İmişlidə yolsuzluq problemi bitmir - VİDEO
Bu gün, 00:10

İmişli rayonunun Hüseyn Cavid küçəsində yaşayan sakinlər uzun illərdir yolsuzluq problemindən əziyyət çəkirlər. Küçədə yolun yararsız vəziyyətdə olması burada yaşayan 1200-dən çox sakinin gündəlik həyatını çətinləşdirib.
Bizimesr.az xəbər verir ki, sakinlərin sözlərinə görə, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, indiyədək konkret nəticə əldə olunmayıb.
Küçədə asfalt örtüyünün dağılması nəticəsində yaranan dərin çala-çuxurlar hərəkəti demək olar ki, mümkünsüz edir. Xüsusilə yağışlı havalarda yol palçığa çevrilir, quraq günlərdə isə ətrafı toz-duman bürüyür. Sakinlər deyirlər ki, bu vəziyyət illərdir davam edir.
Məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhərin bir sıra küçələri və kənd yolları ilə yanaşı, İmişli rayonunun Hüseyn Cavid küçəsində də əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.
Maraqlıdır ki, bu günədək yol, su, işıq və sairə sosial problemlərlə bağlı rayon icra hakimiyyətləri açıqlamalarında düzələcək, planlaşdırılır deməklə vəziyyətsən çıxırlar. Bu sözə artıq insanlar inanmır, çünki, düzəlmir.
İmişli rayonunun icra başçısı Elçin Rzayevdir. O, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edib. Ondan əvvəl Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyib.
E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində də çalışıb.

