“Stadionun ərazisini Mübariz Mənsimovun qardaşından almışam” – Qiymət açıqlandı
10-12-2025, 00:14

Masallıda yerləşən Anatoli Banişevski adına stadionun ərazisi yerli iş adamı Səxavəddin Sadıxov tərəfindən satın alınıb. Məsələ ilə bağlı o, Teleqraf.com-a açıqlama verib.
Səxavəddin Sadıxov bildirib ki, stadion dövlət əmlakı olduğuna görə rəsmi şəkildə satıla bilməz, həmin sahəni isə o, torpaq kimi alıb:
“Stadion dövlət əmlakı sayıldığı üçün satışı mümkün deyil. Mən oradakı torpaq sahəsini almışam. Həmin vaxtdan da ərazini idmançıların sərəncamına vermişəm. Bu günə qədər imkanım daxilində onlara dəstək olmuşam. Maddi olaraq da uşaqlara kömək göstərirəm. İmkanlarım o qədər geniş deyil ki, dərhal yeni stadion tikim, amma inanıram ki, hər şey zamanla öz həllini tapacaq”.
İş adamı stadion ərazisinin alınmasına nə qədər məbləğ ödədiyini də açıqlayıb:
“3 hektar 72 sot sahə üçün 400 min manatdan bir az artıq pul ödəmişəm. Torpağı isə Mübariz Mənsimovun qardaşı Mais Mənsimovdan almışam. Ərazi onların mülkiyyətində idi. Torpağın alınmasında dostum da mənə kömək etdi, daha sonra onun pulunu tədricən qaytardım”.
Qeyd edək ki, əslən Masallıdan olan Səxavəddin Sadıxov uzun illər xüsusi xidmət orqanlarında çalışıb. O, istefada olan polkovnik, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Mühafizə Xidmətinin sabiq rəisi, həmçinin Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

