Təhlükəsizlik və proqnozlaşdırıla bilənlik həddindən artıq tənzimləmə və yersiz mükəmməllikdən üstündür.
26-01-2026, 00:02

Əfvinizə sığınaraq, təvazökarlıqdan kənar yazı
Son illər dəfələrlə publik çıxışlarımda vurğulayırdım ki, aşırı tənzimləmə, bürokratiya, lazımsız yaradılan nəzarətedici dövlət-hökumət qurumları Azərbaycan iqtisadiyyatını boğur və bütün bu yanaşma AB ölkələrindən və Avropa Birliyindən götürülüb.
Keçən il yazı yazmışdım, sitat: “Əvvəl SSRİ və sovet “cəbhəsinə” daxil olan ölkərə tam məhv edən, indi isə Avropa Birliyi ölkələrinin iqtisadiyyatlarının çürüməsinə, ÜDM artımında geridə qalmasına səbəb olan “over-regulation”, yəni, aşırı tənzimləmə, dövlətin iqtisadiyyata hədsiz müdaxiləsi və “tənzimləmə” adı altında biznesin izafi xərclərini artırmaq siyasəti artıq bir neçə ildir ki, Azərbaycan hökumətinin əsas siyasətinə çevrilib. AB ölkələrində pis nə varsa, hamısını götürüb tədbiq edirlər. Nə SSRİ-dən, nə də Avropa Birliyinin düşdüyü durumdan dərs çıxartmaq istəmirlər”.
İndi Avropa liderlərinin bəziləri eyni şeyləri deyirlər, Davosda Almaniya kansleri çıxış edib, əsas tezisləri: “Almaniya və Avropa son illərdə islahatlardakı gecikmələr və biznes azadlıqlarına qoyulan lüzumsuz və həddindən artıq məhdudiyyətlər səbəbindən inanılmaz artım potensialını israf edib. İndi bunu dəyişdirəcəyik. Təhlükəsizlik və proqnozlaşdırıla bilənlik həddindən artıq tənzimləmə və yersiz mükəmməllikdən üstündür. Biz Avropada bürokratiyanı əhəmiyyətli dərəcədə azaltmalıyıq. Bir vaxtlar vahid bazar dünyanın ən rəqabətli iqtisadiyyatını yaratmaq üçün nəzərdə tutulmuşdu, lakin bunun əvəzinə biz həddindən artıq tənzimləmə üzrə dünya çempionu olduq və buna son qoyulmalıdır”.
Təvazökarlıqdan uzaq olur, üzr istəyirəm, bizim illər əvvəl yazdığımızı, indi Friedrich Merz etiraf edir.
Hörmətli hökumət, baxın, AB bu səhv yoldan imtina edir, yolun dalana dirəndiyini almanlar da görür, siz nə zaman getdiyiniz yolun yanlış olduğunu etiraf edib, ziyanın yarısından qayıdacaqsınız?!
Natig Cəfərli
TEREF

