Evsiz qaldığı deyilən məşhur ABŞ-li aktyor Kevin Speysi açıqlama verdi
25-11-2025, 17:54

Məşhur amerikalı aktyor Kevin Speysi evsiz qalması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Oxu.Az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində açıqlama yayıb.
"Evsiz olduğumu iddia edən son məqalələrə görə cavab vermək məcburiyyətindəyəm. Hamımız bilirik ki, həqiqətən küçələrdə, öz avtomobillərində yaşayan və ya ağır maliyyə çətinlikləri ilə üzləşən çoxlu insanlar var və mən onların vəziyyətinə səmimi qəlbdən kədərlənirəm. Lakin məqalənin özündən də göründüyü kimi, mən onlardan biri deyiləm və heç vaxt bunun əksini iddia etməmişəm", - deyə Speysi bildirib.
Aktyor qeyd edib ki, məqalə dərc olunduqdan sonra çoxsaylı pərəstişkarları ona yazaraq vəziyyəti barədə narahatlıq ifadə ediblər.
"Təəssüf ki, "The Telegraph" qəzeti daha çox oxunma əldə etmək üçün qəsdən yanlış təəssürat yaradan başlıq seçməklə öz jurnalistinin işinə zərbə vurub", - deyə Speysi əlavə edib.
Xatırladaq ki, "The Telegraph" daha əvvəl aktyorla müsahibə dərc etmiş və onun cinsi qısnama qalmaqallarından sonra yaşayış yerindən məhrum olduğu barədə iddialar irəli sürmüşdü.
Qeyd edək ki, aktyor və rejissor Kevin Speysi iki dəfə "Oskar" mükafatı laureatı və populyar ABŞ serialı "House of Cards"ın ("Kartlardan ev") ulduzudur. 2017-ci ildə amerikalı aktyor Entoni Repp onu təxminən 30 il əvvəl baş vermiş cinsi qısnamada ittiham etdikdən sonra Speysi ABŞ-də səs-küylü qalmaqalın mərkəzinə düşüb. Daha sonra təxminən 30 nəfər oxşar iddialarla çıxış edib. Qalmaqal nəticəsində Speysi uzun müddət işsiz qalıb.

