilir.

Qəzet onlardan bəzilərinin fotolarını da dərc edib. Məsələn, oteldə qalan 57 yaşlı Mahmud İssa "İzzədin əl-Qəssam" Briqadasında 101-ci xüsusi bölməni təsis edib, bu bölmə adam oğurluğu ilə məşğul olub.

O da qeyd olunur ki, bu şəxslərin bəziləri tezliklə Qətər, Türkiyə, Tunis kimi ölkələrə köçə bilər, buralarda isə populyar turistik məkanlar yerləşir. Məhkum olunmuş terrorçuların yerli vizalara, yaşayış icazəsi üçün müraciət edəcəyi də istisna olunmur.

Bukinqem Universitetinin fəxri professoru Entoni Qlis deyib ki, onların bir yerə yığışmasına imkan verilməməlidir: "Onların gizlənməsinə imkan vermək olmaz. Əks halda, mühacirətdə terrorçu ordusu yaradırsan – "Hizbullah 2.0" olacaq".

İsrail həbsxanalarında 20 fələstinli ekstremist ömürlük cəza çəkir
İsrail ömürlük həbsə məhkum edilmiş 250-dən çox təhlükəli terrorçunun buraxılmasına qarşı çıxırdı. Amma sağ qalan son 20 israilli girovun azad olunması, Qəzzada atəşkəs üçün HƏMAS bunu əsas tələb kimi qoymuşdu.

Hazırda İsrail həbsxanalarında ömürlük həbsə məhkum edilmiş cəmi 20 fələstinli ekstremistin qaldığı bildirilir.

Qəzet HƏMAS üzvlərinin "Mirage City Hotel"də kimin hesabına qalmasının aydın olmadığını yazır. Bu oteldə nömrənin gecəsi 200 funt-sterlinqdən başlayır, 154 nəfərin gündəlik xərci 30 min funt-sterlinqi aşır. Onlardan çoxunun otel daxilindəki ATM-lərdən pul çəkdiyi də müşahidə olunub.

2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra İsrail iki il ərzində Qəzzanı mühasirədə saxlayıb, orada hava və quru əməliyyatları aparıb. Hazırda İsrail əraziyə giriş-çıxışa tam nəzarət edir. Qəzzada atəşkəs iki həftə öncə qüvvəyə minib. Amma HƏMAS silahı yerə qoymayıb.

Qəzzada hələ də 13 girovun cəsədinin qaldığı bildirilir. Atəşkəs əldə olunandan sonra HƏMAS 2023-cü ilin oktyabrında hücum zamanı girov götürdüyü 20 nəfəri azad edib.
pressklub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]