165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

15-01-2026, 16:16           
165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Sahil-S İnşaat” MTK-nın sakinləri üzləşdikləri problemlə bağlı ölkə rəhbərinə müraciət edib.

Müraciətdə deyilir:

“Möhtərəm Prezident, “Sahil- S İnşaat” MTK-dan mənzil alan 165 ailə olaraq illərdir üzləşdiyimiz problemlərin həlli və hüquqlarımızın bərpası uğrunda hüquqi mübarizə aparırıq. Şirkət rəhbərliyinin qanunsuz və dələduz hərəkətləri ucbatından indiyə qədər 165 ailənin mülkiyyət hüquqları pozulub. Belə ki, MTK rəhbəri Taley Alaverdiyev və şəriki Pənah Kərimovun bir mənzili bir neçə vətəndaşa satmasının ifşa olunması, onların istintaqa cəlb edilməsi həm də binada xeyli problemlərin yarımçıq qalmasına səbəb olmuşdu. Hazırda onlar həbsdədir və neçə ildir ki, bu şəxslərə hökm də oxunmur. Bu səbəbdən, binanın sənədləri prokurorluqda saxlanılır və biz mənzillərə hələ də Çıxarış ala bilmirik.

Cənab Prezident, MTK rəhbərliyində olan şəxslərin həbsindən sonra biz sakinlər banklardan kredit və borc götürərək bu binanın yarımçıq qalan işlərinin başa çatdırılması istiqamətində xeyli iş görmüşük. Yəni tikintinin tamamlanması, liftlərin quraşdırılması və digər infrastrukturun reallaşdırılması kredit götürdüyümüz vəsaitlər hesabına mümkün olub. Lakin binada tikintinin yekunlaşdırılması ilə sakinlərin problemləri tam həllini tapmayıb. Təbii ki, mənzillərin su, işıq və qazla təmin olunması ən vacib həllini gözləyən məsələlərdən idi. Ona görə də kommunal infrastrukturun bu gün fasiləsiz təmin olunmasında Birinci Vitse-Prezident Mehriban Əliyeva, Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsi, hörmətli deputat Zahid Oruc bizə böyük köməklik göstərib. Artıq binada qaz, su və işıq, var. Ancaq binanın istismara götürülməsi, müvafiq rəyin verilməsi, bunun müqabilində mənzillərə Çıxarış əldə olunması üçün Sizin dəstəyinizə ehtiyacımız var. Yəni artıq bütün kommunal təchizat təmin olunduğuna görə Çıxarış alınmasında hər hansı əngəl olmamalıdır. Hazırda ən böyük problemimiz də məhz mənzillərin Çıxarışının olmamasıdır. Bu səbəbdən ciddi hüquqi əngəllərlə üzləşmişik. Çünki götürdüyümüz kreditləri qaytarmaq üçün mənzilləri satmaq istəyirik. Ancaq mənzillərin Çıxarışı olmadığına görə notariuslar alqı-satqını həyata keçirmir. Bu da borclarımızı qaytarmaq üçün mənzillərimizi satmaqda ciddi hüquqi maneə yaradıb.

Ümumiyyətlə isə təkcə mənzillərin satışı deyil, hər bir sakin mülkünün Çıxarışlı olmasını arzulayır. Bu həm də müxtəlif idarələrdə zəruri sənədləşmə, mənzillərin qeydiyyatına düşmək, övladlarımızın yaxınlıqdakı təhsil ocaqlarına yazdırılması və digər çətinliklərin aşırılmasında mühüm məsələdir.

Cənab Prezident, biz inanırıq ki, başda Mehriban xanımın dəstəyi olmaqla, digər strukturların da nəzarəti, köməyi sayəsində həmin problemlər necə həllini tapıbsa, Siz də yeni ilin ilk günlərində bizi sevindirəcək bir tapşırıq verəcəksiniz. İnanırıq ki, illərdir başı bəlalar çəkən bu sakinlərin bir-bir həll olunan töhfəniz olacaq. Artıq binanı istismara götürmək, lazımı tədbirlər görmək üçün hər hansı problem qalmayıb. Bizi aldadan şəxslərə hökm oxunmasını gözləyirik ki, o dələduzların MTK rəhbərliyindən də uzaqlaşdıraq və kollektiv idarəçilik yaradaq. Ancaq məhkəmənin qərarına qədər ümid edirik ki, binanı istismara götürmək, mənzillərə Çıxarışa görə lazımi rəyi vermək Fövqəladə Hallar Nazirliyi üçün çətin olmayacaq. Biz sənədləri təqdim etməyə hazırıq.

Cənab Prezident, inanırıq ki, Şəhərsalma və Memarlıq ilində müracətimizə cavab olaraq hamımızı sevindirən reaksiyanız olacaq və Fövqəladə Hallar Nazirliyinə bizə kömək üçün tapşırıq verəcəksiniz. Ümidimiz Sizədir…”

cumhuriyyet.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]