"Bəzi bizneslər üçün mobil tətbiq yaratmaq yox, yaratmamaq daha ağıllı qərardır”

Dünən, 11:18           
"Bəzi bizneslər üçün mobil tətbiq yaratmaq yox, yaratmamaq daha ağıllı qərardır”
Famil Tağıyev
MaxCreative şirkətinin rəhbəri

Bugünkü rəqəmsal dünyada mobil tətbiq hazırlanması bir çox şirkətin ilk baxışda ən prioritet qərarlarından biri kimi görünür. Rəhbərlər və marketinq komandaları düşünürlər ki, mobil tətbiq şirkətin imicini gücləndirəcək, müştərilər üçün yeni bir satış kanalı açacaq və rəqiblərdən fərqlənməyə imkan verəcək.

Amma sual buradadır: hər kəs mobil tətbiq hazırlatmalıdırmı?

Bəzən işin sonunda şirkətlər anlayır ki, hazırlanan tətbiq nə müştəri tərəfindən istifadə olunur, nə də biznesə real dəyər gətirir. Bu isə həm vaxt, həm də maliyyə itkisinə səbəb olur.

Mobil tətbiq nə zaman vacibdir?

Mobil tətbiq, xüsusən də aşağıdakı hallarda biznes üçün kritik bir alətə çevrilir:

• Gündəlik istifadə zərurəti yaradan xidmətlərdə (məsələn: bankçılıq, çatdırılma, taksi və s.)
• Daimi müştəri loyallığı yaratmaq lazım olduqda (loyallıq proqramları, bonus sistemləri, endirimlər).
• Offline istifadə imkanı tələb edən hallarda (məsələn: təhsil, oyun və ya məhsul kataloqu).
• Push bildirişləri ilə müştəriyə birbaşa çatmaq mümkün olduqda.

Əgər bu tələblərdən heç biri biznesinizə uyğun deyilsə, mobil tətbiq hazırlatmaq çox da səmərəli olmaya bilər.

Hansi bizneslər üçün mobil tətbiq daha çox effektivdir?

Mobil tətbiqlər bəzi sahələrdə sadəcə əlavə vasitə deyil, əsas satış və müştəri idarəetmə kanalı rolunu oynayır. Xüsusilə:

• E-ticarət və marketlər – məhsul kataloqu, sürətli sifariş, çatdırılma izləmə və loyallıq sistemləri ilə müştəri rahatlığını artırır.
• Pərakəndə geyim və aksesuar markaları – istifadəçilərə yeni kolleksiyaları ilk görmək, endirimlərdən xəbərdar olmaq və mobil alış-veriş imkanı yaradır.
• Xidmət sektoru – taksi, çatdırılma və ya rezervasiya əsaslı xidmətlərdə mobil tətbiq müştəri ilə biznesin mərkəzində olur.
• Bank və maliyyə – əməliyyatları 24/7 əlçatan edir, əlavə xidmətlərlə müştəri bağlılığını gücləndirir.
• Sağlamlıq və fitness – fərdi məşq planları, izləmə sistemləri və motivasiya funksiyaları ilə istifadəçilərin gündəlik həyatının bir parçasına çevrilir.

Amma bu siyahı yekun deyil. Məsələn, mebel, qida və ya tam fərqli sahələrdə belə mobil tətbiqlər doğru strategiya ilə mühüm üstünlüklər qazandıra bilər.

Əsas məsələ budur: Mobil tətbiq sizin biznesinizin real ehtiyacına cavab verirmi və müştəriyə dəyər qatan bir kanala çevrilirmi? Bu sualı aydınlaşdırmağın ən effektiv yolu isə peşəkarlarla məsləhətləşməkdir.

Tətbiq prioritet olmayan biznes modelləri

• hüquq xidmətləri
• daşınmaz əmlak alqı-satqısı
• təmir – usta xidmətləri

Mobil tətbiq hər biznes üçün uyğun deyil. Xüsusilə istifadə tezliyi aşağı olan, lokal və məhdud auditoriyaya xidmət edən, daxili rəqəmsal infrastrukturu zəif olan və müştəri ilə davamlı əlaqə modeli olmayan bizneslər üçün tətbiq prioritet deyil. Əsas meyar isə sadədir: Mobil tətbiq biznesin ehtiyacı ilə yox, müştərinin davranışı ilə ölçülməlidir.

Nəticə

Mobil tətbiq hazırlanması qərarı yalnız dəbdə olduğu üçün verilməməlidir. Bunun əvəzinə, biznesinizin real ehtiyaclarını, hədəf auditoriyanızın davranışlarını və uzunmüddətli faydanı nəzərə alaraq qərar vermək lazımdır. Əks halda, sonunda rəhbərin əməkdaşlarına etdiyi bir telefon zəngində dediyi kimi ola bilər: “Mobil app hazırladıq, amma heç kim istifadə etmir...”

Ən doğru yanaşma isə biznes ehtiyacına uyğun rəqəmsal həll seçməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru