Aralıq bitdi, növbədə Xəzər dənizi var - Trampın “Chevron” planı
18-02-2026, 10:44

ABŞ mərkəzli enerji şirkəti, başqa deyimlə desək, Trampın gizli əli olan “Chevron“ Yunanıstanla yeni razılaşma imzalayıb.
Sazişə əsasən, şirkətə ümumilikdə 47 min kvadrat kilometrlik dəniz ərazisində fəaliyyət göstərmək səlahiyyəti verilir. Beləliklə, “Chevron” Aralıq dənizində bağladığı müqavilələrə daha birini əlavə edib.
Yunanıstanla 47 min kvadrat kilometrlik razılaşma
“Chevron” – “Helleniq Energy“ konsorsiumu ilə Yunanıstan arasında imzalanan sənəd Mora yarımadası və Mora yarımadası ilə Girit adasının cənubundakı geniş dəniz sahələrində karbohidrogenlərin axtarışı və istismarı hüququnu nəzərdə tutur.
Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis bildirib ki, imzalanma mərasimində baş nazir Kiryakos Miçotakis də iştirak edib. Onun sözlərinə görə, “İkinci Parsel” adlanan ərazidə ilk kəşfiyyat qazması iyun ayında başlayacaq. Bu qazma son 40 ildə Yunanıstanda həyata keçiriləcək iki böyük təbii qaz axtarışından biri hesab olunur.
Türkiyə ilə də razılaşma var
“Chevron” fevralın 5-də “Türkiye Petrolleri” ilə də anlaşma memorandumu imzalayıb. İstanbulda keçirilən mərasimdə bildirilib ki, bu sənəd həm Türkiyədə, həm də beynəlxalq miqyasda ortaq layihələrin həyata keçirilməsini nəzərdə tutur. Şirkətin beynəlxalq adı olan TPAO-nun gələcəkdə gündəlik 1 milyon barel hasilat gücünə malik qlobal kompaniyaya çevrilməsi hədəflənir.
Aralıq dənizində genişlənən şəbəkə
“Chevron” yalnız Yunanıstan və Türkiyə ilə deyil, bir sıra digər ölkələrlə də əməkdaşlıq edir. Şirkət Suriya hökuməti ilə bu ayın əvvəlində Şərqi Aralıq dənizində neft və qaz axtarışı üçün, həmçinin Qətər mərkəzli “Power International Holding” ilə birgə memorandum imzalayıb.
Şirkətin bölgədə əməkdaşlıq etdiyi ölkələrdən ikisi də Misir və İsraildir. 2025-ci ilin avqustunda “Chevron” İsrailin “Leviathan” sahəsindən çıxarılan qazın Misirə nəqlini artırmaq məqsədilə “Nitzana” boru layihəsi üzrə danışıqlar aparıb. İsrailin dövlət ötürmə şirkəti INGL ilə əldə olunan razılaşma kəmərin gündəlik ötürmə gücünün 600 milyon kub futa çatdırılmasını nəzərdə tutur. Bu isə İsrailin Misirə qaz ixracını daha da artırmağa xidmət edir.
Bundan başqa, Cənubi Kipr də “Chevron” ilə razılaşma imzalayan tərəflərdəndir. 2025-ci ilin fevralında yayılan xəbərlərə görə, Rum tərəfi ŞKTR-nin TPAO-ya lisenziya verdiyi 12-ci parsel daxilində yerləşən “Afrodit” qaz sahəsinin istismarı üçün “Chevron” ilə müqavilə bağlayıb. Layihə çərçivəsində üzən istehsal platformasının qurulması və qazın Misirə ixracı üçün dənizaltı boru kəmərinin çəkilməsi planlaşdırılır.
Venesuela faktoru
“Chevron”un fəaliyyət göstərdiyi ölkələrdən biri də Venesueladır. Şirkət uzun illərdir bu ölkədə dövlət neft şirkəti PDVSA ilə ortaq layihələr həyata keçirən yeganə böyük ABŞ şirkəti olub və ölkənin neft hasilatında mühüm paya sahibdir.
Beləliklə, “Chevron” Aralıq dənizi və ətraf regionda, demək olar ki, hər əsas enerji layihəsində yer alır. Şirkətin adı həm Yunanıstan, həm Türkiyə, həm də digər ölkələrlə bağlanan müqavilələrdə ön plana çıxır. Enerji uğrunda rəqabətin artdığı bir dövrdə Aralıq dənizi, sözün əsl mənasında, “qapış-qapış” vəziyyətinə gəlib.
Azərbaycanla təmaslar da gündəmdədir
Aralıq dənizində ard-arda sazişlər imzalayan “Chevron“ rəhbərliyi Azərbaycan istiqamətində də ən yüksək səviyyədə təmaslar qurub. Şirkətin yüksək vəzifəli nümayəndələri son bir neçə ayda iki dəfə Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Bu görüşlərdə Xəzər hövzəsində mövcud layihələr, yeni yataqların işlənməsi və uzunmüddətli enerji əməkdaşlığı məsələləri müzakirə olunub.
Eyni zamanda, 2019-cu ildə Bakıda keçirilən enerji həftəsi çərçivəsində “Chevron” rəhbərliyi dövlət başçısı ilə görüşərək şirkətin Azərbaycan bazarına marağını ifadə etmişdi. Görüşdə Xəzərdə kəşfiyyat imkanları və regional ixrac perspektivləri gündəmə gəlmişdi.
2022-ci ildə də “Chevron” nümayəndə heyəti Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul olunmuşdu. Həmin görüşdə enerji təhlükəsizliyi, Xəzər hövzəsində yeni investisiya imkanları və texnoloji əməkdaşlıq məsələləri müzakirə edilmişdi. Şirkət Azərbaycanın sabit investisiya mühiti və enerji sahəsində uzunmüddətli strategiyasını yüksək qiymətləndirdiyini bildirmişdi.
“Chevron“ ilə Azərbaycan arasında təmaslar 2025 və 2026-cı illərdə də davam edib. 2025-ci ildə Bakıda keçirilən enerji tədbirləri çərçivəsində “Chevron”un yüksək səviyyəli nümayəndə heyəti Prezident İlham Əliyev tərəfindən qəbul olunub. Görüş zamanı Xəzər hövzəsində mümkün kəşfiyyat layihələri, dərin qazma texnologiyalarının tətbiqi və uzunmüddətli investisiya perspektivləri müzakirə edilib. Şirkət tərəfi Azərbaycanın regional enerji mərkəzi kimi rolunu və sabit investisiya mühitini xüsusi vurğulayıb.
2026-cı ildə isə Davos çərçivəsində keçirilən Ümumdünya İqtisadi Forumu zamanı və həmçinin Bakıda baş tutan ikitərəfli təmaslarda “Chevron” rəhbərliyi ilə Azərbaycan tərəfi arasında əlavə müzakirələr aparılıb. Bu görüşlərdə Xəzər dənizində yeni blokların işlənməsi, qaz ixrac imkanlarının genişləndirilməsi və texnoloji əməkdaşlıq məsələləri gündəmdə olub.
Bu təmaslar göstərir ki, “Chevron”un Xəzərə marağı yalnız texniki səviyyədə deyil, siyasi və strateji müstəvidə də davam edir. Aralıq dənizində genişlənən aktivlik fonunda şirkətin Azərbaycanla ən yüksək səviyyədə keçirdiyi görüşlər Xəzər istiqamətinin də prioritet olaraq qaldığını ortaya qoyur.
yenicağ

