G7 İranı yeni məhdudiyyətlərlə hədələdi

15-01-2026, 16:24           
G7 İranı yeni məhdudiyyətlərlə hədələdi
"Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirləri bəyan ediblər ki, əgər Tehran insan hüquqlarını pozaraq etirazları yatırmağa davam edərsə, İrana qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazırdırlar.

Bu barədə "Reuters" agentliyi xəbər verir.

Bildirilir ki, G7 çoxsaylı ölü və yaralılar barədə xəbərlərdən dərin narahatlıq keçirir: "Biz zorakılığın tətbiqini və etirazçıların öldürülməsini, saxlanılmaları və təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı tətbiq etdiyi qorxutma taktikasını pisləyirik".

G7 ölkələri, həmçinin İran hökumətini təmkin nümayiş etdirməyə, zorakılıqdan çəkinməyə, insan hüquqlarına və İran vətəndaşlarının əsas azadlıqlarına riayət etməyə çağırıblar.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru