Bizi insan edən ədalət duyğumuzdu. Hansı tərəfdə olursan ol...

28-01-2026, 07:34           
Bizi insan edən ədalət duyğumuzdu. Hansı tərəfdə olursan ol...
Bir televiziyaçı müsahibəsində dedi ki, istəyirəm, azərbaycanlılar uşaq pulu üçün uşaq dünyaya gətirməsinlər, sevgidən gətirsinlər. Ad çəkməyəcəm — həm etik olmaz, həm də ad çəkəndə insanlar pis söz yazır, mənim hədəfim bu deyil.
Amma bir sual var : statistikanı haradan götürüb? Azərbaycanlı nə vaxt uşaq pulu üçün övlad sahibi olub? Dövlət bizə nə zaman uşaq böyütməyə kömək edib?
Əziz dostlar, sizdən soruşuram: kim uşaq puluna görə övlad sahibi olub? Bura yazın, lütfən.
Dövlət ailələrə dəstək ola bilmir — bu ayrı məsələdir. Amma bunu poetikləşdirib bizə yeritmək lazım deyil.
Gedək qədimlərə, Aristotelə...Dövlət yalnız qadağalar qoyan tərəf deyil, insanlara yaxşı yaşamaq üçün şərait yaradan siyasi təşkilatdır.
Bir məlumat oxudum:
2025-ci ilin ilk 10 ayında Azərbaycanda müstəqillikdən (1991) bu yana ən aşağı doğum göstəricisi qeydə alınıb: 80 802 uşaq.
2024: 102 310
2023: 112 620
2022: 122 846
Mən həmişə uşaqla bağlı məsuliyyətin önəmini vurğulamışam. Hətta lazımdırsa, bəzi adamlara uşaq dünyaya gətirmək qadağan edilsin — bunu demişəm. Sərtdir, bəli.
İndi mövzu başqadı. Psixoloji-mənəvi deyil. Birbaşa maddidi.
Doğumun aşağı olmasının səbəbi acımasızdır: insanlar artıq daşıya bilmirlər, sabaha ümidləri yoxdur. İş yoxdur, maaşlar azdır.
Xalq TikTokun ümidinə qalıb. Hamı bloger ola bilməz!
Sağlam cəmiyyətdə belə olur: İnsanlar ya öz işini qurur, ya qurulan işlərdə çalışır. İş quranlar üçün ciddi şərait yaradılır — investisiya, sənaye bankları və s.
Elə bil Sovet dövrüdür, hər şey bir mərkəzdə cəmləşib. İstisna halda, kimsə zülm-zillətlə öz işini qurur, amma bu da böyük mərkəzlər deyil. Bununla ölkə yürüməz.
Böyük şirkətlər uzağı tikinti şirkətləridir. Onlar da az qala gəlib evimizin içində bina tikir, nəfəs almağa yer qalmayıb. Ölkəni karikaturaya döndəriblər.
Üstəlik, orada kim işləyəcək? Hamı bənna olsun? Sement vurmağı öyrənsin? Nə etsin?!
Hər fürsətdə hakimiyyətə yarınmaq cəhdi bütün beynini qapsayanda insan “real”lıq hissini itirir, gözünü, özünü itirir...
Bizi insan edən ədalət duyğumuzdu. Hansı tərəfdə olursan ol...
Aysel Alizada
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]