Xaricdən sifariş verilən məhsullar niyə gecikir?-Video
31-01-2026, 12:38

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə gecikmələr müşahidə olunur.
Bu barədə vətəndaşlar “Xəzər Xəbər”in vatsap qaynar xəttinə şikayət ediblər.
Xezerxeber.az-ın məlumatına görə, onlar bildirirlər ki, əvvəl təxminən 1 həftə ərzində əldə edilən sifarişlər hazırda 20 gündən çoxdur ki, gömrükdə saxlanılır. Vətəndaşlar iddia edirlər ki, məhsullar gömrükdə yoxlanış üçün təhvil alınsa da, yoxlamalar həyata keçirilmir və əsassız yerə bağlamalar orada saxlanılır.
Vətəndaşlar onu da bildirirlər ki, bəyan üçün istifadə olunan proqramda məhsulun gömrüyü tərk etdiyi qeyd olunsa da, onlayn alış-veriş platformasında bağlamanın hələ də gömrükdə olduğu bildirilir.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən “Xəzər Xəbər”ə bildirildi ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir. Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur. Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

