“Paket‑kupça” yalanı - Ev alarkən aldanmayın

4-02-2026, 15:18           
“Paket‑kupça” yalanı - Ev alarkən aldanmayın
Sosial şəbəkələrdə paylaşılan daşınmaz əmlak elanlarında tez-tez "paket‑kupça" ifadəsinə rast gəlinir. Bu termin vasitəçilər tərəfindən evin guya sənədlərinin qaydasında olduğu kimi təqdim edilsə də, hüquqi baxımdan mülkiyyət hüququnu təsdiqləmir.

Daşınmaz əmlak üzrə mütəxəssis Ramil Osmanlı bildirib ki, bir şəxsin ev üçün ödəniş etməsi onun avtomatik olaraq həmin əmlakın sahibi olması anlamına gəlmir.

Onun sözlərinə görə, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yalnız dövlət qeydiyyatından keçmiş çıxarışla təsdiqlənir və bu sənəd xalq arasında "kupça" kimi tanınır.

Ekspert qeyd edib ki, elanlarda "paket‑kupça" adı altında təqdim olunan sənədlər adətən bələdiyyə arayışı, evin eskiz və ya plan sənədi, texniki pasport, kommunal ödəniş qəbzləri, etibarnamə və bəzi hallarda özəl şirkətlərin verdiyi qiymətləndirmə rəylərindən ibarət olur. Lakin bu sənədlərin heç biri, nə tək‑tək, nə də bir yerdə, mülkiyyət hüququ yaratmır:

"Çıxarış olmayan evlərin alqı‑satqısı notariat qaydasında rəsmiləşdirilmir və bu cür əməliyyatlar qanunvericiliyə zidd hesab olunur. Məhz çıxarış vasitəsilə əmlakın girovda olub‑olmaması, daha əvvəl başqa şəxsə satılıb‑satılmaması və ya hər hansı hüquqi məhdudiyyətin mövcudluğu müəyyənləşdirilir".

Mütəxəssislər xəbərdarlıq edirlər ki, "paket‑kupça" ilə ev alan şəxslər sonradan ciddi hüquqi və maddi problemlərlə üzləşə bilərlər. Daşınmaz əmlak alışı böyük maliyyə məsuliyyəti daşıdığından, vətəndaşlara çıxarışsız evlərin alqı‑satqısından çəkinmək tövsiyə olunur./Milli.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]