Məsələləri praktiki yox, nəzəri yox ancaq fəlsəfi yanaşaraq həll edə birik.

30-01-2026, 12:34           
Məsələləri praktiki yox, nəzəri yox  ancaq fəlsəfi yanaşaraq həll edə birik.
Dünya dəyişir. Dünya dəyişdikcə iqtisadi modellər də dəyişir. Neft və xammal əsaslı iqtisadiyyatların ömrü məhduddur. Bu reallıq qarşısında Azərbaycanın uzunmüddətli iqtisadi, sosial və milli təhlükəsizlik baxımından ən əsas dayağı insan kapitalıdır. İnsan kapitalının formalaşdığı əsas sahə isə təhsildir.
Bu səbəbdən ölkənin gələcək inkişafına strateji baxışda bütün yük istər-istəməz təhsilin üzərinə düşür. Ancaq təhsilin bu yükü daşıya bilməsi üçün kosmetik yox, əsaslı inzibati və struktur dəyişikliklər zəruridir.
Hazırkı sistemin ən ciddi problemlərindən biri budur ki, Azərbaycanda təhsil imtahan sisteminə xidmət edir, halbuki inkişaf etmiş ölkələrin təcrübəsində imtahan sistemi təhsilə xidmət edir. Bu fərq texniki deyil, fəlsəfi fərqdir və nəticələri birbaşa cəmiyyətin keyfiyyətinə təsir edir.
İmtahanın əsas məqsədi təhsili idarə etmək yox, təhsildə yaranan real bacarıqları ölçmək olmalıdır. Mövcud mərkəzləşdirilmiş və yüksək riskli imtahan modeli məktəbi, müəllimi və şagirdi prosesdən kənarlaşdırır, təhsili test texnikasına endirir və düşünmə, analiz, tətbiq bacarıqlarını kölgədə qoyur.
Bu kontekstdə atılmalı əsas addımlardan biri qiymətləndirmə məsuliyyətinin genişləndirilməsi və bölüşdürülməsidir.
Dünya təcrübəsində məktəb və müəllim qiymətləndirmənin əsas subyektidir, imtahan mərkəzləri nəzarətçi və ölçü standartı rolunu oynayır, universitetlər tələbə seçimi prosesində daha çox səlahiyyət daşıyır, qəbul tək bir imtahana yox, davamlı təhsil prosesinə əsaslanır.
Azərbaycan üçün də məqsəd DİM-in rolunu ləğv etmək yox, onu klassik imtahan hakimindən müasir qiymətləndirmə instituna çevirmək olmalıdır.
DİM standartları müəyyən edən, ölçmə metodologiyalarını hazırlayan, məktəb əsaslı qiymətləndirməni audit edən, çoxölçülü və mərhələli qiymətləndirmə sistemini koordinasiya edən quruma çevrilməlidir.
Yalnız bu halda məktəb real təhsil ocağına, müəllim bilik ötürən yox, düşüncə formalaşdıran şəxsə, şagird isə test həll edən yox, problemi anlayan və həll edən fərdə çevrilə bilər.
Nəticə etibarilə neftdən sonrakı dövrün iqtisadiyyatı testlə yox, hazır cavabla yox, əzbərlə yox, düşünən, məsuliyyət daşıyan və yaradıcı insanla qurulur.
Bu insanı isə yalnız imtahana xidmət edən yox, imtahanı təhsilə xidmət etdirən sistem yetişdirə bilər.
Tural Abasquliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]