UNEC-də ənənəvi kafedra sistemi ləğv edilir - islahat, yoxsa struktur dəyişikliyi?

5-02-2026, 00:14           
UNEC-də ənənəvi kafedra sistemi ləğv edilir - islahat, yoxsa struktur dəyişikliyi?
"Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ali təhsilin idarəetmə modelində ciddi dəyişikliklər həyata keçirilir. Universitetdə uzun illər tətbiq olunan ənənəvi kafedra sistemi ləğv edilib və kafedraların departamentləşdirilməsi prosesi başa çatdırılıb".

Bizimesr.az bildirir ki, bu barədə UNEC-in rektoru Ədalət Muradov məlumat verib. Rektor bildirib ki, ali məktəbdə akademik və inzibati idarəetmənin bir-birindən ayrılması istiqamətində yeni idarəetmə sisteminin qurulması davam edir.

Ədalət Muradovun sözlərinə görə, əsas məqsəd akademik qərarlara inzibati dəstək vermək, inzibati qərarları isə akademik məqsədlərə uyğunlaşdırmaqdır: “Bu məqsədlə UNEC-də sovet kafedra sistemi ləğv edilib və kafedraların departamentləşməsi prosesi başa çatıb. Departamentləşmiş kafedraların müdirlərinin, ixtisas rəhbərlərinin potensialının artırılması, həmçinin kafedra və ixtisas şuralarının işinin təkmilləşdirilməsi üçün təlimlərə start verilib”.

Elə isə maraqlıdır, bu dəyişiklik nə deməkdir? Ənənəvi kafedra sistemi sovet dövründən qalma idarəetmə modelidir. Bu modeldə kafedralar əsasən qapalı strukturlar kimi fəaliyyət göstərir, kafedra müdirləri isə geniş səlahiyyətlərə malik olurdu. Tədris, kadr siyasəti və akademik qərarlar çox zaman bir nəfərin iradəsindən asılı qalırdı. Departament modeli isə daha çox Avropa və ABŞ universitetlərində tətbiq olunur. Bu modeldə, kafedralar bir neçə ixtisası birləşdirən departamentlərə daxil edilir, akademik qərarlar kollegial orqan - şuralar vasitəsilə qəbul olunur, inzibati idarəetmə akademik fəaliyyətdən qismən ayrılır.

Əslində bu dəyişiklik düzgün tətbiq olunarsa, bir sıra müsbət nəticələr verə bilər. Məsələn, səxsi təsir mexanizmləri zəifləyər, kafedra müdirlərinin təkbaşına qərar vermə imkanları azalar. Eyni zamanda departamentlər müxtəlif sahələri bir araya gətirərək daha çevik tədris və tədqiqat mühiti yarada bilər.

Amma, bununla yanaşı, ortada suallar var və bu suallar öncə Ədalət Muradov cavab vernəlidir. Rektor bu departamentlərə kimlərin təyin edildiyini açıqlamır. Əgər departament rəhbərləri yenə mərkəzdən və şəffaf olmayan qaydada təyin olunub, o zaman struktur dəyişsə də mahiyyət dəyişməyəcək. Təcrübəli müəllimlərin kənarda qalması halları kimi faktorlar var ki, bu artıq özünü göstərməkdədir.

Bizimesr.az-a daxil olan məlumata görə, bu prosses boyu çoxsayda təcrübəli müəllim qərarlardan narazı qalıb və hətta prossesdən kənarlaşdırılıb. Əsas sual isə açıq qalır - bu islahat ali təhsildə real səlahiyyət bölgüsünə və şəffaflığa gətirib çıxaracaqmı? Və ya Ədalət Muradovun rəhbəri olduğu universitetdə bunu gözləmək olarmı?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru