Əmək haqqı 3 dəfə artmadığı halda necə olur ki, bu xidmətlərin qiyməti 3 dəfə artırılır? - Azər Həsrət
Bu gün, 16:08

Siyasi şərhçi Azər Həsrət: “Mənzil İstismar Sahəsindən zəng ediblər ki, illik ödənişi 3 dəfə artırmışıq. Bu hansı ağılın məhsuludur? Durduq yerə bunu necə artıra bilirsən? Ötən il də Mənzil İstismar Sahəsinə pulu ödədiyimə baxmayaraq deyirlər ki, keçən ildən borcunuz qalıb. Deyirəm, ilin əvvəlində hamısını ödəmişəm axı. Cavab verirlər ki, sonradan artırmışıq.
Onlayn ödəmək üçün bank hesabı istədikdə isə vermirlər ki, yoxdur, gəlin burada ödəyin, biz sizə qəbz verək. Maliyyə nazirimiz Sahil Babayevə çağırışımdır: bu “JEK”lər hələ də vətəndaşa necə nəğd pul ödətdirə bilir? Hər şeyi rəqəmsal etmişik, amma “JEK”lər deyir ki, siz nağd ödəməlisiniz. Necə bacarırlar? Bunun arxasında kim var?! Axtarsanız, elə bu baş nazirə kimi gedib çıxacaq. Çünki bu cür qeyri-şəffaf yollarla toplanan pullar haradasa kimlərinsə cibinə axır. Ötən ilin avqust ayında istilik xidməti 3 dəfə qiyməti qaldırıb. Əvvəl 12 manat verirdim, indi 36 manat verirəm. Dövlət rəsmilərinə sual verirəm. Azərbaycanda əmək haqlarının 3 dəfə artdığını görən olmayıb. Necə oldu ki, heç kimin əmək haqqısı 3 dəfə yox, 30 faiz artmadığı halda bu xidmətlərin qiyməti 3 dəfə artırılır. Bu adamlar yerində olmayan adamlardır. Vətəndaşın qanını sorur və nəticədə narazılıq yaradırlar”.
Mənbə: Media Türk Tv

