"Microsoft"un "Jumpstart" tapmacası: Nəhəng istehsalçılara gizli təzyiq?
17-02-2026, 09:38

"Microsoft" yenidən sərt tənqid və hüquqi yoxlama ilə üzləşib. Şirkət, Windows əməliyyat sistemi üzərindəki üstünlüyünü istifadə edərək rəqabəti məhdudlaşdırmaqda ittiham olunur. Keçmişdə internet brauzeri bazarında aqressiv siyasəti səbəbindən Avropa və ABŞ-da dəfələrlə araşdırılan "Microsoft" bu dəfə Braziliyadan ciddi bir addımla qarşı-qarşıyadır.
Valyuta.az xəbər verir ki, Braziliyanın anti-monopol təşkilatı İqtisadi Müdafiə İdarəsi (CADE), "Dell", HP, "Lenovo" və "Samsung" da daxil olmaqla on böyük kompüter istehsalçısını diqqət mərkəzinə alıb. Sualın mərkəzində isə "Microsoft"un “Jumpstart” adlı sirli proqramı dayanır.
Araşdırma məşhur "Opera" brauzerinin şikayəti əsasında başlayıb. İddialara görə, "Microsoft" kompüter istehsalçılarına dolayı yollarla təzyiq göstərir və "Windows" ilə gələn cihazlarda yalnız öz brauzeri "Edge"nin öncədən quraşdırılmasını təmin edir. CADE, bu vəziyyətin sərbəst bazar şərtlərini pozub-pozmadığını müəyyən etmək üçün istehsalçılara geniş sorğu göndərib. Orada 2020–2025-ci illər arasında satılmış kompüterlərin siyahısı, "Jumpstart" proqramı çərçivəsində satılan cihazların payı və xüsusilə yalnız "Microsoft Store" tətbiqlərinə icazə verən “Windows S Modu” ilə satılan məhsulların sayı tələb olunur.
"Jumpstart" proqramı və qapalı qapılar arxasındakı danışıqlar
Braziliyalı tənzimləyicilər "Microsoft" ilə kompüter istehsalçıları arasındakı ticarət münasibətlərinin gizli tərəfini üzə çıxarmağa çalışır. İstehsalçılara göndərilən məktublarda, "Jumpstart" proqramına əməl edilməməsi halında tətbiq ediləcək mümkün sanksiyalar və "Microsoft"un bu müqavilələri “ya qəbul et, ya da imtina et” prinsipi ilə dayatıb-dayatmaması soruşulur. Həmçinin proqram çərçivəsində hansı üçüncü tərəf proqramların quraşdırılmasına icazə verildiyi və hansılarının qadağan olunduğu da araşdırılır. İstehsalçılara yönəldilən ən diqqətçəkən sual isə belədir: “Bu proqramdan çıxarsanız şirkətiniz nə qədər maliyyə itkisi yaşayacaq?”
Bu inkişaf "Google Chrome", "Vivaldi" və "Opera" kimi brauzerlərin yaratdığı Brauzer Seçimi Alyansı (BCA) tərəfindən müsbət qarşılanıb. Alyans hesab edir ki, 12 fevral 2026 tarixindən sürətlənən bu araşdırma, istehlakçıların seçim azadlığını məhdudlaşdıran praktikalarla mübarizədə böyük bir addımdır. Microsoft-un qlobal səviyyədəki tətbiqlərinin yoxlanılması yalnız Braziliya bazarını deyil, eyni zamanda dünya miqyasında texnologiya rəqabətini də təsir edə bilər.
"Microsoft"un bu təzyiq qarşısında hansı müdafiə strategiyasını seçəcəyi hələ məlum deyil. Lakin əgər "Jumpstart" proqramının rəqibləri qəsdən əngəllədiyi sübuta yetirilərsə, proqram nəhəngi həm böyük miqdarda kompensasiya ödəmək, həm də "Windows"un işləmə modelində köklü dəyişikliklər etmək məcburiyyətində qalacaq.

