Daşınmaz əmlak bazarında kritik vəziyyət:

15-01-2026, 12:56           
Daşınmaz əmlak bazarında kritik vəziyyət:
2026-cı ildən kirayə mənzillərlə bağlı cərimələr artırılır. Evini kirayə verən şəxs vergi orqanında qeydiyyata düşmək üçün ərizə verməzsə, əvvəlki 40 manat əvəzinə 200 manat cərimə ediləcək. Bu yenilik kirayə bazarında müzakirələrə səbəb olub. Bəzi vətəndaşlar bildirir ki, ev sahibləri cərimə riskini əsas gətirərək kirayə haqlarını artırmağa çalışırlar.

Yeni qaydalar kirayə mənzil bazarında qiymətlərin formalaşmasına təsir edəcəkmi?

TEREF xəbər verir ki , Globalinfo.az-a danışan əmlak üzrə ekspert Anar Nəsirov xatırladıb ki, dəyişikliyə əsasən kirayə haqqının real məbləğdən aşağı göstərilməsi halı aşkar olunarsa, cərimə daha sərt olacaq:

“Məsələn, mənzil faktiki olaraq 1000 manata kirayə verildiyi halda sənədlərdə 300 manat göstərilərsə və bu fərq təsdiqlənərsə, həmin məbləğin 50 faizi həcmində, yəni 1000 manata 500 manat cərimə tətbiq ediləcək. Bu dəyişikliklərdən sonra kirayə bazarında qiymət artımının müşahidə olunacağı istisna edilmir. Onsuz da kirayə bazarı kifayət qədər həssasdır və qiymətlər uzun müddətdir artan tendensiya nümayiş etdirir. Bunun əsas səbəbi tələb və təklif arasındakı balanssızlıqdır. Kirayə mənzillərə tələbin yüksək, təklifin isə məhdud olması qiymətlərin yüksəlməsinə səbəb olur və bu proses hazırda da davam edir”.

Ekspert bildirib ki, bəzi ev sahibləri qiymət artımını məhz vergi dəyişiklikləri və mümkün cərimələrlə əsaslandırmağa çalışırlar:

“Digərləri isə bu vəziyyətdən fürsət kimi istifadə edərək kirayə haqlarını artırırlar. Hətta ehtimal olunur ki, kirayə verənlərin əhəmiyyətli hissəsi yenə də vergi qeydiyyatından keçməyəcək, lakin dəyişiklikləri qiymət artımı üçün bəhanə kimi təqdim edəcək. Kirayə gəlirlərinə tətbiq edilən vergi əvvəllər də mövcud olub. Yəni söhbət tamamilə yeni vergidən deyil, mövcud mexanizmin diferensiasiyasından gedir. Nəticə etibarilə, 2026-cı il yanvarın 1-dən qüvvəyə minən bu qərardan sonra kirayə mənzil bazarında müəyyən qiymət artımı gözlənilir. Artımın dəqiq miqyasını indidən demək mümkün olmasa da, kirayə haqlarında yüksəlmə tendensiyasının davam edəcəyi ehtimal olunur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]