Ukrayna XİN-dən Orban və Fikoya sərt mesaj: “Ultimatumları Kremlə göndərin”

23-02-2026, 09:44           
Ukrayna XİN-dən Orban və Fikoya sərt mesaj:
Ukraynanın Xarici İşlər Nazirliyi Macarıstan və Slovakiya hökumət rəhbərlərinin “Drujba” neft kəmərinin istismarı ilə bağlı ultimatum və təhdidlərini rədd etdiyini açıqlayıb.

Bizimesr.az bildirir ki, nazirliyin bəyanatında qeyd olunur ki, Budapeşt və Bratislavanın Ukraynaya elektrik enerjisi təchizatını dayandırmaqla hədələməsi təxribat xarakterlidir və regionun enerji təhlükəsizliyini risk altına qoyur.

Rəsmi Kiyev vurğulayıb ki, Ukrayna hər gün Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələrin nəticələri barədə Avropa Komissiyası ilə daimi əlaqədədir. Eyni zamanda, “Drujba” kəmərinin infrastrukturuna hücumların nəticələri barədə də Macarıstan və Slovakiya tərəfinə məlumat verildiyi qeyd olunub.

Bəyanatda deyilir ki, yeni raket hücumları təhlükəsi fonunda təhlükəsizlik və sabitləşdirmə işləri davam etdirilir. Ukrayna həmçinin bu ölkələrə Rusiya mənşəli olmayan neftin tədarükü üçün alternativ marşrutlar təklif etdiyini açıqlayıb.

Nazirlik bəyan edib ki, Ukrayna Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı və tranzit ölkə olaraq qalır. Bununla yanaşı, Ukrayna ilə Aİ arasında Assosiasiya Sazişində nəzərdə tutulan “Erkən Xəbərdarlıq Mexanizmi”nin işə salınması imkanları nəzərdən keçirilir.

“Macarıstan və Slovakiya hökumətlərini konstruktiv mövqe tutmağa və məsuliyyətli davranmağa çağırırıq. Ultimatumlar Kremlə göndərilməlidir, Kiyevə yox”, – deyə Ukrayna XİN-in açıqlamasında bildirilir.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban “Drujba” neft kəməri ilə tranzit bərpa olunmazsa, Ukraynaya elektrik enerjisi təchizatını dayandıracağı ilə hədələyib. Slovakiyanın Baş naziri Robert Fiko isə Rusiya neftinin Slovakiyaya tranziti bərpa edilməzsə, Ukraynaya elektrik enerjisi ixracının dayandırılması təşəbbüsü ilə çıxış edəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru