Bank bağlansa, kartınızdakı pul necə olacaq?
4-02-2026, 16:24

Əmanətçi üçün ən böyük qorxulardan biri də budur: “Birdən bank bağlandı, bəs kartımdakı pul necə olacaq?” Xüsusilə maaş, pensiya və ya gündəlik xərclər üçün istifadə olunan bank kartlarında saxlanılan vəsait insanları daha çox narahat edir. Bank bağlanan zaman dövlətin bu pula hansı hallarda zəmanət verdiyi, kartdakı vəsaitin “əmanət” sayılıb-sayılmadığı və geri qaytarılma mexanizmi isə çoxları üçün hələ də qarışıq qalır.
Bəs birdən bank bağlandı, kartdakı pul nə olacaq?
Bank eksperti Əkrəm Həsənov Valyuta.az-a bildirir ki, qanunvericiliyə əsasən, 100 min manatadək əmanətlər sığortalansa da, kart hesablarında olan vəsaitlər bu təminata daxil edilmir:
“Halbuki, Əmanətlərin Sığortalanması Fondu əmanətləri sığortalayır və milli valyutada 12 faizədək, xarici valyutada isə 2,5 faizədək gəlirli əmanətlər qorunur. Lakin cari hesabda yerləşən vəsaitlər faizsiz olduğuna görə bu yanaşma məntiqə uyğun hesab edilmir. Qanunun mətnindən belə nəticə çıxır ki, əgər vəsait qeyd olunan faiz həddinədək yerləşdirilibsə, sığorta təminatına daxil olmalıdır. Əgər bank bağlansa, kartınızda olan pulu ala bilməsəniz, məhkəməyə müraciət edə bilərsiniz. Amma ümumi praktika isə ondan ibarətdir ki, 100 min manatdan yuxarı əmanətlər və cari hesabdakı, kartlardakı məbləğlər sığortalanmır”.

