“Atamın eysanı” adı ilə məscid önündə minlərlə insana donuz əti yedizdirdi
8-01-2026, 08:24

Türkiyənin Aydın şəhərində baş verən qalmaqallı hadisə ictimaiyyətdə ciddi rezonans doğurub.
Patrul.az xəbər verir ki, məlum olub ki, daha əvvəl dəfələrlə donuz əti ticarəti ilə məşğul olduğu iddia edilən bir qəssab 2015-ci ildə Efeler Bey Camii önündə donuz ətindən hazırlanmış yeməyi “atamın eysanı” adı altında insanlara paylayıb.
Məlumata görə, sözügedən şəxs 2015-ci ildə cümə namazından sonra məscidin qarşısında təxminən 500 kiloqram donuz ətindən hazırlanmış qovurmanı plovla birlikdə payladıb. Bildirilir ki, bu yeməkdən 3 mindən çox insan yeyib. Hadisə uzun müddət gizli qalsa da, sonradan üzə çıxan məlumatlar cəmiyyətdə ciddi narazılıq yaradıb.
İddialara əsasən, qəssab bu addımı dini niyyət adı altında həyata keçirib və yeməyi alan şəxslərə ətin mənşəyi barədə heç bir məlumat verilməyib. Daha da diqqət çəkən məqam isə odur ki, o, sonradan bir din xadiminə müraciət edərək belə bir sual ünvanlayıb:
“Mən bu işi görməklə savab qazandım, yoxsa günah işlədim?”
Məlumata görə, sözügedən qəssab donuz əti ticarəti ilə bağlı aparılan araşdırmalar çərçivəsində daha sonra həbs edilib. Hadisə Türkiyədə dini dəyərlər, qida təhlükəsizliyi və ictimai etimad məsələləri ətrafında geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, xəbər mediada yer alan iddialara əsaslanır və hadisə baş verdiyi dövrdə rəsmi qurumların da diqqətini cəlb edib. Məsələ ilə bağlı hüquqi proseslər çərçivəsində araşdırmaların aparıldığı bildirilir.

