İran köçü - farslar qaçır, türklər geri dönür. Niyə?
Bu gün, 12:34

Yaxın coğrafiyada köç prosesini izləməyin ən sadə üsullarından biri İstanbulda müşahidələr aparmaqdır. Suriya böhranında da, Rusiya-Ukrayna, ABŞ+İsrail - İran savaşlarında da bunu aydın gördük. Bir dönəm Suriya ərəblərinin, ardınca ukraynalı, rusiyalı köçkünlərin axın etdiyi İstanbula bu gün axın-axın fars gəlir.
Şəhərin turistik məkanlarında, o sıradan alış-veriş, əyləncə mərkəzlərində, toplu daşımada ən çox eşidilən dil farscadır.
Suriyalılar geri dönüblər, Türkiyədə qalmaq səbəbi olanlar türkcə danışdıqları üçün seçilmirlər, rusların səsi batıb - İstanbulda bir çox səbəblərdən duruş gətirə bilməyib Alanya, Antalya tərəflərə daşınıblar, dırnaq tutur, saç kəsir, birtəhər yaşayırlar. Ukraynalıların çoxu Avropaya üz tutub. Orada köçkünlər üçün şərait Türkiyədən yaxşıdır. Ən azı müavinət var, iş tapmaq, karyerada yüksəlmək imkanı Türkiyə ilə müqayisəyə gəlməz. Türkiyədə əsasən ciddi sərmayə sahibi ukraynalılar, bir də evlənənlər qalıb.
İstanbullular deyirlər ki, artıq hər birimizin iranlı qonşumuz var, lüks yaşayış məkanları, orta təbəqənin üstünlük verdiyi bölgələr başda olmaqla bir çox səmtdə mülk alıcıları və kirayəçiləri onlardır. Söhbət orta kirayə qiyməti aylıq 2-5 min dollar və üstü olan mənzillərdən gedir. Bu mənzillərə girişin ən azı 5-6 aylıq ön ödəmə ilə mümkün olduğunu nəzərə alsaq İstanbula hansı kəsimin gəldiyini təxmin edə bilərik.
İstanbuldakı tələbələrin də müşahidələri maraqlıdır. Tanıdıqları iranlı tələbələrdən farsların ailələri savaş başlayandan Türkiyəyə gəliblər, türk tələbələr isə özləri İrana dönüblər. Bəziləri hətta dərs və imtahanları yarımçıq qoyaraq. Bir hissə mayda geri qayıdıb, universitetlər onlara bir sıra güzəştlər edib, imtahanlara buraxılıblar, bir hissə isə hələ də məmləkətdədirlər.
Daha bir ilginc məqam var. İranın zəngin ailələrinin övladı olan tələbələr imtahanlar bitər-bitməz ölkələrinə dönüblər. “Daha baş örtüsü tələbi yoxdur, sərbəstlikdir, gedirik dənizkənarı bölgələrdə tətilə” deyib tələbə yoldaşları ilə sağollaşan gəncliyin İnstagram səhifələrində paylaşdıqları fotolardan İranın necə dəyişdiyinə şahidlik etmək olar. Nə Məhərrəm ayı, nə geopolitik gərginliyin davam etməsi, hər an çıxa biləcək savaş ehtimalı bu kəsimin eyninə deyil.
Bir məsələni də müşahidə etdim. İstanbulluların İran köçünə münasibəti Rusiya, Ukrayna köçünə münasibətindən fərqlidir. Ruslar və ukraynalılara dözümlülük çoxdur, iranlıları sevmirlər. Müsəlman kimliyi də burada heç bir rol oynamır. Məncə, səbəb fars kəsimin türk kimliyinə olumsuz münasibətindən qaynaqlanır. Fars molla rejiminin idarəsi altında yaşayan və türk olmayan İran vətəndaşları klerikal rejimə nifrət etsələr belə onların şəkil verdikləri toplumun təmsilçiləridirlər. Rejimin anti-türk təbliğatı bu gün onların türklərə uyğunlaşa bilməməsinin əsas səbəbidir. Allahın işinə bax… Türkləri xor gör, sonra gəl Türkiyəyə sığınmağa məcbur ol. Ruslar üçün də keçərlidir…
Türkiyə türkləri hələ bu məqamların fərqində deyillər. Çünki İranı yeni-yeni tanımağa başlayırlar. Nə qədər qəribə olsa da… Uzun illərin, bəlkə də yüzillərin siyasi, məzhəb yanaşmaları Türkiyə insanının gerçək İranı tanımasına mane olub. Buraya Türkiyədə yaşayanların israrla coğrafiyanı öyrənməmə dirənişlərini də əlavə etmək vacibdir. Buna görə də onlar İran deyəndə şiə-fars ölkəsi, iranlı deyəndə uyuma qapalı (halbuki, İran türkləri qətiyyən qapalı deyillər və türk kimliyi üzərindən bütövləşməyin istənilən formatına çox asanlıqla uyğunlaşırlar), n@arkotik aludəçisi və qaçaqmalçısı, gecə klublarının silikondan partlamaq dərəcəsinə gələn əzaları ilə boy göstərən, uzunkiprik dişiləri, sərhədi aşan kimi alkoqol şüşəsinə sarılan, LGBT mənsubu erkəkləri düşünürlər. Belə insan tipini kim sevər?
Dindar kəsim İsrailə dirənişinə görə baxışını bir az dəyişib. Amma İrana, iranlıya yox... Biri deyir, işimizə ortaq oldular, biri deyir, gəldilər kirayə qiymətləri qalxdı, biri deyir, na@rkotik yayırlar… Köçkünü heç kim sevmir. Oturaq toplum onu qurduğu sistemin paraziti kimi görür. Dünyanın hər yerində.
Fars niyə ona xidmət edən ölkəni qoyub köçür, türk niyə vətən anlayışına sarılıb İrana dönür, Türkiyə niyə əhalisinin yarıdan çoxu türk olan İrana yad ölkə, fars dövləti kimi kimi baxır, nədən Türk Dövlətlər Birliyi modelini prioritet elan edərkən İranı Turanın içərisində görə bilmir, toplumun bir hissəsi Afrikanın cəngəlliyində müsəlman axtararkən hasarının o tayındakı, evinin içindəki müsəlmanı ortaçağ insanının məzhəb qavramı ilə dışlayır?
Sosioloqlar dərin qatlarda ilişib qalan problemləri üzə çıxarmalı, təkliflər verilməli, regionun təhlükəsizliyinə məsul ölkələr, başda da Türkiyə, Azərbaycan bu təklifləri dövlət siyasətinə daşımalıdır.
İstanbul-Bakı, 28.07.2026
Aygün Muradxanlı

