İşıq pulunda 50 faiz güzəşt oluna bilər, amma… - AKTUAL

29-01-2026, 09:42           
İşıq pulunda 50 faiz güzəşt oluna bilər, amma… - AKTUAL
Qaz olmayan yaşayış məntəqələri və binalar üçün elektrik enerjisi limitlərində güzəştlərin tətbiqi təklif olunur. İqtisadçı Natiq Cəfərli konkret.az-a açıqlamasında bildirib ki, əvvəl qaz olmayan binalarda elektrik enerjisi vətəndaşlara 50 faiz güzəştlə satılırdı.

Sitat: “Belə bir mexanizmin yenidən tətbiqi mümkündür və məntiqli yanaşmadır. Əgər binalarda qaz təminatı təhlükəsizlik səbəbilə məhdudlaşdırılacaqsa, orda yaşayan vətəndaşların elektrik xərcləri məntiqi həddi aşmamalıdır. Bu zaman dövlət tərəfindən güzəştli tariflərin tətbiqi labüddür”.

Bu istiqamətdə güzəşt mexanizmlərinin tətbiqi mümkündür?

Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, hökumət istənilən qərarı qəbul edə bilər:

“Lakin əsas sual bunun nə dərəcədə düzgün və real olmasıdır. Bu cür yanaşmanı nə doğru, nə də real hesab edirəm. Çünki qaz təhlükəli hesab olunduğu üçün həmin yaşayış məntəqələrində alternativ olaraq elektrikdən istifadə edilir. Təhlükəsiz mühitdə yaşamağın da bir dəyəri var və bu ödənilməlidir. Əgər bir şəxs qazdan istifadə etdiyi üçün riskli şəraitdə yaşayırsa, digəri isə daha təhlükəsiz mühit seçirsə, bu seçimə uyğun olaraq əlavə xərc ödəməsi məntiqlidir. Yəni həm təhlükəsiz mühitdə yaşamaq, həm də güzəştli tariflərlə mükafatlandırılmaq ədalətli deyil. Ümumiyyətlə, belə güzəştlər daha çox populist xarakter daşıyır. Tutaq ki, güzəşt tətbiq olundu, bu zaman digər istehlakçıların kommunal xərclərinin artırılması qaçılmazdır. Güzəşt o deməkdir ki, müəyyən qrup daha az ödəniş edəcək, lakin yaranan xərci kimsə qarşılamalıdır. Məsələn, əgər bu güzəştin dəyəri 100 manatdırsa, həmin məbləğ digər vətəndaşların ödənişlərinə əlavə olunacaq. Bu isə nə yaxşıdır, nə də ədalətlidir”.

İqtisadçı bildirib ki, güzəştlə bağlı bu cür təkliflər qulağa xoş gəlsə də, mahiyyət etibarilə absurddur:

“Hamı hər şeyin ucuz və ya pulsuz olmasını istəyə bilər, amma onun maliyyə yükünü kimin daşıyacağı sualı açıq qalır. Məhz buna görə də bu cür güzəşt ideyalarını daha çox siyasətçilər səsləndirir, iqtisadi məntiqə isə uyğun gəlmir. İqtisadçı yanaşması isə fərqlidir. Dövlət qurumlarının daha səmərəli idarə olunması, şəffaflığın artırılması, xərclərin azaldılması və qiymətlərin real əsaslarla formalaşdırılması lazımdır. Çünki istənilən güzəştin yükünü sonda kimsə ödəməlidir. Məsələn, bir manata alınan məhsulu 80 qəpiyə əldə etmək istəyiriksə, qalan 20 qəpiyi mütləq başqa biri ödəməlidir. Dünyada əvəzi ödənilməyən heç nə yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]